"Ermənistanın Gömrük İttifaqına qoşulması Qərbdə Azərbaycana əlavə siyasi dividend qazandırdı"
"Ermənistanın Gömrük İttifaqına qoşulması Qərbdə Azərbaycana əlavə siyasi dividend qazandırdı"

Milli Məclisin deputatı, ATƏT PA-nın Büro üzvü və komitə sədrinin müavini Azay Quliyev, Ermənistanın keçmiş SSRİ-nin bərpası hesab edilən Avrasiya İttifaqı , Gömrük Birliyinə üzv olmağa hazırlaşmasına münasibət bildirərək deyib ki, Gömrük Birliyi ilə Avropa İttifaqı kimi müxtəlif iki geosiyasi platforma arasındakı prinsipial fərqlər Ermənistanın qarşısında bunlardan birini seçmək tələbini qoyurdu.
Ermənistan prezidenti qəbul etdiyi son qərarla Avropa İttifaqı ilə imzalanması nəzərdə tutulan assosiasiya sazişinin üstündən xətt çəkmiş oldu. Ermənistanın Gömrük İttifaqına üzv olacağı haqqında verdiyi bəyanat və atdığı konkret addımlar bir daha təsdiqlədi ki, bu dövlət həqiqətən də müstəqil deyildir və bunun üçün elə bir potensialı da yoxdur. Əslinə baxsaq, Rusiya Ermənistana tam nəzarət etdiyindən onun hansı istiqamətə seçim etməsini də müəyyənləşdirməsi heç kimdə təəccüb doğurmamalıdır. Sadəcə Rusiya bunu elə formada etdi ki, Ermənistan bir dövlət olaraq olan-qalan nüfuzunu da itirdi və demək olar ki, beynəlxalq imicinə ciddi zərbə vuruldu. Yəni, son 3 ildə Avropa İttifaqı ilə assosiasiya sazişi üzrə danışıqlar aparan və bu ilin noyabr ayında Vilnyusda bu sənədi imzalamağa hazırlaşan Ermənistanın bir saatın içində tamamilə fərqli istiqamətə yönəldilməsi müstəqil və suveren dövlət adına çox böyük ləkə və biabırçılıqdır. Məncə, bu məsələ erməni xalqını ciddi düşündürməli və bir sadə suala cavab tapmalıdırlar: "Rusiyanın vassalı olan işğalçı Ermənistanda yoxsul və rəzil olaraq yaşamaqmı, yoxsa, iqtisadi cəhətdən güclü qonşuları Azərbaycan və Türkiyə, o cümlədən Avropa İttifaqı ilə dost və bərabərhüquqlu tərəfdaş olan müstəqil Ermənistanın vətəndaşı olmaq yaxşıdır?" Əgər erməni ictimaiyyətində az da olsa, reallıq hissi qalıbsa və son baş verənlərə praqmatik yanaşanlar varsa, onlar bu sual ətrafında ciddi düşünməlidirlər:-“ Ermənistanın bu qərarından sonra bir daha bəlli oldu ki, Azərbaycan sözün əsl mənasında müstəqil dövlətdir. O milli maraqlarına uyğun qərar vermək və bütün məsələlərdə suverenliyini müdafiə etmək iqtidarında olan oturuşmuş bir dövlətdir. Həm də o da bir daha təsdiq olundu ki, bizim kimi çox həssas geosiyasi bölgədə yerləşən olkələr üçün müstəqilliyini qoruyub saxlamaq çox çətindir. Artıq qərb cənab prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasətin təkcə Azərbaycan üçün deyil, bütöblükdə Cənubi Qafqaz və Avropa üçün nə qədər mühum əhəmiyyət daşıdığının bir daha fərqinə vardı. Bu baxımdan Ermənistanın Gömrük İttifaqına qoşulması Qərbdə Azərbaycana və onun liderinə heç şübhəsiz ki, əlavə siyasi dividend qazandırdı. Bu müsbət məqamdır.Bizi qane etməyən məqamlara gəldikdə isə, deyə bilərəm ki, bunlardan biri odur ki, Gömrük İttifaqının sərhədləri ölkəmizə tam olaraq yaxınlaşdı. Rusiya bu baxımdan gələcəkdə İttifaqa daxil olmaq üçün Azərbaycana təzyiqi artıra bilər. Digər tərəfdən Ermənistanın siyasi dairələri artıq Qərbdə fikir yaratmağa çalışırlar ki, onların ölkələri yazıq və gücsüz durumda olduğu üçün Rusiyanın diqtəsini qəbul etməyə məcbur olublar. Başqa sözlə onlar Avropanı inandırmağa çalışacaqlar ki, qərbdən Ermənistana lazımi dəstək olarsa, bu siyasət gələcəkdə dəyişə bilər. Hamımız bilirik ki, bu növbəti erməni hiyləsi və ikili oyunundan başqa bir şey deyil. Beləliklə, erməni siyasətçilərinin hesablamalarına görə, bununla Ermənistan həm Rusiyanın forpostu statusunu saxlayaraq ondan gələn dəstəyin davam etməsinə nail olur, eyni zamanda "yazıq" və "zərərçəkmiş" obraza girərək Qərbdən iqtisadi və siyasi dəstəyi artırmağa çalışır. Son zamanlar Avropa İttifaqının rəsmiləri tərəfindən Ermənistanı basqıya uğramış tərəf kimi təqdim edən bəyanatlar dediklərimə sübutdur. Aydındır ki, hər iki tərəfdən Ermənistana dəstəyin artırılması bizim maraqlarımıza uyğun deyildir. Xarici siyasətdə biz bunu nəzərə almalıyıq.Məlum olduğu kimi, 2010-cu ildən etibarən Azərbaycan ilə Avropa İttifaqı arasında assosiasiya sazişi ilə bağlı danışıqlar başlanılıb. Mərhələli şəkildə aparılan danışıqlarda müsbət irəliləyiş olsa da, hələlik, bizi ciddi şəkildə narahat edən məqamlar da var. Bunlardan ən birincisi odur ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən müvafiq müddəanın saziş layihəsinə daxil edilməsi haqqında olan haqlı tələbimizin Avropa İttifaqı tərəfindən hələ ki qəbul edilməməsidir. Təbii ki, Azərbaycan bununla razılaşmır və ümumiyyətlə Avropa İttifaqı tərəfindən olan bu münasibət başa düşülən deyil. Çünki Avropa Parlamentinin də daxil olduğu bütün beynəlxalq təşkilatların və o cümlədən İttifaqa daxil olan ayrı-ayrı ölkələrin Azərbaycanın ərazi bütövlüyünü tanımasına baxmayaraq, Aİ-nın belə mövqe nümayiş etdirməsində heç bir məntiq yoxdur. Ona görə də bu məsələ öz müsbət həllini tapmayınca Aİ ilə Azərbaycan arasında sazişin imzalanmasını real hesab etmirəm. Doğrudur, biz Aİ-nin Vilnyus sammitinə heç də əli boş getmirik. Toplantı çərçivəsində Aİ ilə Azərbaycan arasında viza sadələşdirilməsi və readmissiya haqqında sənədlərin imzalanması gözlənilir”.
Toğrul