Rusiyadan yeni bəyanat
Rusiyadan yeni bəyanat
Qafqaz Rusiyanın ayaqları altında

Rusiya regionda nüfuzunu artırmaq üçün müxtəlif vasitələrdən yararlanmağa başlayıb. Ümumgömürük İttifaqı ideyası ilə gündəmə gələn Rusiya artıq Ermənistanı hədəfə alıb və Ermənistan açıq şəkildə Avropadan imtina etdi. Hazırda isə Rusiya Ukrayna, Gürcüstan və Azərbaycanı hədəfləyib.
Artıq Rusiya qarşısındakı təzyiqlərə tab gətirməyən Ukrayna bəyan edib ki, ittifaqa qoşulmaq üçün ölkədə referendimum keçirilə bilər. Azərbaycan və Rusiyaya gəldikdə isə durum daha ağırdır. Belə ki, Azərbaycanın Dağlıq Qarabağ, Gürcüstanın isə Abxaziya, Osetiya problemi var və Rusiya zaman-zaman bu problemlərdən yararlanıb. İndinin özündə də Rusiya Qafqazda hansısa böyük oyunlara başlamağa hazırlıq görür. Elə Rusiya prezidentinin son hədələyici bəyanatıda buna misaldır. "Biz bir sıra xarici ölkələrin Şimali Qafqaz regionunda Rusiya əleyhinə apardığı destruktiv fəaliyyətilə üzləşirik. Bu ölkələr yenə əvvəl olduğu kimi Şimali Qafqaza Rusiyada qeyri-sabitlik yaradacaq platsdarm kimi baxırlar".Bu sözləri Rusiya prezidenti Vladimir Putin dünən Şimali Qafqaza həsr olunmuş Təhlükəsizlik Şurasının iclasında bəyan edib.
Prezident vurğulayıb ki, bu dövlətlərin məqsədi bütün ölkədə sabitliyi pozmaq, iqtisadi zərbə vurmaq və Rusiyanın beynəlxalq arenada nüfuzunu məhdudlaşdırmaqdır. "Biz bu cəhdlərin qarşısını almalı və adekvat cavab verməliyik"-deyə Putin qeyd edib.Kremlin sahibi bildirib ki, xarici ölkələrin Qafqazdakı problemlərdən istifadə edərək Rusiyanın maraqlarına zərbə vurmaq cəhdlərinə qarşı effektli müqavimət göstərmək lazmdır."Şimali Qafqaz regionu Rusiyanın təhlükəsizliyi üçün fövqaladə dərəcədə vacib, ölkənin təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən tarixi regiondur. Məhz burada bizim Qara dəniz və Xəzər dənizi daxil olmaqla bütün cənub strateji istiqaməti üzrə olan mövqeyimiz müəyyənləşir". Şimali Qafqaz regionunda vəzifə sahiblərini sərt tənqid edən Putin burada xəzinə oğurluğunun və rüşvətin geniş yayıldığını deyib."Biz bundan sonra da Şimali Qafqazda insan haqları sahəsindəki pozuntulara sərt münasibətimizi bildirəcəyik"-deyə Putin vurğulayıb. Maraqlıdır, Rusiya prosesləri nəzarətdə saxlamaq üçün hansı addımları ata bilər? Ekspertlər hesab edir ki, Rusiyanın şimal bölgəsində, əsasəndə Dağıstan və digər sərhəd bölgələrində gərginliklər başlayan kimi bu Azərbaycan və Gürcüstan üçündə təhlükəyə çevrilir. Məsələn, Dağıstanda gərginlik müşahidə olunan kimi "Sadval" təşkilatı hərəkətə keçir və buda Azərbaycana qarşı ərazi iddiasından başqa bir şey olmur. Bunu da qeyd edək ki, uzun müddət fəaliyyətləri diqqəti cəlb etməyən sadvalçılar "Milyarderlər İttifaqı" yaranan kimi hərəkətə keçdilər və Azərbaycan əleyhinə bəyanatlar səsləndirdilər. Bundan başqa mütəxəssislər bildirir ki, 5 il öncə Rusiya parlamenti belə bir qərarda çıxartdı ki, Rusiyanın milli maraqlarına zərbə vuran qüvvələr hansı ölkədə olmasından aslı olmayaraq onlara qarşı addımlar atılacaq. Ekspertlər bildirir ki, Rusiya məhz bundan bəhrələnməklə öz sərhəd bölgələrində lokal münaqişələr yarada bilər və sonra bunu bəhanə edərək öz qoşun birləşmələrini Azərbaycan və Gürcüstan ərazilərinə yeridə bilər. Bunu da qeyd edək ki, hələ ötən il Rusiya hərbi birləşmələrini Dağıstan ərazisində yerləşdirib.
Mehdi Əli