Bu gün Avropa Liqasının finalı oynanılacaq
Bu gün Avropa Liqasının finalı oynanılacaq
İspaniya-Portuqaliya duellosundan kim qalib çıxacaq?

Bu gün Avropa Liqasının final oyunu keçiriləcək. Qitənin ikinci dərəcəli klub turnirinin qalibi İtaliyanın Turin şəhərində müəyyənləşəcək.

1971-ci ildə əvvəlki Yarmarkalar kubokunu əvəz edən turnir 43-cü dəfə qalibini tanıyacaq. 2009-cu ildə UEFA kuboku adını Avropa Liqasına dəyişən yarışın ən güclüsünün adı Pireney derbisində bilinəcək. İki qonşu ölkə - İspaniya və Portuqaliya təmsilçiləri növbəti titul üçün "Yuventus"un eyniadlı stadionuna çıxacaq.
Finala vəsiqəni elə bu stadionda qazanan "Benfika" 53 illik həsrəti bitirməyə çalışacaq. 1961-ci ildə qazanılan Çempionlar kubokundan sonra qitə miqyasında heç nə qazanmayan Portuqaliya təmsilçisi finalların uğursuz kimi tanınır. Lissabon klubu bu müddətdə 7 dəfə həlledici görüşdə uduzub. Son belə yenilgi isə ötən il qeydə alınıb. Həmin vaxt "Benfika"nın Avropa Liqasını qazanmasına "Çelsi" əngəl olmuşdu.
"Sevilya" isə bu turnirdə yaxın keçmişdə qələbə qazanıb. 2005/06 və 2006/07 mövsümlərində UEFA kubokunu başı üzərinə qaldıran İspaniya klubu 6 mövsümlük fasilədən sonra Avropada kubok əldə etməyə iddialıdır.
Qeyd edək ki, "Benfika" və "Sevilya" avrokuboklarda 57 ildən sonra görüşəcək. 1957-ci ilin payızında Çempionlar kubokunda yolları kəsişən komandaların duelində ispaniyalılar qalib gəlmişdi. "Sevilya" öz meydanında 3:1 hesabı ilə qalib gəlib və səfərdə qolsuz bərabərliklə kifayətlənmişdi.
Avropa Liqası, final, 14 may:
23:45. "Sevilya" (İspaniya) - "Benfika" (Portuqaliya)
Baş hakim: Feliks Brix (Almaniya)
Turin. "Yuventus" stadionu
İlkin Həsənoğlu