Bu gün Azərbaycan millisi Filippinlə qarşılaşır

Bu gün Azərbaycan millisi Filippinlə qarşılaşır

Berti Foqtsun yetirmələri 2014-cü ilin ilk sınağına çıxır

Azərbaycan millisi sabah növbəti oyununu keçirəcək. Almaniyalı baş məşqçi Berti Foqtsun yetirmələri 2014-cü ildə ilk görüşünə çıxacaq.
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan yığmamız ilə Asiya ölkəsində start verəcək. Komandamızın ilin ilk sınağındakı rəqibi də bu qitənin təmsilçisidir. Foqts yetirmələrini Filippinlə qarşılaşmada sınayacaq.
"Küçə itləri" ləqəbini daşıyan Asiya təmsilçisi ilə görüşdə millimiz favorit sayılır. FİFA reytinqinin 127-ci komandası olan Filippin millimizin dişinə görə olan rəqibdir. Bu üzdən də komandamız ilk dəfə qarşılaşacağımız rəqibi məğlub etməlidir. Asiya çağırış kubokuna hazırlaşan "Küçə itləri" bir müddət əvvəl yeni baş məşqçisi Tomas Duli ilə anlaşıb. Almaniya əsilli ABŞ vətəndaşı ilə duel Foqts üçün həmyerlisi ilə qarşılaşma kimi də dəyərləndirilə bilər.
Yeni çalışdırıcısının rəhbərliyi altında 3 gün əvvəl debüt edən filippinlilər Malayziya ilə səfər görüşündə qolsuz heç-heçə ilə kifayətlənmişdi. 17 ildən sonra Avropa təmsilçisi ilə görüşəcək asiyalılar üçün bu məqam da az əhəmiyyət kəsb etmir. 1997-ci ildə Estoniyaya 0:1 hesabı ilə uduzandan sonra Filippin ilk dəfə "Köhnə qitə" yığması ilə oynayacaq.
Son illər formalaşan ənənəyə uyğun olaraq yenə ilə Dubay toplanışı ilə başlayan və əksər hallarda burada asiyalılarla görüşən millimiz bu görüşlə AVRO-2016-nın seçmə mərhələsinə hazırlığa start verəcək. Foqtsun yetirmələri 3 matçlıq qələbəsizliyə son qoymaq əzmindədir. Ötən il oktyabrın 11-də Şimali İrlandiya üzərində 2:0 hesablı qələbədən sonra 3 matçda qalib gələ bilməyən yığmamız bu həsrəti "Əl-Şabab" stadionunda bitirməyə çalışacaq. 2013-cü ildə 2 matç keçirdiyi Dubayı qol buraxmadan tərk edən millimiz bu şəhərlə bağlı seriyanın davamını da gətirmək əzmindədir.
Yoldaşlıq oyunu, 5 mart, saat 19:00. Azərbaycan-Filippin
Baş hakim: Fahad Abdalla Ahmad Alkassar Banihammad
Baş hakimin köməkçiləri: Ahmed Saeed Ahmed Alasal Alrashadi, Jasem Abdulla Yousef Abdulla Al Ali
Dördüncü hakim: Hamad Ahmad Abdulla Alshaikh Hashmi (hamısı BƏƏ)
Dubay (BƏƏ). "Əl-Şabab" stadionu
İlkin Həsənoğlu