Ərdoğanın prezident seçkilərinə qatılması qətiləşməyib
Ərdoğanın prezident seçkilərinə qatılması qətiləşməyib

Baş nazirin köməkçisi Bəşir Atalay bu barədə qərar verilməriyini deyir

Türkiyədə keçirilən bələdiyyə seçkilərində qazanılan qələbədən sonra baş nazir Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərinə qatılacağı gündəmə gəlib.
Bir müddət əvvəl Türkiyə KİV-i Ərdoğanın prezident seçkilərində öz namizədliyini irəli sürəcəyi ilə bağlı məlumat yaymışdı və AKP-nin növbəti qələbəsini prezidentliyə doğru bir addım kimi qiymətləndirilir.
Baş nazirin köməkçisi Bəşir Atalay yaranan suallarla bağlı Habertürk TV-yə açıqlama verib. O, baş nazirin prezident olub-olmayacağı barədə hələ bir qərar verilmədiyini bildirib.
AK Partinin mətbuat katibi Hüseyn Çelik məsələyə belə münasibət bildirib: "Məgər hörmətli baş nazirimizin prezidentliyə namizəd ola biləcəyi ilk dəfəmi eşidir? Hər halda heç kim ondan "Mən artıq gedəcəm, nəvələrimlə vaxtımı keçirəcəm" sözlərini gözləmir. Xalqımız da baş nazirimizi prezidentliyə aparır. Xarizmatik bir lider olaraq öz partiyasını 8-ci dəfə qələbəyə aparması Türkiyə üçün, bizlər üçün böyük bir şansdır. Bu bir tarixdir. Amma aramızda danışılıb, qərar verilmiş bir şey yoxdur. Bu məsələdə baş nazirimizin istəyi nəzərə alınacaq."
Türkiyədə prezident seçkilərinin avqustun 10-na təyin edildiyi bildirilir. Türkiyədə prezident seçkiləri iki turda keçiriləcək. Əgər namizədlərdən heç biri birinci turda lazımi sayda səs toplamazsa, onda avqustun 24-də ikinci tur keçiriləcək.
2007-ci ildə keçirilən ikinci turun nəticələrinə görə, əvvəlki prezident seçkilərindən fərqli olaraq, 2014-cü ildən Türkiyədə prezident parlament deyil, xalq tərəfindən seçiləcək. Referendumun nəticələrinə uyğun olaraq, Türkiyənin dövlət başçısı əvvəlki yeddi il əvəzinə beş il müddətinə seçiləcək.