Yeni təhsil naziri də Məleykə Abbaszadə ilə ixtilafa gedir
Yeni təhsil naziri də Məleykə Abbaszadə ilə ixtilafa gedir

TQDK-ni tənqid edən bir açıqlamanın arxasındakı sirr pərdəsi

Deyəsən, Azərbaycanda Təhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ulduzu heç vaxt barışmayacaq. Sabiq təhsil naziri Misir Mərdanovun dövründə iki qurum arasında ciddi problemlər, qarşıdurmalar mövcud idi.
Hətta Mərdanovun vəzifəsindən azad edilməsinə aylar qala Təhsil Nazirliyi-TQDK savaşı artıq tamamilə aşkar müstəviyə keçmişdi, tərəflərin bir-birinə ittihamları, qınaqları obrazlı desək, "havada uçuşurdu". Vəziyyət o yerə çatmışdı ki, artıq mediada Mərdanovla Məleykə Abbaszadənin uzun illərdən bəridir davam edən ixtilafından yorulmuşdu. Artıq fərqli KİV-lərdə hökumətin iki məmurun davasına müdaxilə etməli, bu qarşıdurmanı dayandırmalı olduğu zərurətindən danışılırdı.
Mərdanovun Mikayıl Cabbarovla əvəz olunmasından sonra bir çoxları artıq Təhsil Nazirliyi-TQDK müharibəsinin bitəcəyini proqnozlaşdırırdı. İlk aylarda iki qurum arasında hər hansı problemin nəzərə çarpmaması, tərəflərin bir-birini hədəf göstərən açıqlamalar verməməsi də bu proqnozların doğru çıxacağını düşünməyə əsas verirdi.
Amma dünənki bir açıqlama artıq Təhsil Nazirliyi ilə TQDK arasında yeni "soyuq savaş"ın başlama ehtimalının yüksək olduğundan xəbər verir. Gəlin əvvəlcə həmin açıqlama ilə tanış olaq.
"Azərbaycanda məzunların yekun attestasiyası, yəni buraxılış imtahanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılır. Əgər yekun attestasiya onlar tərəfindən aparılırsa və medallar da yekun attestasiyasının yekunlarına əsasən verilirsə, həmin qurumun kiməsə irad tutmasının heç bir əsası yoxdur" - bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov Bakı şəhər təhsil işçilərinin ənənəvi sentyabr konfransında çıxışı zamanı deyib.
M. Bayramov bildirib ki, orta məktəblərdəki yekun attestasiya imtahanları Azərbaycan dili və Riyaziyyat fənnindən aparılmamalıdır. M.Bayramovun sözlərinə görə, buraxılış imtahanlarında təbiət elmləri də əhatə olunmalıdır: "Çünki bu fənlər bütün ixtisas qruplarında imtahana düşür. O fənləri isə şagird repetitordan öyrənir, məktəbə ehtiyac qalmır. Bəs məktəbin fəaliyyəti yekun attestasiyada necə qiymətləndirilir? Demək olar ki, qiymətləndirilmir. Demək istəmirəm ki, bizim nöqsanlarımız yoxdur. Amma yekun attestasiya hansı təşkilat tərəfindən aparılırsa, məsuliyyət də onun üzərinə düşməlidir".
Gəlin reallaşaq ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini TQDK-nı hədəf seçən fikirləri yeni təhsil naziri ilə razılaşdırmadan səsləndirə bilməzdi. Belədə isə əminliklə demək olar ki, nazirliklə Məleykə Abbaszadənin rəhbərlik etdiyi qurum arasında köhnə ixtilaf yeni mərhələyə qədəm qoyur. Yəni iki qurum arasında hələ də həllini tapmamış problemlər qalır.
Bu eyni zamanda belə bir qənaəti irəli sürməyə imkan yaradır ki, Təhsil Nazirliyi ilə TQDK-nın arasındakı qarşıdurmanın kökündə heç də Məleykə Abbaszadə ilə Misir Mərdanovun şəxsi kaprizləri, şəxsi maraqlar kontekstində qarşıdurmaları dayanmırmış. Görünür, TQDK ilə Təhsil Nazirliyinin illərdir davam edən ixtilafları təhsillə bağlı kifayət qədər fundamental məsələlərdə fikir ayrılıqlarından daha çox qaynaqlanırmış. Elə bu səbəbdən də təhsil naziri dəyişsə belə, adıçəkilən iki mühüm qurumun arasındakı soyuqluq heç cür aradan qalxmaq bilmir.
İndi bizə qalır, yeni təhsil nazirinin rəhbərliyi altında Təhsil Nazirliyi ilə TQDK arasında bu ilk ixtilaf toxumlarının cücərib-cücərməyəcəyini, əvvəl olduğu kimi, uzun müddətli "soyuq savaş"a çevrilib-çevrilməyəcəyini gözləmək. Yəqin buna ən yaxın zamanda tam aydınlıq gələcək.

Ülviyyə Qasımlı