ABŞ sərgüzəştləri davam edir
ABŞ sərgüzəştləri davam edir

İndidə Rəsul Quliyev gündəmə gəldi

ABŞ-da Helsinki komissiyasında dinləmələr sona çatsada,bu mövzuda müzakirələr hələ də davam edir. Bu dəfə yenədə müxalifət liderləri qəhramanlıq həvəsinə düşüblər. Belə ki, Eldar Namazov ilk gündən belə rəy yaratdı ki, bu dinləmələrin bir başa təşkilatçısı özüdür və bu səbəbdən dinləmələrə yalnız o dəvət edilib.
Bundan sonra həm də bəyan etdi ki, ona bu toplantıda iştirak etmək üçün hətta ABŞ-in Azərbaycandakı səfiri ondan şəxsən xahiş edib. Bunun davamı olaraq isə AXCP-yə yaxın qüvvələr belə rəy yaratmağa başladılar ki, ABŞ müxalifət olaraq Azərbaycanda Müsavatı yox,Rüstəm İbrahimbəyovu qəbul etdiyindən görüşlərə rejisorun aparat rəhbəri Eldar Namazov dəvət edilib. Amma indidə ortada başqa bir iddia var. Milli Məclisin sabiq spikeri, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazovla ABŞ-da keçirilən görüşünün təfərrüatlarını açıqlayıb. Görüşlə bağlı danışan eks-spiker Eldar Namazovla Milli Şuranın prezident seçkilərində sərgiləyəcəyi siyasi strategiya və vahid namizəd məsələsini müzakirə etdiyini bildirib.R.Quliyevin fikrincə, görüş maraqlı müzakirələrlə yadda qalıb:"Eldar Namazovla görüşdük, prezident seçkisi,Milli Şuranın formalaşacaq siyasəti, vahid namizədlə əlaqədər və eləcə də ümumiyyətlə maraq doğuran bütün məsələlər ətrafında müzakirələr apardıq"-deyə R.Quliyev vurğulayıb.
Eks-spiker daha sonra Konqresdə keçirilən dinləmələrə qatılmamağından söz açıb. R.Quliyev dinləmələrin seçkidən öncə keçirilməsi barədə danışıqların onun tərəfindən həyata keçirildiyini bəyan edib.R.Quliyev Helsinki komissiyasının sədrləri ilə görüşdüyünü, Azərbaycanla bağlı həqiqətləri onların diqqətinə çatdırdığını deyib.
"Belə bir dinləmənin prezident seçkisindən öncə keçrilməsinin vacibliyi barədə danışıqları mən aparmışam. 2012-ci ilin əvvəlində keçirdiyim görüşlərin nəticəsində Azərbaycanla əlaqədar ancaq ekspertlərin iştirakı ilə dinləmələr 2012-ci ilin sentyabrında oldu. Bu ilki görüşlərin nəticəsi olaraq 16 iyul dinləmələri baş tutdu. Məsələ ondadır ki, mən həmin Helsinki komissiyasının sədrləri olan senator Qarden (Demokrat Partiyasındandır) və konqresmen Smit (Respublikaçılar Partiyasından) və onlarla bu komissiyadan başqa senator və konqresmenlərlə görüşlər keçirib, bu dinləmələrin təşkili ilə bağlı müzakirələr aparmışam. Dinləmələrin aparılmasına sədrlik edən və orada çıxış edənlərin hər birlərinin həm özləri və həm də rəhbərliyi ilə görüşlər keçirmişəm. Əlbəttə, orada iştirak edib-etməməyim mənim istəyimdən asılı idi. O iclasda iştirak edənlərin içərisində elə birisi yoxdur ki, mən onlarla bu məsələni saatlarla müzakirə etməyim. Ona görə orada iştirak edib 5 dəqiqəlik çıxış etməyim düzgün olmazdı"-deyə R.Quliyev qeyd edib. Amma aydın olub ki, Rəsul Quliyevin də dedikləri doğru deyilmiş. Sadəcə olaraq hər zaman seçkilərdən öncə ənənəvi olaraq belə brifinqlər təşkil edilirmiş ki, bu toplantıda sıradan növbətisi olub. Və belə toplantılarda hər hansı qərarda qəbul edilmir. O ki, qaldı məhz Eldar Namazovun iştirakına,qeyd olunur ki, hər hesabatda fərqli müxalifət liderləri dəvət edilir. İsa Qəmbər illər öncə belə dinləmələrdə olduğundan indidə Eldar Namazovu dəvət ediblər.
Toğrul Əliyev