Milli Şura çaxnaşır
Milli Şura çaxnaşır

Milli Şuranın üzvləri söz və mətbuat azadlığına, fikir plüralizminə düşmən kəsilir

İstənilən siyasi təşkilatın daxili əxlaqı və müşahidə edilən özəllikləri sonradan daha geniş şəkildə intişar tapıb cəmiyyətin bəlasına çevrilə bilər. Xüsusən də bu qurum ölkədə hakimiyyətə gələ bilsə...
Biz Azərbaycanın yaxın tarixində artıq belə hadisələrin dəfələrlə şahidi olmuşuq və sözün düzü, daha buna ehtiyacımız yoxdur. Gördüklərimiz və çəkdiklərimiz bizə yetər.
Amma... Əmması budur ki, Azərbaycanda fundamental dəyişikliklər edəcəyi iddiası ilə siyasət meydanına çıxan Milli Şuranın adlı-sanlı liderləri artıq ciddi şəkildə "xoruzlar buraxmağa" başlayıblar.
Belə ki Milli Şura adlı qurum demokratik qüvvələrin yeni ittifaqı kimi təqdim olunsa da, təşkilat üzvləri alternativ fikrə münasibətdə dözümsüzlük nümayiş etdirir. Tənqidə dözümsüzlük təkcə Milli Şuranın rəhbərliyində təmsil olunan şəxslərin deyil, hətta bu təşkilatın siyasi proseslərə təsir imkanı məhdud olan sıravi üzvlərinin çıxışlarında da özünü açıq-aşkar büruzə verir. Milli Şura üzvlərinin hakimiyyət təmsilçiləri ilə yanaşı, sözügedən ittifaqa qoşulmayan müxalifət partiyalarının aparıcı funksionerlərinə münasibətdə də xüsusi aqresiya nümayiş etdirməsi bu qurumun demokratik prinsiplərə arxa çevirdiyini göstərir.
Milli Şuranın fəaliyyətini təftiş edən siyasi analitiklərin və jurnalistlərin rəhbərlik tərəfindən "süngü" ilə qarşılanması bu təşkilatın perspektiviylə bağlı çoxsaylı suallar yaradır.
Qeyd edək ki, Milli Şurada tənqidə dözümsüzlük ənənəsinin əsası bu qurumun sədri Rüstəm İbrahimbəyov tərəfindən qoyulub. Qocaman kinorejissor onu Bakıya dəvət edən tərəfdaşlarına barmaq silkələməklə demokratiya uğrunda mübarizə aparan şəxsdən çox, diktaturaya meyil edən adam təsiri bağışlamışdı.
R.İbrahimbəyov bir müddət öncə səsləndirdiyi "onların ağzının üstündən vurmaq lazımdır" məzmunlu bəyanatı ilə Azərbaycan mediasının tənqid obyektinə çevrilməsinə baxmayaraq, sonrakı dövrdə onun leksikonunda hər hansı müsbət dəyişiklik müşahidə olunmadı.
Əksinə, Milli Şura sədri oxşar məzmunlu bəyanatlarının sayını artırmaqla rəhbərlik etdiyi təşkilatda söz sahibi olan digər şəxslərə də pis nümunə oldu. İndi təkcə Rüstəm İbrahimbəyov deyil, Milli Şuranın rəhbər strukturlarında təmsil olunan digər siyasətçilər də öz opponentlərinə münasibətdə təhqiramiz ifadələr işlətməkdən çəkinmir.
Rüstəm İbrahimbəyovun üslubunu ən çox "mənimsəyən" şəxs isə Milli Şuranın təsisçilərindən olan "El" hərəkatı məclisinin sədri Eldəniz Quliyevdir. Özünü "tanınmış mədəniyyət xadimi" kimi təqdim edən Quliyevin Bakı və Kəndlər Birliyinin Nəzarət-Təftiş Komissiyasının sədri Məlahət Babayevanın iradlarına cavab verərkən sərgilədiyi mövqe Milli Şurada demokratik dəyərlərə münasibətin hansı səviyyədə olduğunu üzə çıxardı.
Uzun illər mədəniyyət sahəsində çalışmış Məlahət Babayevanın yaşını və təcrübəsini nəzərə almadan onu vulqar ifadələrlə təhqir etməsi Eldəniz Quliyevin "ustad kurslarını" uğurla bitirdiyini göstərir. Yaşlı bir qadını təhqir etməkdən çəkinməyən Eldəniz Quliyevin "Lazım gəlsə, onun haqqında faktlar açıqlayaram" məzmunlu bəyanatla çıxış etməsi Milli Şurada təkcə demokratik ənənələrin deyil, həm də milli-mənəvi dəyərlərin arxa plana keçdiyini göstərir.
Milli Şura üzvlərinin söz və mətbuat azadlığına, fikir plüralizminə düşmən kəsilməsi bu qurumun komissiya sədri Cəmil Həsənlinin Ümid Partiyasının lideri İqbal Ağazadəyə verdiyi cavabda da özünü göstərdi.
İqbal Ağazadənin tənqidi fikirlərini şərh edərkən onu "həşərat" adlandırması təkcə Həsənlinin deyil, bütövlükdə Milli Şura üzvlərinin
demokratik dəyərlərə münasibətini ortaya qoydu. Söz və mətbuat azadlığını, fikir plüralizmini əlində bayraq edən bir siyasi qüvvənin öz opponentlərinə münasibətdə "süngü siyasəti"nə əl atması onun perspektivini indidən şübhə altına almağa əsas verir.
Seymur Quliyev