İranın daha nəyə ehtiyacı var imiş?
İranın daha nəyə ehtiyacı var imiş?

Qədir Qadirzadə: "İranın dəfələrlə Nizami Gəncəvini fars şairi
elan etməsi ədəbi faktlarla deyil, siyasi motivlərlə bağlıdır"

UNESCO üzrə İran Milli Komissiyasının baş katibi Məhəmmədrza Səidabadi azərbaycanlı həmkarı Günay Əfəndiyevaya məktub yazıb.
M.Səidabadi məktubunda Nizami Gəncəvinin məqbərəsində farsca tarixi lövhələrin götürülməsinə öz etirazını bildirib: "Dünya səviyyəsində tanınan insanlar yetişdirmək İranın qiymətli mədəniyyətinin məhsuludur və həmişə bəşər cəmiyyəti tərəfindən hörmət görüb. Mövlana, Hafiz, Sədi, Xəyyam, Əttar, Firdovsi, Nizami, İbn Sina, Biruni, Cami, Rudəki və bu mədəniyyətin yüzlərlə şəxsiyyəti İran diyarının dostluq mesajını dünyanın ən ucqar nöqtələrinə qədər çatdırıblar. İran xalqı isə bu şəxsiyyətlərin digər xalqları da öz ağuşuna almasından qürur duyur".
M.Səidabadi UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi, səfir Günay Əfəndiyevaya yazdığı məktubunda qeyd edib ki, Nizami Gəncəvinin məqbərəsindəki fars dilindəki kitabələr götürülərək yerinə başqa bir dildə şeir yerləşdirilə bilər: "Ancaq bu iş heç vaxt bu şairin şəxsiyyətinə və zadəgan mövqeyinə təsir göstərə bilməyəcək".
Müstəqil araşdırıcı Rəsul Mirhəşimlinin "Unikal"a bildirdiyinə görə, "İranın dahi Azərbaycan şairi Nizami Gəncəvi ilə bağlı bu kimi iddialarla çıxış etməsi birinci dəfə deyil, və bunun adı ədəbi-elmi təcavüzdür. Nizaminin "Xəmsə"sində onun türk olmasını təsdiqləyən kifayət qədər faktlar mövcuddur və bunu İranda da yaxşı bilən alimlər var. Sadəcə, görünür ki, cənab Səidabadinin nizamişünaslıqdan o qədər də məlumatı yoxdur. İran tarixində farsəsilli böyük şairlər olub - Hafiz, Sədi, Firdovsi. Amma hələ də başa düşmək olmur ki, İran rəsmiləri niyə Nizami Gəncəvidən əl çəkmək istəmirlər".
Araşdırıcının sözlərinə görə, "İran rəsmiləri tarixi mənbələri diqqətlə öyrənsələr, görərlər ki, XII əsrdə Gəncədə bir nəfər də olsun fars və yaxud İrandilli tayfa yaşamayıb. Gəncə həmişə türk şəhəri olub və Nizami Gəncəvi də bu şəhərdə anadan olub. Ümumiyyətlə, iranlıları başa düşmək bir qədər çətindir. Dünyaca məşhur Mövlana Cəlaləddin Rumi öz Məsnəvisində yazır ki, "Mən farsca yazıb danışsam da, türkəm". Əldə bu cür fakt ola-ola, İran yenə də ondan əl çəkmir və onu fars şairi elan edir".
Rəsul Mirhəşimli bildirir ki, "Ədəbi dil ədəbi mənsubiyyət demək deyil. Qırğız xalqının oğlu Çingiz Aytmatov öz əsərlərini rus dilində yazırdı. Bununla belə, Rusiyada heç bir nadan bəyanat vermirdi ki, Aytmatov rus yazıçısıdır. Fars məmurları isə hələ də xabi-qəflətdədirlər".
Tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü Qədir Qadirzadənin "Unikal"a söylədiyinə görə, "İranın dəfələrlə Nizami Gəncəvini fars şairi elan etməsi ədəbi faktlarla deyil, siyasi motivlərlə bağlıdır. Bu siyasi motivlər isə İranın Şimali Azərbaycana öz tarixi ərazisi kimi yanaşmasının nəticəsidir. Məsələnin kökü buradadır. Lakin tarixi diqqətlə araşdıranda məlum olur ki, Azərbaycanda ümumiyyətlə farslar yaşamayıb. Həm fars, həm ərəb, həm də qədim yunan mənbələrində bu barədə heç bir məlumat yoxdur".
Adil Hüseynli