Dialoq kimə sərf edir?
Dialoq kimə sərf edir?

Müxalifətlə hakimiyyət arasındakı aqressiya dialoq mövzusunu sıradan çıxarır

Yeni Azərbaycan Partiyası Milli Şura üzvü Mehman Əliyevin iqtidar-müxalifət dialoqu ilə bağlı təklifinə münasibət bildirib. Hakim partiyanın icra katibinin müavini, deputat Siyavuş Novruzov müxalifətlə dialoqa hazır olduğunu deyib.

S.Novruzovun fikrincə, dialoqun indiyədək baş tutmaması müxalifətin qərarsızlığından irəli gəlib:"Biz uzun müddətdir bu məsələni deyirik. Daim dialoqa hazırıq. Amma müxalifətdə dialoqa getmək potensialı olan insan yoxdur. Birinci növbədə Milli Şura öz daxilində nizam-intizam yaratsın. Yersiz ittihamlara son qoysun. Ondan sonra fikir mübadiləsi aparsınlar. Onlarda konkretlik yoxdur. Biz hər zaman dialoqa hazırıq"-deyə YAP təmsilçisi Milli Şuranın dialoq təklifinə cavab verib.Qeyd edək ki, Milli Şuranın üzvü, "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev açıqlamasında müxalifətlə iqtidarın dialoqa getməsinin vacib olduğunu deyib. Onun sözlərinə görə, seçkiöncəsi belə bir dialoqun olması mühüm əhəmiyyət kəsb edir.Maraqlıdır , bu gün dialoq olarsa mövzu nə ola bilər? Ekspertlər hesab edir ki, əslində hazırda iqtidarın müxalifətlə dialoq masası arxasında əyləşməsinə ehtiyac yoxdur və bunun bir sıra ciddi səbəbləri var. İlk növbədə ona görə ki, müxalifət bir müddət öncə Milli Şuranın yaradılmasının ilk zamanlarında Azərbaycan maraqlarından kənara çıxaraq Rusiya faktoruna sığındı və bu hakimiyyət üçün ciddi əngəllər yaratdı. Həmin vaxt qeyri-rəsmi olsada hakimiyyət dəfələrlə müxalifətlə bir masa arxasında əyləşməyə cəhd etdi və arqument olaraq bu göstərildi ki, Rusiya ölkədaxili proseslərə müdaxilə edir və bu Azərbaycan dövlətçiliyi üçün ciddi problemlər yarada bilər. Amma həmin vaxt müxalifət hakimiyyətin dediklərini qəbul etməyərək Rusiyanın oynunun iştirakçısına çevrildilər. Azərbaycan hakimiyyəti isə diplomatik gedişlər etməklə bu problemi zərərsizləşdirdi və aydın oldu ki, ümumilli məsələlərdə müxalifətə etibar etmək olmaz. Bundan başqa digər ciddi faktor budur ki, müxalifət bu seçkilərə daha çox xarici qüvvələrin dəstəyi ilə qatıldı. Hətta bunun üçün erməni lobbisinə bağlı olan qüvvələrlə əməkdaşlıqdanda çəkinmədilər. Bütün bunlar isə sözsüz ki, mövcud hakimiyyəti beynəlxalq təşkilatlar qarşısında çıxılmaz duruma salırdı. Həmçinin baş verənlər hakimiyyətlə müxalifət arasında ciddi uçurumlar yaratdı. Nəhayət sonuncu arqument isə budur ki, müxalifət seçdiyi seçki taktikasında qüsura yol verdi və öncə Rüstəm İbrahimbəyov, daha sonra isə Cəmil Həsənlini vahid namizəd elan etməklə cəmiyyətdə ki, nüfuzlarına ciddi zərbə vurdular. Bu gün müxalifət demək olar ki, ayaqlar altındadır və iqtidar müxalifətlə dialoqa gedərsə əslində müxalifətin reytinqinə müsbət təsir edər və bu düşərgəni özünə alternativ kimi qəbul etdirər. Buna görə də ekspertlər hesab edir ki, bu gün hakimiyyətlə müxalifət arasında dialoqun olması mümkünsüzdür və ümumiyyətlə bu gün dialoq mövzusu belə yoxdur.
Mehdi Əli