Pensiyaçıdan da prezident olar?
Pensiyaçıdan da prezident olar?

Cəmil Həsənli bu yaşında nəvələri ilə vaxt keçirsə, daha məsləhətdir

Ötən gün televiziyada prezidentliyə namizədlərin ilk debatı keçirilib. Həmin debatda Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli də çıxış edib və o, hökumətin apardığı sosial siyasəti kəskin şəkildə tənqid edib. Ardından isə bildirib ki, onun özü də pensiyaçıdır və aldığı təqaüd yaşamına yetmir.
İlk öncə Cəmil Həsənlinin diqqətinə çatdırmaq lazımdır ki, faktiki olaraq hökumətin həyata keçirdiyi sosial siyasət yetərli qədər əsaslandırılmış və əhalinin güzaranına hesablanmış bir addımdır. Hər il pensiya və müavinətlərin artırılması da bunun əyani sübutudur. Eyni zamanda, hökumət mütəmadi olaraq sosial siyasətində dəyişikliklər etməklə onu zamanın tələblərinə uyğunlaşdırır.
Qeyd edək ki, bu gün dövlətin həyata keçirdiyi iqtisadi və sosial siyasətin yeni inkişaf meyilləri də diqqəti çəkir. Faktiki dönəmdə hökumətin reallaşdırmağa hazırlaşdığı yeni layihələr və konsepsiyalar məntiq hesabı ilə yaxın gələcəkdə insanların yaşamına daha yüksək səviyyədə təsirini göstərəcək. Bu gün pensiyaçılara verilən təqaüdlərin məbləğinin aşağı olması bunun sabit olması anlamına da gəlmir. Çünki davamlı olaraq artırılan pensiyalar fonunda bu rəqəmlərdə vaxtaşırı dəyişikliklərin baş verməsinə gətirib çıxarır.
İkinci maraqlı məqam Cəmil Həsənlinin pensiyaçı olması ilə bağlıdır. Burada maraqlı olan məqam odur ki, pensiyaçı bu yaşında yaxşı olardı ki, gedib istirahət etsin, nəvələri ilə oynasın. Daha siyasətə qarışıb, ağına-bozuna baxmadan tənqidlərə yer verməsin. Bir də ki, pensiyaçıdan da prezident olar?
Dünya praktikasından da məlumdur ki, pensiya yaşına çatmış şəxslərin seçkiyə marağı ya olmur, ya da olsa belə onlar siyasətə qatılmırlar. Bunu Amerika və Avropa təcrübəsindən də aydın şəkildə görmək mümkündür. İndiyə qədər bu ölkələrdə yaşı 60-dan yuxarı olan prezidentlərə ya rast gəlmək mümkün deyil, ya da nadir hallarda bunu görmək olar. Azərbaycanda isə Cəmil Həsənli və onun kimilər nəvələri ilə oynamaq dönəmində siyasətə qatılıb, müxalifətçilik edir, hökuməti tənqid etməklə xal qazanmağa çalışır. Doğrusu, Cəmil Həsənliyə yaşlı olmasına rəğmən, təklifimiz odur ki, o, gözəl tarixçi kimi bundan sonra həyatını araşdırmalara və elmə sərf etsin. Daha siyasətə qatılaraq, boş və mənasız iddialarla çıxış etməsin. Çünki bu onun bir tarixçi olaraq nüfuzuna ciddi xələl gətirir.
Elvin Rüstəmov