İstirahət mərkəzindən qayıdan dostlar dəhşətli qəzaya düşdü

Xızı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, martın 10-da saat 21 radələrində Xızı rayonu Tıxlı kəndinin ərazisində Salyan şəhər sakini Müslüm Hüseynov idarə etdiyi "VAZ-2106" markalı avtomobili aşırıb.
M.Hüseynov hadisə yerində ölüb, sərnişinləri - Abşeron rayon sakini Fəxri Tağıyev, Ruslan Həşimov və Sumqayıt şəhər sakini Ramil Rzayev xəstəxanaya yerləşdiriliblər.
Qəzaya düşən şəxslər Sumqayıt şəhərindəki avto-təmir sexində çalışan gənclər olub. Onlar martın 10-da Xızı rayonundakı Altıağac İstirahət Mərkəzinə gediblər. Buradakı restoranlardan birində yeyib-içən dostlar axşam saatlarında şəhərə qayıtmaq qərarına gəliblər. Bu zaman dostlar spirtli içki qəbul etməyən Müslüm Hüseynovun maşını idarə etməsinə qərar verib. Halbuki avtomobil digər şəxslərdən birinə məxsus olub. Lakin M.Hüseynov naşı olduğundan və yolu yaxşı tanımadığından məlum qəzadan yayına bilməyib. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.