Mübariz Əhmədoğlu: "Erməni millətinin təmsilçilərinin Rusiya xarici siyasətində prioritet olması tarixin kinayəsidir"
Mübariz Əhmədoğlu: "Erməni millətinin təmsilçilərinin Rusiya xarici siyasətində prioritet olması tarixin kinayəsidir"

"Rusiya səfirini öldürən, Moskva metrosunda terror törədən, SSRİ-ni dağıdan erməni millətinin təmsilçilərinin Rusiya xarici siyasətində prioritet olması tarixin kinayəsidir".
Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq hesab edir ki, Vladimir Putinin Bakı səfəri Rusiyanın bəzi diplomatlarını narahat etməməlidir: "Azərbaycan həmişə öz kartı ilə oynayıb. Başqalarının kartından istifadə etməyib və kiminsə əlində karta çevrilməyib. Rusiya-Azərbaycan münasibətləri heç də həmişə düzxətli olmayıb. Rusiyanın Azərbaycana təzyiqlərinin olduğu dövrdə də Azərbaycan Rusiyaya dost münasibətini qoruyub saxlayıb. Başqa dövlətlərə, bloklara müraciət etməyib. İndi də belə olacaq. Rusiya müstəqilliyimizə xələl gətirməyən, risk yaratmayan və qarşılıqlı faydalı nə təklif edəcəksə qəbul edilə bilər".
M.Əhmədoğlu qeyd edib ki, Azərbaycan Rusiya qarşısında hansısa ekstravaqant təklif irəli sürmək niyyətində deyil. Azərbaycandakı rus diplomatların ermənilərə qahmar çıxması isə faydasızdır.
Politoloqun fikrincə, Azərbaycan Rusiya ilə münasibətlər qurarkən erməni faktorunu diqqətdən kənarda saxlamamalıdır: "Rusiyadakı bəzi qüvvələr, ermənilər Azərbaycanın Rusiya ilə düşmən olmasında maraqlıdırlar. Yalnız Azərbaycanla Rusiyanın düşmənçiliyi şəraitində Ermənistan regionda "at oynada" bilər".
M.Əhmədoğlu hesab edir ki, Rusiyanın xarici siyasəti ikisəslidir. Onun fikrincə, əksərən Kremlin apardığı siyasətlə Xarici İşlər Nazirliyinin apardığı siyasət fərqli olur: "Rusiya Azərbaycanı cəzalandırmağa, Ermənistanı isə mükafatlandırmağa daha çox meyillidir. 1991-ci ilin 17 martında SSRİ-nin saxlanılması ilə bağlı referenduma Azərbaycan müsbət, Ermənistan isə mənfi cavab verdi. Referendumdan bir il keçməmiş rus qoşunlarının iştirakı ilə Xocalıda azərbaycanlıların soyqırımı törədildi".
Politoloqun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşlarının böyük əksəriyyəti milliyyətcə ermənidir: "20-dən çox dövlətdə Rusiyanın səfiri erməni millətinin təmsilçisidir. Rusiyanın xarici işlər naziri S.Lavrovun atasının familiyası Kələntəryan olub. Rusiyanın Azərbaycandakı diplomatlarının böyük əksəriyyətində Azərbaycan sevgisi yoxdur. Əvəzində erməni sevgisi ilə rus sevgisi rəqabət apara bilər. Bu baxımdan Rusiya tərəfdən aparılan siyasətin icraçılarının müəyyənləşdirilməsi V.Putin ilə ayrıca müzakirə edilməlidir".
O qeyd edib ki, erməni mənşəli rus diplomatların Ermənistanın maraqlarına işləməsi ümumi şübhədən irəli gələn fikir deyil: "Bəzən dünyanın ən ucqar dövlətləri Ermənistana maraq göstərirlər. Bu marağı həmin ölkənin Rusiya səfirliyində işləyən erməni diplomatlar yaradırlar. Anti-Azərbaycan təbliğatının böyük bir qismi erməni mənşəli Rusiya diplomatlarının hesabındadır. Getdikcə zəifləyən Ermənistanla getdikcə güclənən Azərbaycanın bərabər görünməsinin səbəbkarı da erməni mənşəli rus diplomatlardır. Ermənistanın Rusiya tərəfdən tam dəstəyə malik olması tezisinin müəllifi də erməni mənşəli rus diplomatlardır".
Vüqar