Fərəc Quliyevdən populist açıqlama
Fərəc Quliyevdən populist açıqlama

Namizədlər səs toplamaq üçün vədlərə başladılar

Prezident seçkilərində təbliğat-təşviqat kompaniyasına start verildi və artıq bəzi namizədlər maraqlı və gülünc açıqlamalarla gündəmə gəlməyə çalışırlar. Bir neçə ildir ki, mandat sahibi olan, amma bir dəfə də olsa hansısa ciddi açıqlamalarının şahidi olmadığımız Fərəc Quliyev seçkilərin ilk günündə populist açıqlamaları ilə hərəkətə keçib.
Belə ki, Fərəc Quliyev iddia edir ki, neft pulları ölkəyə gətirilsin – sosial durum yüksəlsin - gənclər evsiz, işsiz qalmasın – oğlanlarımız didərgin düşməsin – ailələr dağılmasın – qızlarımız evdə qalmasın.O, iddia edir ki, Dovlət Neft Fondunun vəsaitləri xarici ölkələrdə kredit kimi idarə olunur.
F.Quliyev iddia edir ki, Dövlət Neft Fondunun vəsaitləri aşağı-illik 3 faiz olmaq şərti ilə xarici ölkələrdə idarə olunur. Təklif edirəm ki, Dövlət Neft Fondunun vəsaitlərinin bir hissəsi ölkəyə gətirilsin və əsgərlikdən qayıdan, kənd və rayonlarda yaşayan bütün gənclərə istinasız olaraq illik 3 faiz olmaq şərti ilə təsərrüfat fəaliyyəti üçün kredit və torpaq sahəsi, daimi yaşayış yeri şəhərdə olan gənclərə şəhər ətrafında mənzil tikmək üçün torpaq sahəsi və iş qurması üçün müvafiq layihə təkliflərinə uyğun olaraq eyni faizlə kreditlər nəzərdə tutan dövlət siyasəti proqramı hazırlansın”.
F. Quliyev bəyan edir ki, xarici ölkələrdə illik 3 faizlə idarə olunan Neft Fondunun vəsaitlərinin həmin faizlə ölkəmizdə gənclərə kredit şəklində verilməsi, həm də millət vəkilinin təklif etdiyi kimi kənd və rayonlarda yaşayan gənclərə təsərrüfat fəaliyyəti üçün istisnasız ayrılması, heç şübhəsiz ki, kənd təsərrüfatı sektorunun sürətli inkişafına səbəb olacaq. Təklifin ikinci hissəsində deyildiyi kimi, şəhərdə yaşayan gənclərə aşağı faizlə həm mənzil tikmək həm də iş qurmaq üçün kreditlərin ayrılması isə orta sahibkarlığın inkişafına səbəb olar. Ən azından gənclər topladıqları vəsaitləri mənzil problemlərinin həllinə deyil, kiçik bir biznes qurmağa sərf edərlər. Millət vəkili fikirlərini əsaslandırır ki, bu halın kütləviləşməsi, dünya təcrübəsində özünü doğrultmuşdur. Belə ki, bir çox inkişaf etmiş ölkələrdə kütləvi şəkildə gənclərə biznes kreditlərinin aşağı faizlə verilməsi və gənclərin mənzil probleminin dövlət tərəfindən layihə şəklində həlli, həmin ölkələrdə yüngül sənayenin və orta sahibkarlığın sürətli inkişafına səbəb olub. Amma ekspertlər hesab edir ki, Fərəc Quliyevin bu təklifi sadəcə olaraq seçicilərin səsini qazanmaq üçün ortaya atılan bir təklifdir və buna peşəkar yanaşma kimi baxmaq olmaz. Çünki Fərəc Quliyevin dediyi kimi edilərsə bu ölkədə ciddi iqtisadi inflyasiya yarada bilər və bunun törədəcəyi fəsadlardan sadəcə qurtulmaq mümkün deyil. Bu gün neftdən gələn gəlirlər əsasən xarici ölkələrə investisiya olaraq qoyulur ki, bu da gələcək nəsillər üçün müsbət nəticə verəcək. Amma Fərəc Quliyevin dediyi forma qəbul olunarsa bir neçə ildən sonra neftdən gələn gəlir tamamı ilə xərclənər və qısa zaman ərzində büdcə iflic hala düşər. Buna görə də ekspertlər hesab edir ki, bəzi prezidentliyə namizədlərin bu cür populist çıxışlarını ciddiyə almaq lazım deyil. Bu sadəcə səs oğurluğundan başqa bir şey deyil.
Toğrul Əliyev