Seçkilərdən sonrakı Qarabağ
Seçkilərdən sonrakı Qarabağ

Analitiklər əvvəlcədən proqnozlaşdırırdılar ki, 2013-cü ildə Dağlıq qarabağ probleminin həlli istiqamətində gədən proseslərdə durğunluq dövrü yaşanacaq.
Bu proqnozu isə həm Ermənistanda, həm də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqələndirirdilər. Niderland Krallığının sabiq baş naziri Vim Kok bildirib ki, uzun illər davam edən bu münaqişənin həlli üçün yeni yolların axtarılması vacibdir: “Minsk Qrupu daha aktiv olmalıdır. Çünki bu təşkilatın uzun illərdir davam edən fəaliyyəti heç bir nəticə verməyib. Prosesi dalandan çıxartmaq üçün yeni diplomatik səylər lazımdır”.
Demokratik islahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadənin “Unikal”a söylədiyinə görə, “Dağlıq Qarabağ problemi ətrafında yaranmış vəziyyət Ermənistanı tam şəkildə qane edir və o, status-kvonun qorunub saxlanmasına çəhd göstərir. Bu vəziyyət həm də Ermənistana sürətlə silahlanmaq imkanı verir. Son aylarda Rusiya Ermənistanın yenə də ən müasir hərbi texnika və silahla təchizatını davam etdirib. Ermənistan bütün vasitələrlə çalışır ki, Rusiya ilə münasibətləri daha da sıxlaşdırsın və bu yaxınlaşma artıq Ermənistanın dövlət müstəqilliyinin itirilməsinə gətib çıxardıb. Faktiki olaraq, Ermənistan Rusiyanın vassalına çevrilib”.
Millət vəkilinin sözlərinə görə, “Problem ətrafında yaranmış belə bir durum isə Azərbaycanı heç cür qane edə bilməz. İndiki mərhələdə Azərbaycanın yeganə çıxış yolu beynəlxalq qurumlar vasitəsilə
Ermənistana təzyiqləri artırmaqdır. Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, ATƏT və s. qurumlarla işbirliyni daha da gücləndirməliyik. Bizim bundan başqa variantımız da yoxdur. Çünki Güney Qafqaz bölgəsində marağı olan beynəlxalq güclərin heç biri burada müharibənin başlanmasını istəmir. Dağlıq Qarabağ probleminin həlli istiqamətində iş apararkən Rusiya amilini də gözardı etmək olmaz. Çünki onun buradakı maraqları digər beynəlxalq güclərin maraqlarından daha çoxdur”.
Azərbaycan Liberal Demokrat Partiyasının sədri Əvəz Temirxanın “Unikal”a söylədiyinə görə, “2013-cü ildə Azərbaycanda gedən siyasi proseslərin nəticələri, xüsusən də prezident seçkilərinin keçirilmə tərzi beynəlxalq dairələrin əlində güclü bəhanəyə çevrilə bilər. Bu məqamda xüsusilə diqqətli olmaq lazımdır. Çünki prezident seçkilərində neqativ faktlar qeydə alınarsa, Dağlıq Qarabağ probleminin beynəlxalq strukturlarda müzakirəsi zamanı, o cümlədən müvafiq qərar və qətnamələrin qəbul edilməsi zamanı Azərbaycanın əleyhinə olacaq məqamlar yer ala bilər. Buna görə də Azərbaycan cəmiyyətinin tam şəkildə demokratikləşdirlməsi çox vacibdir. Hətta mən deyərdim ki, Dağlıq Qarabağa gedən yol ölkənin tam şəkildə demokratikləşdirilməsindən keçir”.
Patiya sədri hesab edir ki, “Demokratiyanın tam şəkildə təntənə qazanmadığı bir ölkəyə Dağlıq Qarabağı verməyəcəklər”.
Məzahir Avşar