AVRO-2016: Millimizin rəqiblərini tanıyaq - "mavilər" və "alverçilər"
AVRO-2016: Millimizin rəqiblərini tanıyaq - "mavilər" və "alverçilər"

2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatının H qrupunda mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri ilə tanışlığı davam etdirik.
Yığmamız üçün qrupda ən çətin və arzuolunmaz rəqib, əlbəttə, İtaliya yığmasıdı. O İtaliya ki, indiyə qədər 4 dəfə - 1934, 1938, 1982 və 2006-cı illərdə dünyanın ən güclü komandası adını qazanıb.
Gəlin İtaliya millisi ilə ətraflı tanış olaq.

"Mavilər"

Hazırda Çezare Prandellinin rəhbərliyində olan Apennin millisi 4 dəfə mundialın qızıl medallarını əldə etməklə yanaşı, 1968-ci ildə də Avropa qitəsinin baş kubokuna sahib çıxıb. Ardıcıl 2 dəfə - 1970 və 1974-cü illərdə dünya çempionatlarının gümüş medallarına yiyələnən "skuadra adzurra" haqqında uzun-uzadı təqdimata, sözün düzü, o qədər ehtiyac da yoxdu.
Tarix boyu futbolu ilə diqqəti çəkmiş İtaliya bu idman növünə məşhur müdafiə sistemi - "katenaçço"nu gətirməsi ilə də ad qazanıb. Baxmayaraq ki, hazırda total futbol sürət və texnikanı ön plana çəkib. Elə italyanların oyunlarında da əvvəlki kimi müdafiəyəmeylli taktikanı çox az görürük. 1978-ci ildə Argentinada keçirilən dünya çempionatını dördüncü yerdə başa vuran apenninlilərin heyətində daim parlaq simalar, əfsanəvi ulduzlar çıxış ediblər. Elə qarşıdakı dünya çempionatının final mərhələsinə də ulduzlarla hazırlaşan İtaliya yığması uzaq 1936-cı ildə Olimpiya Oyunlarının qalibi olmağa da imkan tapıb. Hələ Avropa çempionatlarında iki dəfə (2000 və 2012) gümüş medal sevincini yaşamalarını demirik.
Ümumi götürəndə, kifayət qədər uğurlu tarixə malik İtaliya futbolu hazırda da dünya nəhənglərindən sayılır. Dünya reytinq sıralamasında 8-ci olan Prandellinin komandası yayda Braziliyada təşkil ediləcək mundiala da, sözsüz, favorit kimi yollanacaq. 2010-cu ildən "mavilər"in baş məşqçisi təyin olunmuş Çezare Prandelli kifayət qədər nüfuzlu simadı. Vaxtilə millinin heyətində çıxış etmiş və istər yığma, istərsə də klub səviyyəsində mükafatlar qazanıb. 57 yaşlı mütəxəssis əsas komanda ilə 2012-ci ildə Avropa birinciliyinin gümüş medalını qazanıb, bir il sonra isə Konfederasiyalar Kubokunda bürünclə kifayətlənib.
2006 və 2007-ci illərdə ölkəsində "Qızıl oturacaq" mükafatı ilə təltif edilmiş Prandelli 2009-da da İtaliyanın ən yaxşı məşqçisi adına yiyələnib. Berti Foqtslu millimizə rəqib olacaq italyanlar bizə yad deyil.
AVRO-2004-ün seçmə qrup mərhələsində iki dəfə qarşılaşdığımız "göylər" Bakıdakı oyunda 2 cavabsız qolla kifayətlənsələr də, Reco di Kalabriyadakı cavab matçında güzəştə getməyiblər - 4:0.
Millimizin sabiq müdafiəçisi Tərlan Əhmədovun avtoqolla "tarix"ə düşdüyü ilk görüşdə digər qolu cərimə zərbəsindən əfsanəvi Alessandro del Pyeronun vurduğunu xatırlamayan az olar. İtaliyadakı qarşılaşmada isə "Superpippo" ləqəbli Filippo İnzaginin dublundan savayı, Kristian Vyeri ilə Marko di Vayo da fərqlənib. Hazırda həmin heyətdən yalnız Canluici Buffon qalır. Amma onun da növbəti dəfə Bakı gələcəyi sual altındadı. Çünki əfsanəvi qolkiper bu yaxınlarda verdiyi açıqlamada bildirmişdi ki, 2014-cü il dünya çempionatından sonra milli karyerasını başa vuracaq.
İstənilən halda, İtaliya elə İtaliya olaraq qalır - güclü, təcrübəli, texnikalı və sürətli futbolçulardan ibarət bir komanda. Hazırkı heyətə nəzər salsaq, az əvvəlki cümlə ilə razılaşmamaq olmur. Reallığa qalanda isə italyanlarla növbəti qarşılaşmalarda biz yalnız möcüzəyə ümid edəcəyik. O vaxta hələ çox qalsa da, dəyişiləcək nələrsə mümkün olsa belə, reallığı dəyişmək mümkünsüzdü.

