Bakıdakı stadionda görünməmiş qalmaqal
Bakıdakı stadionda görünməmiş qalmaqal

"İnter"in direktorundan polislərə hörmətsizlik

Ötən tur Topaz Premyer Liqasının XXXIII turunda baş tutan "İnter" - "Sumqayıt" (2:0) oyununda qalmaqal baş verib. Belə ki, meydan sahiblərinin idman direktoru Natiq Məmmədov polis əməkdaşlarına qarşı hörmətsizlik edib. Bu barədə futbolinfo.az məlumat yayıb.

Əslində, həmin vaxt stadionda olan əməkdaşımız qalmaqalın şahidi olub. Sadəcə, hadisənin kimlər arasında baş verdiyini öyrənmək mümkün olmayıb. Yalan informasiya yaymamaq üçün "Şəfa"dakı oyunun fasiləsində nələrin olduğunu aydınlaşdırmaq qərarına gəldik. Və yalnız bu gün bəlli oldu ki, "qəhrəman" meydan sahiblərinin rəsmi şəxslərindən biri imiş.
Komandanın yanına getmək üçün paltardəyişmə otağının dəhlizinə daxil olmaq istəyən Məmmədova asayiş keşikçiləri mane olub. Daha sonra Məmmədovun kimliyi aydınlaşdırıldıqdan sonra o, komandanın yanına buraxılıb. Əvvəl qapını yumruqlayan, təpikləyən direktor daha sonra əsəbini polis əməkdaşlarını söyməklə sakitləşdirib.
Klub rəsmisinin təhqirlərindən sonra hadisə daha da böyüyüb. Polislər oyundan sonra klub prezidenti Georgi Nikolova öz iradlarını bildirib və sonda məsələ həllini tapıb. Daha onun Məmmədov haqda ölçü götürdüyü, yoxsa xəlvətdə başını sığalladığı bəlli deyil.
Məmmədovun bu hərəkəti Premyer Liqanın ən peşəkar klublarından olan "İnter"ə baş ucalığı gətirmədi. Bununla da Azərbaycan futbolu özündənrazı məmuru üzündən olmayan azarkeşi ilə yanaşı polisini də itirdi. Çünki həmin anda təhqir edilən polis əməkdaşının "5 manata görə bizi bura yığanda söyüləcəyik də..." deməsi heç də xoş bir şey deyil.
Komanda fasiləyə kimi "Sumqayıt"a qol vura bilməmişdisə, bu, polislərin günahı deyildi. İkincisi də Məmmədov komandanın yanına getmək istəyirdisə, bunu mədəni şəkildə edə bilərdi: o, özünü təqdim etməli, bunun üçün lazımi sənədi göstərməliydi. Görünür, onun kimliyi yumruq-təpiklə, söyüşlə bəlli olmalıymış.
İlkin Həsənoğlu