AXCP itirə-itirə gedir
AXCP itirə-itirə gedir

Əliməmməd Nuriyev: "Fəhmin Hacıyevin AXCP-dən getməsi bu təşkilat üçün ciddi itkidir"

Yayılmış məlumatlara görə, Daxili Qoşunların sabiq komandanı Fəhmin Hacıyev AXCP üzvlüyündən istefa verib. Bu barədə o, iyulun 14-də sosial şəbəkədəki səhifəsində məlumat verib. Fəhimn Hacıyev öz mesajında "Dostlar, bu gündən etibarən AXCP üzvlüyündən və partiya sədrinin müşavirliyindən istefa verirəm" deyə yazıb. Bununla belə F.Hacıyev siyasətdən getmədiyini bildirib: "Müstəqil siyasətçi kimi ölkəmizin demokratik inkişafı üçün çalıçacağam".

F.Hacıyev yeni partiya yaradılmasını istisna etməyib: "Bəlkə də, yeni partiya təsis edilməsi gündəmə gələ bilər. Yeni yaranmış Milli Şuraya sona kimi dəstək verəcəyəm!"
F.Hacıyev istefasının səbəbi barədə isə heç nə yazmayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl F.Hacıyev ad çəkmədən bəzi siyasilərin siyasi riyakarlığından təngə gəldiyini bildirmişdi: "İctimai Palata yarananda palataya üzv olmaq arzum bəzi dostlarımızın çəkişməsi ucbatından alınmadı. Milli Şura yarandı. İndi, baxaq görək, nə olacaq..."
Xatırladaq ki, Fəhmin Hacıyev 2011-ci ilin iyulunda AXCP sədrinin müşaviri təyin olunmuşdu.
İstənilən siyasi quruma yeni üzvlərin gəlməsi və yaxud ondan kimlərinsə istefa verməsi təbii bir prosesdir. Necə deyərlər, gedəni saxlamaq olmaz, gələnə də qaşqabaq etmək olmaz.
Bununla belə, ölkənin indiki məsuliyyətli siyasi proseslərin tam içində olduğu bir məqamda keçmiş AXC-nin keçmiş simalarından birinin AXCP-dən istefa verməsi bir neçə baxımdan diqqəti çəkir.
AXCP-nin keçmiş üzvü və hazırda "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti postunu tutan Əliməmməd Nuriyevin "Unikal"a bildirdiyinə görə, "AXCP-dən gedənlərin və yaxud ona daxil olanların monitorinqini aparmadığıma görə, Fəhmin Hacıyevin nə səbəbə bu qurumdan istefa verməsini şərh etməkdə çətinlik çəkəcəyəm. Mən vaxtilə bu təşkilatın sıralarında fəal şəkildə çalışan və onun işinə böyük enerji sərf edənlərdən biri olmuşam. Mənim o təşkilatdan gedişimdən sonra çox şeylər dəyişilib və bu da təbiidir. Çünki istənilən siyasi qurumun daxili ab-havasını, birinci növbədə, onun fəaliyyət göstərdiyi mühitin reallıqları müəyyən edir".
Əliməmməd bəy hesab edir ki, "Hazırda ölkə prezident seçkiləri ərəfəsindədir və belə bir mərhələdə kadr itkisinə məruz qalmaq heç bir siyasi qurum üçün xoşagələn hal deyil. Fəhmin Hacıyev Azərbaycan milli-azadlıq hərəkatının seçilən simalarından biri olub və sonralar mühüm dövlət postunda təmsil olunub. Konkret şəkildə bunu deyə bilərəm ki, onun AXCP-dən getməsi bu təşkilat üçün itkidir. Səbəbi nə olursa-olsun, bu addım AXCP üçün ciddi itkidir. Hər halda Fəhmin bəy bu istefa barədə daha yaxşı açıqlama verə bilər. Amma yayılmış məlumatdan aydın olur ki, o, siyasətdən aralanmaq niyyətində deyil. Deməli, haradasa nələrsə onu qane etmədiyindən AXCP-ni tərk etmək qərarına gəlib".
Nuriyev hesab edir ki, "Bu gedişin siyasi məsuliyyət tərəfi də var. Görünür, Fəhmin bəy həm də bu hissin təsiri altında istefa qərarına gəlib və özü üçün daha münasib siyasi meydan seçmək niyyətindədir".
Adil Hüseynli