Mübariz Mənsimovun klubu "batır"
Mübariz Mənsimovun klubu "batır"

"Xəzər-Lənkəran" yenə böyük hesabla uduzdu və Avroaya getmək şansını itirdi

2014/15 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil etməyə namizəd komandaların siyahısında dəyişiklik olub. "Qarabağ"ın qitə miqyaslı turnirlərdə iştirakı rəsmiləşdiyindən, sahibini gözləyən 3 vəsiqəyə 5 iddiaçı qalıb.

Bunlar paytaxt təmsilçiləri "İnter", "Neftçi", "Bakı", həmçinin "Qəbələ" ilə "Simurq"dur.
Topaz Premyer Liqasının XXXII turu "Xəzər Lənkəran"ın bu siyahıdan kənarda qalması ilə nəticələnib. Bu il yaranmasının 10 illik yubileyini qeyd edəcək cənub təmsilçisi ardıcıl 4 mövsüm qatıldığı Avropa Liqasında mübarizə aparmayacaq.
Buna "İnter"lə səfər matçındakı 0:3 hesablı məğlubiyyət səbəb olub. Sonuncu dəfə 2009/10 mövsümündə Avropada oynamayan "Xəzər Lənkəran" 5 ildən sonra eyni uğursuzluğu yaşayıb.
Kubokdan əli üzülən, turnir cədvəlinin 7-ci pilləsində qərarlaşan Mustafa Dənizlinin yetirmələri avrokuboklara vəsiqə verə biləcək 4-cü yerdən 12 xal geri qalır. Sona 4 tur qalmış "ağ-yaşıllar" nəzəri cəhətdən bu pillədə yer alan "Qəbələ"yə çata, şəxsi oyunların nəticələrinə əsasən onları keçə də bilər. Amma bunun üçün qəbələlilər bütün turlarda uduzmalıdır.
Onların rəqiblərindən biri isə 5-ci olan və 50 xala malik "Bakı"dır. Bu isə o deməkdir ki, Lənkəran klubu "Qəbələ" və "Bakı" cütlüyündən ən azı birindən geridə qalacaq. Yəni, 4-cü yer "Xəzər Lənkəran" üçün rəsmən əlçatmazdır. Hərçənd, "Şəfa"da 1 xal əldə olunacağı halda, cənublular hələ də şansını saxlamış olacaqdı.
Qeyd edək ki, 2009-cu ildən sonra avrokubokların daimi iştirakçısına çevrilən "Xəzər Lənkəran" 2010-cu ildə Moldova "Olimpiya"sı (0:0, 1:1), 2011-ci ildə İsrailin Təl-Əviv "Makkabi"sinə (1:3, 0:0) uduzmuşdu. 2012-ci ildə Estoniya "Nomme Kalyu"su (2:2, 2:0) və Polşa "Lex"i (1:1, 0:1), ötən yay isə Malta "Slima"sı (1:1, 1:0) ilə İsrailin Petax-Tikva "Makkabi"si (0:2, 0:8) ilə görüşmüşdü.

İlkin Həsənoğlu