Hicran Hüseynova: "Kişilər  məndən inciməsin..."
Hicran Hüseynova: "Kişilər
məndən inciməsin..."

"Qadınların Azərbaycanda, yerlərdə qərar qəbuletmə və idarəçilikdə iştirakı hələ də istədiyimiz səviyyədə deyil". Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədri Hicran Hüseynova dilə gətirib.
Dövlət Komitəsi ilə Almaniyanın "GİZ" təşkilatının birgə həyata keçirdiyi "DAYAQ" mentorluq layihəsi çərçivəsində keçirilən dəyirmi masada H.Hüseynova qadınlara yerlərdə qərar qəbuletmə və idarəçilikdə təmsil olunmağa maneçiliklər yaradıldığını söyləyib. Onun sözlərinə görə, bu problemlər Azərbaycanın müharibə şəraitində olması, həmçinin qadınların idarəçilik təcrübəsinin azlığı ilə, o cümlədən bir sıra mənəvi-psixoloji məqamlarla əlaqəlidir.
"1990-cı ildə deputatların 4,3 faizini qadınlar təşkil edirdisə, bu gün parlamentdə qadınların iştirakı 16 faizə çatıb. Eyni zamanda, son bələdiyyə seçkilərində qadın bələdiyyə üzvlərinin sayı 5 dəfə artaraq 4 min 194 nəfər təşkil edib. Əvvəlki illərlə müqayisədə son dövrlər Azərbaycanda icra hakimiyyəti başçılarının müavinlərinin böyük əksəriyyətini qadınlar təşkil etməkdədir".
H. Hüseynova bildirib ki, Azərbaycanda qadınların vəzifəyə irəli çəkilməsi problem deyil. "Problem həmin qadınların peşəkarlığı məsələsidir. Kişilər məndən inciməsin, qadınlar onlardan ən az 3-4 dəfə artıq peşəkar olmalıdırlar ki, vəzifələrinin öhdəsindən uğurla gələ bilsinlər".
Bununla belə, Komitə sədri bəzi vəzifəli kişilərin "bostanına daş atmağı da unutmayıb. "Bir vaxtlar icra strukturlarında işləyən bəzi vəzifəli kişilər, o cümlədən icra başçıları gender məsələsindən söhbət düşəndə onu təəccüblə qarşılayırdılar. Bəziləri hətta, deyirdilər ki, bu gender kişidir, yoxsa qadın. Nə istəyirlər bizdən? Ancaq indi onlar gender məsələsindən biz qadınlardan daha yaxşı danışırlar".
Komitə sədri qadınlarla bağlı maarifləndirici tədbirləri vacib sayıb. "Bu tədbirlər heç də tədbir xətrinə keçirilmir. Burada çox ciddi məsələlər, təkliflər ortaya qoyulur, fikirlər irəli sürülür. Ona görə qadınlar bu tədbirlərdə səslənən fikirlərdən geniş bəhrələnməlidirlər".
Milli Məclisin vitse-spiker Bahar Muradova isə çıxışında deyib ki, qadınlar bütün sahələrdə fəal olmalı, fəallıqlarını artırmalıdırlar. "Xüsusilə qadın millət vəkillərimiz deputat seçildikləri seçki dairələrində, təmsil etdikləri bölgələrdə qadınların fəallığın artırılmasına öz köməkliklərini, dəstəklərini daha da artırmalıdırlar".
Deputat Məlahət İbrahimqızı da öz növbəsində qeyd edib ki, Azərbaycanın müstəqillik əldə etdiyi ilk illərində qadınların dövlət idarəçiliyində irəli çəkilməsində bəzi problemlər yaşanıb. Onun sözlərinə görə, lakin son illər Azərbaycanda qadınların qərar qəbuletmə və idarəçilikdə iştiraka cəlb olunmaları sürətlənib.