Köhnə dostların yeni macəraları
Köhnə dostların yeni macəraları

Müsavat Partiyası ilə AXCP-nin savaşı Milli Şurada baş vermiş iflasın nəticəsində yeni çalara bürünür və sosial şəbəklərdə, ayrı-ayrı qəzetlərdə hər iki partiyadan olan funksionerlər, fəal sıravi üzvlər antitəbliğat kampaniyasını genişləndirməyə başlayıblar. Müsavatçılar sosial şəbəklərdə iddia edirlər ki, AXCP mənsubları “Yeni Müsavat”ı müxalifəti birləşməyə qoymamaqda suçlayır. Halbuki müsavatçılar müxalifətə və Milli Şuraya hər cür dəstək verir. Dəstəklə yanaşı bu düşərgənin, liderlərin səhvlərini, yanlışlarını yazmaqdan, deməkdən də çəkinmir. Sənin lider deyib arxasınca düşdüyün adamın Milli Şuranı, müxalifəti haralara gətirib çıxardığını hələ açıqlığı ilə yazmırıq. Gözləyirik ki, bəlkə Allah ona bir azacıq insaf verər, daha böyük biabırçılıqlar etməz, gec də olsa fiaskoya, məğlubiyyətə aparan yoldan dönər.
Vəhdət Partiyasının sədri Tahir Kərimlinin “Unikal”a bildirdiyinə görə, “Ölkənin aparıcı müxalifət partiyaları hesab edilən Müsavatla AXCP-nin indi kəskin şəkildə üzə çıxan münaqişəsinin dərin kökləri var. Bu proses hələ AXC hakimiyyətə gələn zamanlardan başlanıb. O zaman İsa Qəmbər Türkiyənin Kültür Dərnəkləri vakfının mandatı və razılığı əsasında Müsavat Partiyasını yaratdı. Əslində, elə AXC-nin əsas ideologiyası da müsavatçılıq idi. İsa Qəmbər öz partiyasını yaradandan sonra Xalq Cəbhəsindəki intellektual qüvvələri öz qurumuna yığdı və bu
azmış kimi, cəbhəçiləri “çayxana uşaqları”, “qaragüruhçular” adlandırmağa başladılar. Elçibəyin hakimiyyəti dönəmində müsavatçılarla indi AXCP-ni təmsil edən yurdçular arasında vəzifə uğrunda amansız mübarizə başlandı. Hər bir qanad çalışırdı ki, hakimiyyətdə daha çox post tutsun. Beləcə onların vahid ideoloji yolu vəzifə uğrunda gedən savaşlarda dən davası səviyyəsinə endi”.
Partiya sədrinin sözlərinə görə, “Sonrakı mərhələlərdə müxtəlif siyasi qurumlarda ara-sıra birləşmələrinə baxmayaraq bu münaqişə zaman-zaman daha da dərinləşir. Hətta vaxtilə İsa Qəmbər Elçibəyin müxalifətin prezidentliyə vahid namizədi olmasına imkan vermədi. Hazırda isə müsavatçılarla AXCP-çilərin bir-birinə nifrəti patoloji norma səviyyəsinə yaxınlaşıb və onların haçansa səmimi siyasi müttəfiqlər rolunda çıxış edəcəyi çox şübhəli görünür. Bu iki partiya zahirən yaxın olanda da düşmənçiliyi tərk etmirlər. Onlar İctimai Palatada ona görə birləşmişdilər ki, bir-birinə daha kəskin zərbələr vursunlar”.
Vətəndaş və İnkişaf partiyasının sədri Əli Əliyevin “Unikal” söylədiyinə görə, “Müxalifətdə elə aparıcı partiyaların liderləri var ki, bu seçkilərə təkbaşına getməkdə iddialı idilər. Bu namizədlər özlərini sonuncu dəfə partiyalarının və cəmiyyətin qabağında doğrultmağa ümid edirdilər. Mən bu rəqabəti təbii hesab edirəm. Birincisi, hər iki partiya kifayət qədər iddialı və birincilik uğrunda mübarizə aparırlar. Hər iki partiya bu gün qınağına çevrildiyimiz 92-93-cü illər hakimiyyətinin nüvəsində dururdu. Onların iddialarının sonsuz olması siyasi mübarizələrinin xarakterini də şərtləndirir. Mətbuatı izləyənlər yaxşı bilir ki, bu gün bu partiyalar arasında baş verən hadisələri hələ 2011-2012-ci illərdə proqnozlaşdırmışdım”.
Partiya sədrinin sözlərinə görə, “Heç cür mümkün deyildi ki, bu iki partiya prezident seçkilərindən öncə münasibətlərini normallaşdıraydı və vahid namizəd barədə razılığa gələydi. Çünki mən bu partiyaların rəhbərlərini kifayət qədər yaxından tanıyıram və bu partiyaların daxilində baş verən hadisələrdən də məlumatlıyam. Və hesab etmirdim ki, o partiyalar prezident seçkilərinə vahid namizədlə getmək imkanına
malikdir. Bu proqnozum doğruldu və indi hər ikisi fərqli bir namizədi dəstəkləməyə məcburdur. Bunu da qeyd edim ki, bu partiyalar o vaxt bir yerdə ola biləcəklər ki, hər ikisindəki iddalı liderlər siyasi səhnəni tərk edəcəklər”.
Adil Hüseynli