Əbülfəs Qarayev haqqında xəbərin pərdəarxası
Əbülfəs Qarayev haqqında xəbərin pərdəarxası
Naziri hədəfə gətirmək istəyirlər?

Bir neçə gün əvvəl mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə bağlı maraqlı bir məlumat yayıldı. Həmin xəbərdə bildirilirdi ki, nazir Ramazan bayramını Qubanın Qəçrəş kəndində keçirib. Amma istirahəti zamanı nazir üzücü olayla da qarşılaşıb
Məlumatda o da bildirilirdi ki, Əbülfəs Qarayev dünən özünün idarə etdiyi "Rance Rover" markalı avtomobili ilə kənd yolunda qarşısına çıxan inəyi vurub. Qəza nəticəsində nazirə məxsus avtomaşının qabaq hissəsi yüngül əzilib. Vurulan inəyin isə ayağı sınıb. Əbülfəs Qarayev kənd sakinləri vastiəsilə inək sahibini taparaq, ona dəyən zərəri ödəyib.
Bəzi rəylərə görə, Qarayevlə bağlı bu xəbərin mətbuata sızdırılması onun iqtidar içindəki rəqiblərinin marağına uyğundur. Məsələ burasındadır ki, bu il seçki ili olduğundan iri məmurlara istirahət etmək faktiki olaraq yasaqlanıb, onların yay məzuniyyətlərini seçkidən sonrakı dövrə təxirə salmaları tapşırılıb. İri məmurlara həmçinin bunun əvəzində xalq arasında olmaq, onların problemləri ilə yaxından maraqlanmaq və bu problemlərin həllini həyata keçirmək yönündə də ciddi tapşırıqların verildiyi artıq KİV-lərin yazdıqlarından məlumdur. Elə sonuncu bayram günlərində də iri məmurlara Ramazanı vətəndaşlarla bir yerdə keçirmək göstərişi verilibmiş.
Amma indi mədəniyyət və turizm naziri ilə bağlı məlum iddianın mediaya sızdırılması onunla əlaqələndirilir ki, kimlərsə Qarayevin haqqında danışılan tapşırıqdan kənara çıxdığı və ölkənin əsas turist zonalarından birinə istirahətə getdiyi barədə rəy yaransın. Bununla da sözügedən nazirin iqtidar kulislərində qınaq və iradlara tuş edilməsinin hədəfə gətirilməsinin planlaşdırıldığı istisna olunmur.
Azər Aslan