"Alverçilər"

AVRO-2016-nın seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparacaq və gözümüzü xal almağa dikdiyimiz əsas komanda - Malta futbolda "cırtdan" sayılsa da, tarixi çox uzaqlara gedib çıxır.
Adada futbol federasiyasının əsası 1882-ci ildə qoyulub. Maraqlı tarixə malik "cırtdan ölkə"də idmanın bu növünün əsasının qoyulmasında səbəbkar britaniyalılar olublar. Britaniya koloniyalarından başlanan Malta futbolu zaman keçdikcə formalaşsa da, bizim kimi, yerində saymaqdan başqa nəyəsə nail olmayıb.
Millimizin rəqibi beynəlxalq arenada debütünü 1950-ci ildə edib. Avstriya, Tunis və Nigeriya ilə ardıcıl bir neçə yoldaşlıq görüşləri keçirən maltalılar sonuncularla uğurlu heç-heçələr və qələbədən sonra dünya futbol təşkilatına - FİFA-ya üzv olmaq qərarına gəliblər. Beləcə, "cırtdanlar" 1959-cu ildə FİFA, bir il sonra isə UEFA-nın sıralarına qoşulublar. Yeni mərhələyə qədəm qoyan Malta futboluna rəsmi yarışda meydana çıxmaq 1964-cü il Avropa çempionatının seçmə mərhələsində nəsib olub.
28 iyun 1962-ci ildə rəsmi səviyyədə debüt edən adalılar iki oyunlu keçid mərhələsində Danimarka millisinə qarşı forma geyinib və hər iki görüşdə məğlub olaraq (1:6 və 3:1) mübarizəni erkən başa vurublar. Malta ümumilikdə 11 dəfə Avropa çempionatlarının seçmə mərhələlərində iştirak edib və hamısında da sonuncu yeri tutub. Rəsmi oyunlarda cəmi 3 qələbə qazanan ada təmsilçisi Avro-1976-nın seçmə mərhələsində Yunanıstan üzərində tarixi zəfərə imza atıb - 2:0. Ardınca müvafiq olaraq 1984 və 2008-ci illərdə AÇ-lərin seçmə mərhələlərində İslandiya (2:1) ilə Macarıstanı (2:1) məğlub ediblər.
Rəsmi səviyyədə keçirdiyi 82 qarşılaşmanın yalnız 3-nü qazanan maltalılar 11 heç-heçə fonunda 68 məğlubiyyətə üzülüblər. Rəqib qapılarına 42 dəfə yol tapıb, 251-ni buraxan "cırtdanlar" Foqtslu yığmaya bab rəqib sayılmalıdılar. Çünki bizim milli də onlardan geri qalmır. Diqqət çəkən məqamlardan biri Maltanın adının danışılmış oyunlarda hallanmasıdı.
1984-cü il Avropa çempionatının seçmə mərhələsində Niderland və İspaniya ilə eyni qrupda mübarizə aparan yığma "zambaqlar ölkəsi"nin qitə birinciliyinə yolunu kəsib. Necə? İspaniya - Malta duelində "narıncılar"a lazım idi ki, pireneylilər 10 top fərqilə qalib gəlməsinlər, əks halda, final mərhələsinə məhz ispanlar çıxacaqdılar. Lakin niderlandlıların çox illər iddia etdiyi "alver" oyunda İspaniya rəqibinə 12:1 hesabı ilə qalib gələrək yolunu AÇ-nin finalına qədər davam etdirdi. Hazırda heyətində 14-15 futbolçu olan Malta millisi oyunçu sarıdan həmişə korluq çəkib. Çünki digər sahələrdən fərqli, ada dövlətdə futbola maraq yüksək deyil. İtalyan məşqçi Pyetro Gedinin rəhbərliyi altında çıxış edən yığmanın ən tanınmış futbolçusu Daniel Boqdanoviçdir ki, o da İngiltərənin aşağı divizionunda mübarizə aparan dünyanın ilk klubu - "Şeffild Yunayted"in şərəfini qoruyur.
Digər iki legioneri isə Avstraliya və Macarıstan çempionatlarında oynayırlar. Onlardan təcrübəli Con Atkinson "Sentral Kost Mariners", Andre Şembri isə "Ferensvaroş"un uğurları üçün çalışır. FİFA reytinqində hazırda 131-ci pillədə qərarlaşan adalıların ən yaxşı bombardiri 33 yaşlı Maykl Mifsuddur, aktivində 38 qol var. Ən çox oyun sayına görə isə rəqiblərini Deyvid Karabott qabaqlayır - 121 matç.

İlkin Həsənoğlu