Füzuli Ələkbərov yeni narazılar ordusu yaradır
Füzuli Ələkbərov yeni narazılar ordusu yaradır

Nazirin həmləsi onun özünə də əlavə problemlər aça bilər

Azərbaycanda başısoyuq işəgötürənlərə hücum olacaq. İlin əvvəlindən DSMF və Vergilər Nazirliyi fərdi müqavilələrlə bağlı mübarizə aparırdısa, indi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də aktivləşib.
Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əmək İnspeksiyası Xidmətinin sədr müavini M.Məhərov jurnalistlərə deyib ki, təzyiq qanuni olacaq - Əmək Məcəlləsinə düzəlişlər hazırdır. Onun sözlərinə görə, ölkədə 4,4 mln məşğul əhali var, onların dörddə üçü əmək müqaviləsi bağlayıb. Bu isə dünya göstəricisindən 2 dəfə azdır. Ötən il DSMF və Vergilər Nazirliyi fərdi 46 min 735 əməkdaşla müqavilə imzalanmasına nail olub.
Əsas səbəb kimi o, qeyri-leqal biznesmenlərin çoxluğunu göstərib. Bunu aradan qaldırmaq üçün Əmək Məcəlləsinə düzəliş edilməlidir.
Müstəqil ekspertlər Füzli Ələkbərovun nazirliyinin bu həmləsini doğru sayırlar. Onlar hesab edirlər ki, qeyri-leqal biznesin Azərbaycanda miqyası həddən artıq genişdir və bunun qarşısının alınması həm vətəndaşların, həm də dövlətin maraqları baxımından mühüm əhəmiyyətə malikdir.
Amma burada bəzi problemli məqamlar da var. Əvvəla, hesab edilir ki, Azərbaycanda qeyri-leqal biznesi şərtləndirən amillərdən biri sahibkarlar, iş adamları üzərində dövlət qurumlarının təzyiqləridir. Söhbət ölkədə korrupsiya və rüşvətin geniş yayılması şəraitində biznes qurumlarının "taskı"
adlandırılan əlavə ödənişlər etməyə məcbur olunmasından gedir. Hər hansı biznes quruluşu qanuni ödəmələrdən başqa ayrı-ayrı dövlət qurumlarını vaxtlı-vaxtında "razı" salmalıdır. Belədə isə iş adamları öz şirkətlərində ikili mühasibatlıq tətbiq etmək, əmək müqavilələrindən mümkün qədər yan qaçmaq, gəlirlərinin önəmli hissəsini gizlətmək məcburiyyətində qalırlar. Onlar bununla faktiki olaraq yoxlama və monitorinq adı ilə gələn aidiyyatı dövlət qurumlarına ödədikləri "haqq"ı kompensasiya etməyə cəhd göstərirlər. İndi onların əlindən həmin imkanların alınması xeyli qeyri-leqal biznesmenin hökumətdən narazı qalacağı anlamına gəlməlidir. Çünki qeyri-leqal biznesin "çiçəklənməsinə" yol açan səbəbləri aradan qaldırmayıb, sadəcə nəticələrlə mübarizə aparmaq effektsiz olmaqla bərabər, həm də belə biznesmenlərin "çörək ağaclarının" əlindən çıxması deməkdir.
İkinci məqam isə ölkədə qeyri-leqal bizneslə məşğul olanların önəmli hissəsinin ayrı-ayrı yüksək çinli, nüfuzlu məmurlar tərəfindən himayə olunmasıdır. Belə biznesmenlərin qeyri-leqal fəaliyyətlərinin məhdudlaşdırılması isə əmək və əhalinin sosial müdafiəsi nazirinin ayrı-ayrı məmurlarla toqquşmasına gətirib çıxaracaq.
Söhbət ondan gedir ki, həmin məmurlar öz himayə və nəzarətlərindəki biznes strukturlarında leqallaşma tədbirlərini heç də xoş qarşılamayacaqlar. Axı belə tədbirlər həm də həmin məmurların gəlirlərinə mənfi təsir göstərəcək. Ona görə də onların Füzuli Ələkbərovun nazirliyinin məlum həmləsinə var gücləri ilə müqavimət göstərəcəkləri, hətta nazirlə gizli və aşkar konfliktə girəcəkləri də istisna olunmur.
Nəzərə alsaq ki, xüsusilə məlum İsmayıllı hadisələrindən sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin hökumət daxilində mövqeləri daha da zəifləyib, o, iqtidar kulislərində ən "dişsiz" fiqurlardan birinə çevrilib, belədə Ələkbərovun müxtəlif məmurlarla yeni intriqalar yaşaması arzuolunmazdır. Bu naziri daha da zəiflədə bilər.
Odur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ölkədəki qeyri-leqal biznesmenlərin sayının azaldılması istiqamətində sözdən əmələ keçib-keçməyəcəyini bəri başdan əminliklə söyləmək çətindir. Hər halda bunu zaman göstərəcək. Odur ki, gəlin gözləyək.
Günel Əkbər