İlham Əliyev yenidən prezident seçiləcək
İlham Əliyev yenidən prezident seçiləcək

"Aparılan təhlillərə və reallığa əsasən demək olar ki, hazırkı dövlət başçısı cənab İlham Əliyevin yenidən prezident seçiləcəyi, eləcə də prezident seçkilərinin çox sakit və Azərbaycan xalqının onu dəstəkləməsi şəraitində keçəcəyi proqnoz ediləndir". Bunu açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov bildirib.

Fərhad Məmmədov qeyd edib ki, SAM artıq bir neçə ildir ki, ölkədə sosioloji sorğular keçirir. Eyni zamanda, bir sıra sosial-iqtisadi göstəricilərlə bağlı son 10 il ərzində müxtəlif tədqiqatlar aparılıb. Bu tədqiqatlara əsasən, tam əminliklə demək olar ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhali arasında siyasi reytinqi çox yüksək səviyyədədir:
"Qeyd etməliyik ki, 2008-ci ildə keçirilmiş prezident seçkilərində cənab İlham Əliyevə 3 milyon nəfərdən çox Azərbaycan vətəndaşı səs vermişdi. Aparılan təhlillər nəticəsində demək olar ki, bu, cənab İlham Əliyevin stabil elektoratıdır. Bu isə səsvermə hüququna malik olan əhalinin mütləq əksəriyyətinin indiki dövlət başçısını dəstəkləməsi deməkdir".
SAM-ın direktoru onu da qeyd edib ki, Azərbaycan müxalifəti də yaradılan bu demokratik, rəqabətli şəraitdə seçkilərdə iştirak edə bilər. Amma ötən il də, bu il də müxalifət düşərgəsində gedən proseslər onu göstərir ki, onların arasında vahid mövqe yoxdur:
"Parlament müxalifəti bir istiqamətdə fəaliyyət göstərir və öz namizədləri var. Parlamentdən kənarda qalan müxalif siyasi qüvvələrin bir neçə namizədi var. Bu da Azərbaycanda olan çox azsaylı müxalifət elektoratını parçalayır və vahid bir ideya ətrafında birləşmələri üçün problemlər yaradır. Ona grörə də simaların, taktikaların dəyişmədiyi halda seçkiyə cəmi 2 ay qalmış hələ də daxili çəkişmələr içində olan müxalifətin qarşıdan gələn prezident seçkilərində hər hansısa bir uğur qazanması, hətta 2003-cü ilin göstəricilərini təkrarlaması mümkün deyil".
Mərkəzin direktorunun sözlərinə görə, xarici ekspertlər və SAM-la tərəfdaşlıq edərək Azərbaycana gəlib, burada tədqiqatlar aparan xarici təşkilatlar da İlham Əliyevin seçkilərdə qalib gələcəyini proqnozlaşdırırlar:
"Onlar bütün bu prosesləri müşahidə edərək və ələlxüsus, Azərbaycanda həyata keçirilmiş və həyata keçirilməkdə olan layihələri nəzərə alaraq qeyd edirlər ki, İlham Əliyevin siyasi iradəsi, eyni zamanda həyata keçirdiyi layihələr Azərbaycanın uzunmüddətli inkişafını təmin edir. Bu şəraitdə İlham Əliyevin Azərbaycan xalqı tərəfindən dəstəklənməsində hər hansı qeyri-adilik yoxdur".