Ermənistana İlham Əliyev dərsi
Ermənistana İlham Əliyev dərsi

Millətlərarası münasibətlərə zərər toxunduran erməni toplumu seçim qarşısında

Millətlərarası münasibətlərin inkişafında sözsüz ki, yeni mərhələ başlayır və bu mərhələnin bir sıra özəllikləri var. İlk özəllik bundan ibarətdir ki, artıq müəyyən dövlətlər istər hakimiyyətlərini, istərsə də toplu üzərində ki, nəzarətlərini artırmaq üçün tətbiq etdikləri saxta ideologiyalar toplum tərəfindən qəbul olunmur və tamam başqa reallıqlar ortaya çıxır.
Başqa bir tərəfdən bu gün cəmiyyətini qapalı mühitdə saxlamağa çalışan hakimiyyətlərdə millətlərarası münasibətlərin inkişafına görə artıq bunu bacarmır və əks müqavimət göstərəndə daha da avtoritarlaşaraq özləri çıxılmaz duruma düşürlər. Biz bunu hazırda Ermənistanın timsalında açıq şəkildə görürük. Mövcud Ermənistan hakimiyyətinin həyata keçirtdiyi siyasət nəticəsində bu gün Ermənistanda ermənilərdən başqa millət demək olar ki, qalmayıb. Bununla yanaşı Ermənistan ətraf toplumlar üçün sözün həqiqi mənasında təhlükə mənbəyinə çevrilib. Həmçinin Ermənistan hakimiyyəti toplum üzərində ki, nəzarətini artırmaq üçün cəmiyyətdə bir aqressiya yaradıb və belə mənzərə formalaşıb ki, sanki bir erməni ayağını Ermənistandan kənara qoyarsa həyatı ilə vidalaşmalı olacaq. Elə Ermənistan prezidentinin son açıqlaması və gülünc məqamların yaranması da bunun bir nümunəsidir. Belə ki, ölkəsinin vətəndaşalarının Türkiyəyə axışdığından xəbərsiz olan Ermənistan prezidenti Serj Sarkisyan Türkiyəni sərhədi açmamaqda ittiham edib.O, "Şərq Tərəfdaşlığı" sammitindəki çıxışında, Ermənistan-Türkiyə sərhədinin Avropada son bağlı qalan sərhəd olduğunu söyləyib: -"Avropanın son bağlı qalan sərhədi - Ermənistan -Türkiyə sərhədləridir. Ermənistan-Türkiyə münasibətlərinin nizamlanmaması və Avropanın son bağlı sərhədi ümumavropa təhlükəsizliyinin zəif komponentləri sırasında qalmaqda davam edir. Paradoksal olsa da, faktdır ki, Avropa İttifaqına üzvlüyə iddialı olan Türkiyə qonşu ölkənin sərhədlərini bağlayıb, halbuki Avropa birliyində sərhədlər çoxdan tarixə çevrilib".
Əslində isə Serj Sarkisyanın səsləndirdiyi fikirlərlə statistika arasında paradoks var. Son illərdə Türkiyəyə səfər etmiş Ermənistan vətəndaşlarının statistikası və Türkiyənin Ermənistan vətəndaşları üçün vizanın qiymətini qaldırması Sarkisyanın səsləndirdiyi əsassız ittihamların ağ yalan olduğunu göstərir. Ermənistan prezidenti hər zaman olduğu kimi bu dəfə də Türkiyəni dünya ictimaiyyətinin gözündə zalım bir dövlət olaraq, erməniləri isə əzilən xalq kimi göstərmək üçün bu ittihamları səsləndirdiyi aydındır.
