Azərbaycan geni dəyişdirilmiş məhsullara nəzarəti gücləndirir
Eyyub Hüseynov: “Bu məhsulların GMO olduğunu sübut etmək çətindir, çünki Azərbaycanda belə bir laboratoriya yoxdur”

Dünən Azərbaycan Milli Məclisi Aqrar siyasət Komitəsinin iclası keçirilib.
İclasda Komitənin 2013-cü il yaz sessiyasının yekunlarına dair gördüyü işlər barədə və qanunvericilik işləri planı ilə bağlı müzakirələr aparılıb.
Belə ki, Komitənin üzvü olan millət vəkilləri Prezident Administrasiyası tərəfindən baxılmağa göndərilmiş 6 qanuna dəyişikliklərin edilməsi ilə bağlı layihələr üzrə müzakirələr aparıblar. Bu sənədlər “Seleksiya nailiyyətləri haqqında”, “Toxumçuluq haqqında”, “Yeyinti məhsulları haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” və “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunlara dəyişikliklərin edilməsini nəzərdə tutur.
Aqrar siyasət Komitəsinin sədri Eldar İbrahimov bildirib ki, son zamanlar Azərbaycanda geni modifikasiya edilmiş (QMO) məhsulların sayı artıb: “Bu qanunların qəbulu ölkəyə gətiriləcək geni dəyişdirilmiş məhsulların qarşısını almağa kömək edəcək və geni dəyişdirilmiş məhsullarla mübarizəni daha da gücləndirəcək”.
Millət vəkili qeyd edib ki, bu qanunların qəbulu ölkə vətəndaşlarının daha sağlam yaşaması və onların sağlamlığının qorunması üçün atılan növbəti addımdır: “Biz çalışacağıq ki, ölkəyə geni dəyişdirilmiş məhsulların gətirilməsini, bu məhsulların ölkə bazarlarında satılmasına və əkilib-becərilməsinə məhdudiyyətlər qoyaq”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun “Unikal”a söylədiyinə görə, “Azərbaycanın istehlak bazarına çıxarılan qarpız və kartofun 40 faizi, çuğundurun 50%, pomidorun 80%, soğanın 95 faizi genetik modifikasiya olunmuş məhsullardır”.
AİB sədrinin sözlərinə görə, bu məhsulların GMO olduğunu sübut etmək çətindir, çünki Azərbaycanda belə bir laboratoriya yoxdur. Lakin bəzi əlamətlər var ki, məhsulların GMO olduğu görünür: "Belə məhsulların görünüşü, sonra onlardan götürülən bitməyən toxumlar, uzun müddət xarab olmamaqları və s. əlamətlərə əsaslanırıq".
Azərbaycana xarici ölkələrdən istənilən növ istehlak malları gətirilir. Amma bunların GMO olması və ya geni dəyişdirilmiş məhsulların bizim orqanizmimizə nə dərəcə ziyanlı yaxud da faydalı olduğunu bilmirik. Bunun başlıca səbəbi ölkədə hələlik bunu sübut edəcək laboratoriyanın olmamasıdır.
Bu iddialara qarşı GMO-ların əslində insan orqanizmi üçün heç bir təhlükə olmadığını “Unikal”a bildirən kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli insanlar arasında düzgün maarifləndirmə işlərinin aparılmadığını bildirdi. Ekspertin fikrincə, “Həm heyvanlar, həm bitkilərdən geni modifikasiya olunmuş məhsulların insan orqanizminə vurduğu ziyanla bağlı heç bir sübut yoxdur. Əksinə, GMO məhsulların ekoloji cəhətdən daha saf olduğu əsaslandırılır. Bu proses bioloji proses nəticəsində baş verir. Aqrobakteriya var, o bitkidə şəkəri mənimsəyir və bitkinin geninə təsir imkanına malikdir. Onun nəticəsində bitki daha çox şəkər istehsal edir və bakteriya da ondan yararlanır. Alimlər meyvələrin genini dəyişmək üçün bu bakteriyadan istifadə edirlər, bu isə insan orqanizminə heç bir şəkildə zərərli deyil".
Kənd təsərrüfatı mütəxəssisi başqa bir maraqlı məqama toxundu. Onun sözlərinə görə, meyvə-tərəvəzin dadlı olması üçün ona daha çox azot gübrəsi verilir: "Əgər qarpız şirindirsə, deməli, ona daha çox azot gübrəsi verilib. Amma bitkiyə heç bir kimyəvi maddə verilmirsə, onun heç bir dadı olmur. Qurd onu yeyə bilmirsə, deməli o qurda qarşı modifikasiya edilib. GMO məhsullara dünya bazarlarına çıxarıldıqdan sonra alimlər iki qütbə ayrılıblar. Bunlardan birincilər geni dəyişirilmiş meyvə və tərəvəzlərin insan orqanizminə zərərli olduğunu iddia edir. Digər qism isə əksinə GMO-ların zərərsiz olduğunu bildirirlər. Ancaq hələ ki, transgen məhsulların zərərli yaxud da əksini xeyirli olduğunu birmənalı demək mümkün deyil. Azərbaycana gətirilən meyvə və tərəvəzlərin tərkibini yoxlamaq üçün sərhəd keçid məntəqələrində laboratoriyalar olmalıdır. Meyvə-tərəvəz bu laboratoriyalarda ciddi yoxlanıldıqdan sonra ölkədə satışına icazə verilməlidir”.
Natiq Oruclu