Obama İlham Əliyevə məktub yazdı
Obama İlham Əliyevə məktub yazdı

ABŞ prezidenti Barak Obama prezident İlham Əliyevə məktub yazıb. Məktubda deyilir:
- Hörmətli cənab Prezident,
Bakıya ilk rəsmi səfəri münasibətilə mən ABŞ-ın ATƏT-in Minsk qrupunda yeni həmsədri təyin olunmuş səfir Ceyms Uorlikə tam dəstək verdiyimi sizə çatdırmaq istərdim. Onun bu yaxınlarda təyin olunması tərəflərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmasına yardım etmək işinə Birləşmiş Ştatların qəti və birmənalı sadiqliyinin güclü göstəricisidir.
Ümidvaram ki, səfir Uorlikin zəngin diplomatik təcrübəsi və hökumətinizin irəliləyişə nail olmaq arzusu həmsədrlərin işinə və sülh prosesinə yeni təkan verəcəkdir. Mən gələn aylar ərzində Ermənistan ilə birbaşa dialoq imkanlarından yararlanmağınızı və danışıqlarda hazırkı çıxılmaz vəziyyətdən çıxış yolu tapmaq üçün həmsədrlərin vaxtından və bacarığından istifadə etməyinizi dəstəkləyirəm. Artıq danışıqlarda müəyyən edilmiş kompromis çərçivəsində regionda sülhün bərqərar olunması üçün yeni səylərin göstərilməsi vaxtı yetişib".