İndi isə, son iki ildə Türkiyəyə səfər etmiş Ermənistan vətəndaşlarının statistikasına nəzər salaq. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin son hesabatında göstərilir ki, 2014-cü ilin 2 ayı ərzində 6435 Ermənistan vətəndaşı Türkiyəyə gedib. 2014-cü ilin yanvar ayında 2691, fevral ayında isə 3744 Ermənistan vətəndaşı Türkiyə sərhədini keçib. Bu rəqəmlər ildən-ilə artır. Çünki keçən ilin yanvar ayında 2600, fevral ayında isə 4010 Ermənistan sakini Türkiyəyə gedib. Ümumiyyətlə 2013-cü ildə 73 365, 2012-ci ildə isə 70 956 Ermənistan vətəndaşı Türkiyəyə səfər edib. Bu statistikanın fonunda Türkiyənin elə bu ay Ermənistan vətəndaşları üçün vizanın qiymətini qaldırdığını xatırladaq. Türkiyə Ermənistan vətəndaşları üçün vizanın qiymətini 15 dollardan 25 dollara qaldırıb. Türkiyəyə getmək istəyən Ermənistan vətəndaşları aprel ayının 14-dən viza üçün 10 dollar artıq ödəyirlər. Türkiyə sərhədində Ermənistan vətəndaşlarına viza 30 günlüyə verilir. Bir daha qeyd edək ki, ötən il Türkiyəyə 73 365, 2012-ci ildə isə 70956 erməni gedib. Ekspertlər hesab edir ki, belə bir durumun yaranması əslində Ermənistan hakimiyyətini çıxılmz duruma salıb və bu tam iflas deməkdir. Belə ki, hər zaman Türkiyə və Azərbaycan simasında düşmən yaradan Ermənistan rəhbərliyi erməni toplumunu türk xalqından uzaqda durmağa çağırır və bunun üzərində həm hakimiyyətlərini qoruyub saxlayır, həm də milyonlarla manat dəyərində gəlirlərə sahib olurdular. Elə qondarma erməni "soyqırımı" oyunuda artıq bir siyasi məsələ yox, biznes qaynağına çevrilmişdi. Bu gün isə erməni toplumu bunu hiss edir və demək olar ki, insan olaraq yaşamaq üçün daha münbit bir məkan axtarışına çıxıblar. Dünənə qədər Rusiyaya axışan ermənilər Rusiyada ikinci dərəcəli bir millət kimi qəbul olunduqlarını görsələrdə başqa alternativləri olmadığı üçün seçimsiz halda qalmışdılar. Amma Türkiyəyə yaranan maraq və orda yaşamaq, bizneslə məşğul olmaq üçün şəraitin olduğunu gördükdən sonra Rusiyaya yox, Türkiyəyə üz tutmağa başladılar və aydın oldu ki, heç də deyildiyi kimi türk toplumu ermənilərə düşmən toplu deyil. Ekspetlər hesab edir ki, bir müddətdən sonra Türkiyəyə olan bu axın Dağlıq Qarabağa da təsirini göstərəcək. Belə ki, türklərə yaxınlaşma həm də süni şəkildə yaradılan millətlərarası gərginliyi aradan qaldıracaq və ermənilər Azərbaycanla daha çox təmasda olmağa çalışacaqlar. Belə olan halda Dağlıq Qarabağ ajiotajı istər-istəməz ikinci plana keçəcək. Bunu da qeyd edək ki, bir zamanlar Bakıda və Azərbaycanın müxtəlif şəhərlərində yaşayan ermənilər Azərbaycana yenidən qayıtmaq üçün təşəbbüslərlə çıxışlar edib, hətta Dağlıq Qarabağın Ermənistana bəla gətirdiyini də açıq şəkildə etiraf edirlər. Maraqlıdır, Ermənistanda baş verən bu proseslər nə ilə sonunclana bilər? "Unikal"a açıqlama verən politoloq Mübariz Əhmədoğlu maraqlı detallara aydınlıq gətirdi:-"Sizə bir məqamı deyim ki, Ermənistana Rusiyadan sonra ən çox pul məhz Türkiyədən göndərilir. Hətta Rusiyadan göndərilən çirkli pulları bir