Görüşlər, müzakirələr və boş nəticələr
Fəzail Ağamalı: "Azərbaycan müxalifətinin qarşısında duran bu müşküllərin öhdəsindən gələ bilmək potensialı tamamilə tükənib"

Xəbər verildiyi kimi, Milli Şuranın İcra Aparatının rəhbəri, "El" hərəkatının sədri Eldar Namazov ötən gün ABŞ-a səfərə gedib. Milli Şura üzvü səfər çərçivəsində iyulun 16-da ABŞ Konqresində keçiriləcək dinləmələrdə iştirak edəcək.
Səfərdən öncə E. Namazov mətbuata verdiyi açıqlamasında Konqresdə dinləmələrdə iştirak etdikdən sonra ABŞ-da bir sıra mühüm görüşlər keçirəcəyini bildirib. Milli Şuranın aparat rəhbəri Amerikada kimlərlə görüşəcəyi haqda isə məlumat vermək istəmədiyini deyib.
Eldar Namazov ABŞ səfəri çərçivəsində həm də Milli Məclisin sabiq sədri, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevlə də görüşəcək. Görüşdə Milli Şuranın fəaliyyəti və eləcə də son günlər ciddi narazılıqlara səbəb olan alternativ namizəd məsələsinin müzakirə olunacağı bildirilir.
Ana Vətən partiyasının sədri, millət vəkili Fəzail Ağamalının "Unikal"a bildirdiyinə görə, "Hazırda Azərbaycan müxalifətinin Milli Şurada təmsil olunan qismi ciddi problemlərlə üzləşib və prosesin gedişindən də göründüyü kimi, bu müşküllərin öhdəsindən gələ bilmək üsulları da tamamilə tükənib. Və ən qəribəsi budur ki, Azərbaycan iqtidarı barmağını belə tərpətmədən artıq ona qalib gəlməkdədir. Yəni qarşıdan gələn prezident seçkilərinin nəticəsi artıq bu başdan təmin olunub. Bunu ona görə bu qədər inamla deyirəm ki, istənilən ölkədə seçiciləri iqtidardan narazı salan amillər - işsizlik, dolanışıq çətinliyi, sosial ədalətsizlik, aşağı gəlir kimi təhlükəli faktorlar Azərbaycan reallığında müşahidə olunmur. Məhz buna görə tam şəkildə əminəm ki, Prezdent İlham Əliyev heç bir problemlə üzləşmədən qarşıdan gələn seçki marafonunu zəfərlə başa vuracaq".
Millət vəkilinin sözlərinə görə, "Müxalifət, adətən, çox iddialı danışaraq hakimiyyətə gələrsə, ölkənin bütün ağır problemlərini tam şəkildə həll edəcəyini bildirir. Bu problemləri həll etmək idiasındaolanlar doqquz milyonluq əhalisi olan bir cəmiyyətin xeyir-duasını almalı və onunla dil tapmağı bacarmalıdır. Amma bu iddialı liderlər kiçik bir siyasi qurum daxilində bir-birlərilə dil tapa bilmirlər. Onlar adicə şəxsi təkəbbürlərindən geri çəkilib öz aralarından həqiq mənada bir siyasi ağsaqqal seçə bilmirlər. Bu cür elementar məsələni həll edə bilməyən müxalifət hansı birlikdən danışa bilər? Onların buna, sadəcə, mənəvi haqqı çatmır".
Partiya sədri hesab edir ki, "Ötən illər eks-spiker Rəsul Quliyevin hansı siyasi potensiala malik olduğunu konkret şəkildə nümayiş etdirib. Cırtdan nəhəngin çiynində əyləşəndə elə bilir ki, boyu artıb yüksəkliklərə qalxıb. Rəsul Quliyev Heydər Əiyevin mərhəməti sayəsində Milli Məclisin sədri kimi məsul bir dövlət postunun başına gələndə özü barədə bəd gümanlara düşmüşdü və artıq hesab edirdi ki, özü də böyük şəxsiyyət olub. Bu əhvali-ruhiyyə hansısa mənada onun günahı deyildi. Çünki ümummilli lider Heydər Əliyevin yanında olanda adam, doğrudan da, özünü böyük hiss edirdi. Amma başa düşən adamlar anlayırdılar ki, uca dağın yanında olmaq hələ uca dağ olmaq demək deyil. Duyulan dağın ucalığıdır. Buna görə də vaxtilə Heydər Əliyevin köməkçisi işləmiş Eldar Namazovun Amerikada Rəsul Quliyevlə görüşləri boş nəticələrlə müşayiət olunacaq. Görüşəcəklər, söhbətləşəcəklər, bir-birlərinə vədlər verəcəklər və axırda da bu vədlərin arxsından qaçacaqlar".
Məzahir Avşar