Şərq nağılından Qərb hüququna
Şərq nağılından Qərb hüququna

Milli Məclisdə çox maraqlı tədbirdəyəm. Əlil gənclərin daha aktiv həyata cəlb olunması məqsədilə "Şərq nağılı" festivalı üçün Bakıya gəlmiş xarici ölkə təmsilçiləri ilə Sosial siyasət komitəsinin təşkilatçılığı ilə görüş keçirilir.
Fiziki imkanları məhdud, ancaq həyat eşqi böyük olan bu insanlara göstərilən hər hansı bir diqqət sevindiricidir və onlarda gələcəyə daha ümidli aura yaradır. Bununla belə, bunlar yalnız xaricdən gələnlər üçün binalarımızın çölünü-içini göstərmək məqsədilə tərtib olunan tədbirlər kimi düşünülməməlidir. Düşünürəm ki, kimsəyə Azərbaycanda əlil olmaqla Avropada əlil olmağın fərqlərini xüsusi izah etməyə ehtiyac yoxdur. Hər kəs çevrəsində, öz ailəsində, qohum-tanışlarında tanıdığı əlillərin acınacaqlı vəziyyətini çox yaxşı görə bilir. Avropa mühitində əlil tamhüquqlu vətəndaş və şəxsiyyətdir. Azərbaycanda isə əlil ailənin üzərinə atılmış bir yükdür və onlara qayğı o qədər ağır maddi və mənəvi şərtlərdə aparılır ki, çox zaman ailənin sağlam üzvləri də bir neçə ilin içində ağır xəstəliklərə düçar olur, özləri də əlilə çevrilirlər. Ona görə də tədbirin adının "Şərq nağılı" olması, məncə, təsadüfi sayılmamalıdır. Ənənəvi olaraq əlillərə yenə də Şərq nağılı nəzərdə tutulur və Qərb hüququ yenə də arxa planda saxlanılır.
Tədbirdə millət vəkili, tanınmış publisist Elmira Axundova ilə yanaşı oturmuşam. Elmira xanımın həyat yoldaşı haradasa yeddi ildir evdə əlil arabasında yaşamını sürdürür. Hamıda elə təsəvvür olar ki, statusu və normal imkanı olan şəxslər daha fərqli şərtlərdə yaşayırlar. Ola bilsin ki, maddi-texniki imkan baxımından bəzi məsələləri daha rahat çözə bilərlər. Ancaq əlil üçün bu qaneedicidirmi? Məsələ təkcə yeməkdə, geyimdə, dərmanları vaxtlı-vaxtında tapıb verməkdə deyil. Əlillər cəmiyyət həyatına qatılmaq imkanından məhrumdurlar bizim ölkədə.
Diqqət edin: Elmira xanım danışır ki, yoldaşının qulağında problem var, heç bir xəstəxanaya aparmaq mümkün deyil. Bütün xəstəxanalarda pilləkənlər ancaq normal yürüyən insanlar üçün nəzərdə tutulub. Hətta yenicə təmirdən çıxan uşaq poliklinikasında belə o qədər vəsait xərclənməsinə baxmayaraq, yenə də əlillərin binaya daxil olması mexanizmi düşünülməyib. Digər xəstəxanalarda da əlil arabasını daxil etmək üçün dar liftlər yararlı deyil. Əlili idman tədbirinə, konsertə hansı vasitələrlə apara bilərsiniz? Ali məktəblərin heç birində əlillərin binada necə hərəkət etməsi, yuxarı mərtəbələrə qalxması yolları, ümumiyyətlə, düşünülməyib. Bu ürək ağrıdan fikirlərdən sonra millət vəkili həmkarıma “keçmiş olsun!” deməkdən başqa əlimdən bir iş gəlmir.
Tədbirdə Dünya Əlillər Federasiyasının vitse-prezidenti Necdət Öztürkün çıxışından bir neçə fraqmenti çatdırmaq istəyirəm. Necdət bəy bildirdi ki, bu sahədə görülməli və ya görüləcək işlər bizim üçün lütf və ya bəxşiş deyil, bu bir hüquqdur, haqdır: “Biz bu haqqı istəyirik. Azərbaycan əlillərlə bağlı bütün konvensiyalara qoşulsa da, oradakı tələblərin icra edilməsini düşünmədiyini görürük. Gözdən əlil vətəndaşın Bakıda hərəkət etməsi üçün heç bir mexanizm düşünülməyib. Hətta Milli Məclisə bir əlil deputat seçilərsə, o zaman hansı yolla binaya daxil olacağı da düşünülməyib. Bizlərin hər birini binanın 15-ci mərtəbəsinə adamların qucağında qaldırdılar. Bəs hanı sizin ən nüfuzlu binada əlillərlə bağlı xüsusi liftiniz, ayrıca yolunuz?”
Bu iradlardan Azərbaycan adına utandığımı hiss etdiyim anda Rusiya təmsilçisinin çıxışı sanki hər kəsə ümidverici yol göstərdi. Maraqlı faktı söylədi ki, əvvəllər Rusiya parlamentində araba ilə gələn əlil millət vəkili olmadığından, kimsə əlillərin hüququ, binaya sərbəst daxil olması barədə ciddi düşünmürdü. Hazırda Rusiya parlamentində 9 əlil deputat var və əlillərin hüquqları ən ciddi şəkildə qorunmağa başlayıb, yəni lift qoyulub, hətta qəbula gələn əlil vətəndaşlar üçün də rahat keçid imkanı yaradılıb.
Allah heç kimə əlillik, xəstəlik nəsib etməsin, ancaq bundan da vacibi kimsəni, xüsusilə də bu sahəyə cavabdeh olan məmurları vicdansız etməsin! “Əlillər üçün Şərq nağılı bitdi, gəlin Qərb hüququnu tətbiq etməyə başlayaq!" Bu sözləri bir cümləlik çıxışımda bəyan etməyi vacib saydım...