Cəlilabadda zəncirvari qəza, ölən və yaralananlar var
Cəlilabadda zəncirvari qəza, ölən və yaralananlar var

Şəkidə isə maşın dərəyə aşdı, iki yaralı var

Cəlilabad rayonunda ağır yol qəzası baş verib. Hadisə oktyabrın 30-da axşam saatlarında Ələt-Astara magistralının 146-cı kilometrliyində - Cəlilabad şəhərindən keçən hissəsində qeydə alınıb.
Rusiya vətəndaşı Şamil Mahardovun idarə etdiyi “Volvo” markalı ağır tonnajlı yük maşını Cəlilabadın Maşlıq kənd sakini Hikmət Bədəlovun idarə etdiyi VAZ-2107 markalı minik avtomobili ilə toqquşub, Masallı rayon sakini Əliağa Həsənovun idarə etdiyi BMW markalı avtomobil isə yük maşınının arxa hissəsinə çırpılıb. Güclü zərbənin təsirindən VAZ-2107 markalı avtomobil aşıb. Nəticədə avtomobilin sürücüsü Hikmət Bədəlov, həmçinin sərnişinləri Tapdıq Rəhimovla Rizvan Nəsirov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Həkimlərin səylərinə baxmayaraq H.Bədəlov dünyasını dəyişib. Digər iki yaralının vəziyyəti isə orta-ağır qiymətləndirilir.
Şəkidə baş verən yol qəzasında isə iki nəfər xəsarət alıb. Hadisə Şəki-Qax yolunun Şəki rayonunun ərazisindən keçən hissəsində Şin körpüsü yaxınlığında qeydə alınıb. Şəki şəhər sakini, 24 yaşlı Anar Bayramov idarə etdiyi “Hyundai” markalı 90 SN 706 dövlət nömrə nişanlı avtomobillə Qax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı dərəyə aşırıb. Qəza nəticəsində sürücü Elman Bayramov və sərnişini, Zəngilan rayonundan olan məcburi köçkün, hazırda Bakı şəhərində yaşayan 26 yaşlı Pünhan Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların vəziyyətinin orta stabil olduğu və müalicələrinin xəstəxanada davam etdiyi bildirilir.
Faktlarla bağlı araşdırmalar aparılır.