Qubanın keçmiş icra başçısı qapılara düşüb
Qubanın keçmiş icra başçısı qapılara düşüb
Rauf Həbibov müflis edilib, ona görə də, keçmiş dostlarından pul istəmək üçün onlara üz tutub

Quba hadisələrindən sonra vəzifəsindən azad edilən keçmiş icra başçısı Rauf Həbibovla bağlı maraqlı məlumatlar üzə çıxıb. Məlum mart olayından sonra biabırçı şəkildə işdən çıxarılan keçmiş başçını cəzalandıran hakimiyyət dairələri, onun illərdən bəri yığdıqlarını əlindən alıblar. Məhz bunun müqabilində azadlıqda gəzən Həbibovun isə faktiki durumu çox ağırdır.
"Unikal"a verilən məlumatda deyilir ki, Rauf Həbibov artıq ehtiyacı üzündən qapı-qapı düşərək, keçmiş dost və tanışlarından pul istəməyə başlayıb. Həmin məlumatlarda vurğulanır ki, artıq bir neçə qapıya baş vuran keçmiş icra başçısı istəyinə çata bilməyib. Onu görənlər isə geri çevirərək, hər hansı bir yardım edə bilməyəcəklərini deyiblər.
Onu da bildirək ki, Rauf Həbibov bir zamanlar çox varlı olmaqla yanaşı, həm də yüksək səviyyəli həyat tərzinə sahib olub. İşdən çıxarılmasından sonra müflis edilən sözügedən şəxs əvvəlki həyat tərzinə qayıtmaq üçün çox çalışsa da, bir nəticə əldə edə bilməyib. Amma yenə də əvvəlki kimi yaşamaq üçün çalışmağın tək yolunu keçmişdə yaxşılıq etdiyi və ya münasibətdə olduğu adamların qapısına getməkdə görüb.
İlkin Rzazadə