kənara qoysaq görərik ki, birincilik Türkiyədədir. Ermənistan mağazalarında satılan 40 faizdən çox məhsullar Türkiyədən gətirilən məhsullardır. Bu isə onu sübutlayır ki, ermənilərin türkiyəyə marağı kifayət qədər artıb. Sizə bir nümunə deyim. Türtkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı məsələ gündəmə gələndə ermənilər buna əslində sevinirdilər. Düz iki ay erməni kilsəsi və Daşnaksütyun partiyası aktivlik göstərəndən sonra ictimai rəyi qismən dəyişə bildilər. Amma buna baxmayaraq hər il Türkiyəyə köç edən ermənilərin sayı artır. Bu isə kifayət qədər ciddi məqamdır. Amma bu məsələdə ciddi problem Türkiyə hakimiyyətindədir. Belə ki, Rusiya hakimiyyəti
işini elə qurub ki, il ərzində Rusiyadan Ermənistana nə qədər pulun aparıldığını bilir və lazım olanda elə bu pullar vasitəsi ilə Ermənistana təzyiqini edir. Amma indiyə qədər məlum deyil ki, il ərzində Türkiyədən Ermənistana nə qədər pul aparılır. Məhz bunu bilsələr daha effektli addımlar atmaq mümkün olacaq. Buna görə hesab edirəm ki, Türkiyə hakimiyyəti məsələyə çox həssas yanaşmalıdır. Ümumilikdə götürəndə isə hazırda ermənilərin Türkiyəyə maraq göstərməsi günbə-gün artır və bu hadislərin müsbət istiqamətdə inkişafına təsirini göstərəcək". Bunu da qeyd edək ki, əslində Ermənistanın millətlərarası münasibətlərə mənfi təsirini nəzərə alan prezident İlham Əliyev bəyan etmişdi ki, Dağlıq Qarabağ probleminin həlli elə Ermənistanın iqtisadi tədricindən keçir. Və burda ciddi bir həqiqət var. Bir halda ki, Ermənistan təkmillətli bir ölkəyə çevrilib, ətraf bölgələrə iddiası var, onda nədən Azərbaycan Ermənistanı iqtisadi blokada da saxlamasın? Məhz bu blokadanın nəticəsidir ki, erməni toplumu bu gün Ermənistan rəhbərliyinin və erməni kilsəsinin yanlışlığını anlayaraq alternativ çıxış yolları axtarırlar. Bunu da qeyd edək ki, Türkiyə ilə Azərbaycanın məsələyə eyni mövqedən yanaşması daha müsbət təsirlər yaradır. Türkiyə-Azərbaycan münasibətlərinin strateji müttəfiqliyini sübutlayan başqa bir arqumentdə dünən oldu. Belə ki, Çex Respublikasının paytaxtı Praqa şəhərində start götürən Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramının növbəti Sammitində prezident İlham Əliyev də çıxış edib.
Bu barədə Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov tvitter hesabında yazıb. Qeyd edək ki, çıxışının böyük bir hissəsini Türkiyəyə həsr edən Sarkisyan bildirib ki, Avropa İttifaqına üzvlüyə daxil olmağa çalışan bir ölkənin öz keçmişi ilə üz-üzə gəlməkdən qaçmağa çalışması paradoksal faktdır.Şöbə müdiri isə prezident İlham Əliyevin Sarkisyanın bu çıxışına verdiyi cavabı yazıb. O qeyd edib ki, Şərq Tərəfdaşlığı sammitində Sarkisyan bütün çıxışını qondarma soyqırımla bağlı sərsəm mülahizələri ilə Türkiyəyə hücuma həsr edib. Prezident İlham Əliyev isə Sarkisyana belə cavab verib: "Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm!" Beləliklə gördüyünüz kimi dünənə qədər Azərbaycanın səsini dünyaya Türkiyə çatdırırdısa, bu gün Azərbaycan Türkiyənin səsinə səs verə bilir.