Rüfət Aslanlının komitəsinin 15 yaşı…...
Rüfət Aslanlının komitəsinin 15 yaşı…...

QKDK öz üzərinə düşən vəzifələri yerinə yetirə bilibmi?

Dünən Bakıda "Yeni erada kapital bazarlarının tənzimlənməsi: Tənzimləyici və bazar institutlarına yenidən baxış" mövzusunda beynəlxalq konfrans keçirilir. Tədbir Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) yaradılmasının 15-ci ildönümünə həsr olunub.

Xatırladaq ki, qiymətli kağızlar bazarında tənzimləyici və nəzarət edici orqanın yaradılması barədə ölkə prezidentinin fərmanı 30 dekabr 1998-ci ildə imzalanıb. O vaxta kimi yalnız dövlət istiqrazları bazarı vardı, nəticədə 1000 səhmdar cəmiyyəti dövlətsizləşdirilib, onların səhmlərini 70 min nəfər alıb.
Bu gün ölkədə 2100-dən çox qiymətli kağız emitenti olsa da, şəffaf kapital bazarı formalaşmayıb. İqtisadçılar bildirir ki, o, iqtisadi sistemə adaptasiya olunmayıb. Ölkədə buraxılan investisiya qiymətli kağızların əsas hissəsi dövlətin payına düşür, bunlar isə dövriyyə vasitəsi deyil. Qiymətli Kağızlar bazarının 70%-i dövlət kağızları seqmentidir, burda Mərkəzi Bankın notları üstünlük təşkil edir.
Korporativ sektorda artım maliyyə şirkətlərinin hesabına baş verir (banklar və qeyri-bank kredit təşkilatları, sığorta və lizinq şirkətləri), onların kapitalına xüsusi tələb var. Təkrar səhm bazarında birja dövriyyəsi qeyri-mütəşəkkil bazardan xeyli geri qalır, bu isə onun şəffaflıq səviyyəsinin aşağı olmasına təsir edir. Praktika göstərir ki, QKDK 15 ildə Qiymətli Kağızlar bazarında tələb və təklif artımına nail olmayıb. Bazarda alternativ investisiya alətləri yoxdur. Qeyri-maliyyə təşkilatları investisiya cəlb etmək üçün kapital bazarına müraciət etmir. Bu şəraitdə yalnız bir bankın Bakı Fond Birjasında listinqi var, müvafiq olaraq, birja indeksi yoxdur. İnvestorlar qiymətli kağızların qiyməti barədə dürüst informasiya almaq imkanından məhrumdur, nəticədə onlarla manipulyasiya geniş yayılıb.
Bu şəraitdə Rüfət Aslanlının sədri olduğu QKDK nəzarət funksiyasının da öhdəsindən gəlmir. Məsələn, fond birjasının üzərinə birjadankənar və insayder əqdlər barədə informasiya açıqlamaq funksiyası qoyulub. Amma BFB normativ aktlar qəbul ediləndən bəri bu tələblərə əməl etmir. Qeyri-maliyyə şirkətlərinin 5%-i illik hesabatı açıqlayır. Heç də bütün şirkətlər səhmdarların yığıncağını keçirmir. QKDK investorların hüquq və maraqlarını qorumaq üçün məhkəmə orqanlarına bir dəfə də müraciət etməyib.
Beynəlxalq struktur və institutların təzyiqi ilə (Aİ, DB və s.) qiymətli kağızlar bazarı üzrə yeni qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması üçün qanun layihələri hazırlanmayıb. Hökumətdə mühafizəkarların mövqeyi güclüdür, onlar biznesdə geniş təmsil edilib və bu bazarda şəffaflığın artırılmasında maraqlı deyillər. Ona görə qiymətli kağızlar bazarı, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihələri hökumət dəhlizlərində it-bata düşür.
Qiymətli Kağızlar ilə əməliyyatların avtomatlaşdırılması üçün görülən tədbirlərə baxmayaraq, kapital bazarının infrastrukturu zəif inkişaf edib. Mərkəzi depozitarın cəmi bir filialı var, brokerlər (14 şirkət) yalnız Bakıda fəaliyyət göstərir. Qiymətli Kağızlar bazarının peşəkar iştirakçıları assosiasiyası belə yoxdur.
Fikrimizcə, yuxarıda sadalanan faktlar Rüfət Aslanlının rəhbərlik etdiyi komitənin 15 illik fəaliyyəti haqqında kifayət qədər təsəvvür yaradır. Bir sözlə, yubiley var, amma sevinmək üçün əsas yoxdur.
Azər Aslan