YAP seçkilərə tam hazırdır
YAP seçkilərə tam hazırdır

Hətta imzaların toplanacağı yerlərdə məlumdur Prezident seçkilərinə az vaxt qalsada hələ ki, siyasi qüvvələr elə də aktivlik göstərmir. Düzdür bu gün müxalifət vahid namizəd müəyyənləşdirməklə məşğuldurlar. Amma etdikləri seçimin özü indi şübhə ilə qarşılanır. Belə ki, Rüstəm İbrahimbəyov vahid namizəd olsada, İsa Qəmbərdə namizədliyini geri götürməyib.

Və anlaşılan budur ki, hazırda ümumiyyətlə seçkiyə yanaşmada da müxalifət yekdil fikirdə deyil. Belə ki, bir qrup hesab edir ki, baykota getmək vacibdir, digər qanad isə hesab edir ki, sona qədər seçki prosesində iştirak etmək mütləqdir. Müxalifətdən fərqli olaraq hakim düşərgədə mərkəzləşmə olsada, bir aktivlik müşahidə olunmurdu. Amma son bir aydır ki, Yeni Azərbaycan Partiyası tam gücü ilə hərəkətə keçib və bölgələrdə ciddi görüşlər təşkil edilir. İndi isə seçki ilə bağlı mühüm detallar müzakirə olunur. Yeni Azərbaycan Partiyası (YAP) prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasına sentyabrın 18-20-dən başlayacaq. Bu barədə YAP Xətai rayon təşkilatında prezidentliyə namizədin qeydə alınması üçün seçici imzalarının toplanması ilə bağlı keçirilən seminarda partiyanın icra katibinin müavini Mübariz Qurbanlı bildirib.
Qurbanlı deyib ki, Azərbaycanda keçirilən bütün seçkilərdə seçici fəallığı yüksək olur.
O, YAP-ın prezidentliyə namizədi İlham Əliyevə səs verəcək şəxslərlə bağlı proqnozlarını da açıqlayıb.
YAP rəsmisi deyib ki, onlar YAP üzvü olan 600 mindən çox şəxs, həmçinin Prezident İlham Əliyevin siyasətini dəstəkləyən milyonlarla bitərəf, başqa partiya üzvləri olanlar və digər vətəndaşlardır.
İcra katibinin müavini vurğulayıb ki, aparılan hesablamalar zamanı istər radikal, istərsə də konstruktiv müxalifət partiyalarının təmsilçiləri, yəni YAP namizədinə səs verməyəcək şəxslərin ümumi səsvermə hüququ olan şəxslərin sayının cəmi 4 faizini təşkil etdiyi müəyyənləşdirilib.
Yeni Azərbaycan Partiyasının (YAP) Bakı, Abşeron, Sumqayıt təşkilatları üzrə İlham Əliyevin Prezidentliyə namizədliyinin qeydə alınması üçün 12 100 imza toplanacaq.
Bu barədə partiyanın icra katibinin müavini Siyavuş Novruzov bildirib.
Novruzov qeyd edib ki, Seçki Məcəlləsinə görə bir namizəd üçün ümumilikdə 40 min seçici imzası toplanılmalıdır: "YAP öz namizədinin müdafiəsi üçün 1 milyonadək imza toplaya bilər. Seçki Məcəlləsinin digər tələblərinə görə azı 60 dairədən imzalar toplanmalıdır. Lakin YAP İdarə Heyəti qərar qəbul edib ki, bütün 125 dairədən imza vərəqələri toplanılsın".
Novruzov qeyd edib ki, YAP-ın Bakı, Abşeron, Sumqayıt üzrə 200 minə yaxın üzvü var və həmin ərazidən 12 100 imza toplayacaq ki, bu da partiya üzvlərinin 8 faizini təşkil edir.Qeyd edək ki, Azərbaycanda prezident seçkisinin payız aylarında keçirilməsi nəzərdə tutulur.
Ekspertlər hesab edir ki, hazırda aparılan işləri təhlil etsək belə nəticə çıxar ki, YAP seçkilərin təşkilati tərəfini demək olar ki, artıq həll edib. YAP-ın rayon təşkilatları seçki qərargahı kimi fəaliyyət göstərəcək, müşahidəçilər kifayət qədər çox olacaq, 600 min YAP-çıdan 40 min imza toplamaq isə çox asandır. Ortada qalır yalnız təşviqat mərhələsi. YAP isə bu mərhələyə hələ ki, başlamaq istəmir. Çünki indi bu proses başlansa aktivlik artacaq və istər-istəməz müxalifətdə hərəkətə keçəcək. Buna görə də gözlənilir ki, rəsmi seçki kompaniyası prosesi başlasın və bu müddətdə istədikləri kompaniyanı təşkil etsinlər.
Toğrul Əliyev