Yeni siyasi ittifaqdan yeni iddialar
Yeni siyasi ittifaqdan yeni iddialar
Əvəz Temirxan: "İstənilən siyasi qurumun
və yaxud siyasi liderin iddiaları dövlətin ümummilli təhlükəsizlik maraqlarını
və problemlərini zorlamamalıdır"

Prezident seçkiləri yaxınlaşdıqca ölkədəki siyasi qüvvələrin yeni inteqrasiya proseslərinə start verməsinin şahidi oluruq. Amma, sözün düzü, bu proseslərin ortalıqda olan müxalifətin güclənməsinə nə dərəcədə yardım olacağı barədə fikir söyləmək çox çətindir.
Və hətta hərdən adama elə gəlir ki, bu yeni birləşmə və yaxud ayrılma prosesləri daha çox imitasiya xarakteri daşıyır. Yəni ki, ölkədə siyasi partiyalar var və bunlar öz varlıqlarını bir daha yada salmaq və yaxud gözə çarpdırmaq üçün nəsə etməlidir və nələrisə yaratmalıdır…
Belə ki, Azərbaycanda "Demokratik Qüvvələrin Birliyi" adlı siyasi ittifaq təsis edilib. AMİP-in sədri Yusif Bağırzadənin sözlərinə görə, bununla bağlı qərar AMİP qərargahında Açıq Cəmiyyət Partiyası (ACP), Böyük Azərbaycan Partiyası (BAP) , İslam Demokrat Partiyası (İDP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) , Azərbaycan Liberal Partiyası (ALP) , Xalq Azadlıq Partiyası (XAP) və AMİP rəhbərlərinin iştirakı ilə keçirilən toplantıda verilib.
Ekspertlərin fikrincə, birlik Azərbaycanda demokratik seçki mühitinin yaradılmasına və ölkədə demokratik siyasi sistemə seçki yolu ilə dinc keçidlə nail olmaq uğrunda mübarizə aparan, siyasi partiyaları birləşdirən qurumdur.
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxanın "Unikal"a söylədiyinə görə, "Demokratik Qüvvələrin Məşvərət Məclisi təsis ediləndə bildirilmişdi ki, bu qurum bir məşvərətçi orqandır. Əgər bu quruma daxil olan partiyaların əməkdaşlığı inteqrasiya şəklində olsa, daha da dərinləşsə, əməkdaşlıqdan böyük bir ittifaqa tərəfdaşlığa çevrilə bilər. Məşvərət Məclisindən fərqli olaraq, burada qəbul olunan qərarlar icbari xarakter daşıyır, qərarlar isə konsensus yolu ilə qəbul olunur. Bu birlik ancaq siyasi partiyaların birliyidir".
Partiya sədri hesab edir ki, "Yeni siyasi birlik başqa tip fəaliyyət forması seçir. Belə ki, onun əsas fəaliyyət istiqaməti ölkədə seçki qanunvericiliyinin təkmilləşdirilməsi, siyasi fəaliyyət, ifadə azadlığı və sərbəst toplaşmaq azadlıqlarının təmin olunmasına yönəlmiş təkliflər və layihələr hazırlayıb ictimai müzakirəyə çıxarmaq, onları aid olduğu dövlət orqanlarına təqdim etməkdən ibarətdir".
Cənab Temirxanın sözlərinə görə, "hazırda Azərbaycan cəmiyyəti dəyişimlər ərəfəsindədir və bu dəyişimləri həyata keçirtmək ciddi həssaslıq tələb edir. Nəzərə almaq lazımdır ki, bu dəyişimlərin arzusunda olarkən dövlətin milli maraqlarını və regionda bizi gözləyən təhlükələri gözdən qaçırtmaq olmaz. İstənilən siyasi qurumun və yaxud siyasi liderin iddiaları dövlətin ümummilli təhlükəsizlik maraqlarını və problemlərini zorlamamalıdır. Dəfələrlə vurğulanıb ki, Azərbaycanda baş verən və baş verəcək istənilən ciddi siyasi qarşıdurma bölgənin və respublikamızın geopolitik reallığında xoşagəlməz situasiyalar formalaşdıra bilər. Məhz buna görə bir daha təkrarlayıram ki, istənilən siyasi qurumun və yaxud siyasi liderin iddiaları dövlətin ümummilli təhlükəsizlik maraqlarını və problemlərini zorlamamalıdır".
Partiya sədrinin verdiyi məlumata görə, "Yeni siyasi ittifaqın yaradılması digər siyasi birliklərlə izolyasiya şəraitində fəaliyyət göstərmək anlamına gəlməməlidir. Buna görədir ki, yeni siyasi birlikdə təmsil olunmuş partiyaların bəziləri həm də digər siyasi qurumlarda, məsələn, Milli Şurada təmsil edilir".
Natiq Oruclu