Fuad Ələsgərovdan çağırış
Fuad Ələsgərovdan çağırış

"Əcnəbilər Azərbaycan adətlərinə hörmət etməlidirlər"

Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov qüvvəyə minən miqrasiya məcəlləsi ilə bağlı bildirib ki, Miqrasiya Məcəlləsinin qəbul edilməsi bütün sahələrdə olduğu kimi miqrasiya sahəsində də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatların tərkib hissəsidir.

Son onillikdə Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı ölkəmizə marağı artırıb, bu isə öz növbəsində miqrasiya proseslərinin intensivləşməsinə gətirib çıxarıb. Belə şəraitdə miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi ehtiyacları köklü islahatların həyata keçirilməsini zəruri edib.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən miqrasiya siyasətinin prioritet istiqamətləri müəyyən edilib, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, institusional mexanizmlərinin yaradılması, miqrasiya proseslərinin idarəolunmasında yeni informasiya texnologiyalarının tətbiq edilməsi, qeyri-qanuni miqrasiyanın qarşının alınması üzrə kompleks tədbirlərin həyata keçirilməsi qarşıya vəzifə kimi qoyulub. Həyata keçiriləcək tədbirlərdən biri də Miqrasiya Məcəlləsinin qəbul edilməsi idi. Məcəllə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi ilə bağlı normaları müəyyənləşdirən vahid sənəddir.
Məcəllə üzərində iş bir neçə il davam edib, sənədin hazırlanmasına müxtəlif dövlət orqanları, mütəxəssislər, alimlər, vətəndaş cəmiyyətinin nümayəndələri və bir sıra beynəlxalq təşkilatların ekspertləri cəlb olunublar. BMT-nin Qaçqınlar üzrə Ali komissarlığının Azərbaycandakı Nümayəndəliyinin, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Nümayəndəliyinin, Azərbaycanda Amerika Ticarət Palatası və digər təşkilatların təklifləri nəzərə alınıb.
Yeni normalarla yanaşı, Məcəllədə bu günədək miqrasiya sahəsini tənzimləyən müxtəlif normativ hüquqi aktların, o, cümlədən 10-a yaxın qanunun, 20-dən çox Azərbaycan Respublikası Prezidentinin aktlarının və Nazirlər Kabinetinin qərarlarının müddəaları toplanıb. Miqrasiya ilə bağlı normaların bir sənəddə toplanması istər bu sahədə fəaliyyət göştərən qurumların, vətəndaşlarımızın, istərsə də əcnəbilərin qanunvericiliyin tələbləri barədə məlumatın bir mənbədən, rahat şəkildə əldə etmələrinə imkan yaradacaq.
Onu qeyd etmək lazımdır ki, Miqrasiya Məcəlləsi ilk dəfə olaraq Azərbaycanda qəbul edilir.
Şöbə müdiri yeniliklərlə bağlı qeyd edib ki, atılan addımlar əcnəbilərin Azərbaycana sayğı ilə yanaşmasını təmin edən amildir:-"Məcəllədə müəyyən olunmuş normalar miqrasiya prosesləri ilə bağlı müxtəlif prosedurların sadələşdirilməsinə, vətəndaşlarımızın və ölkəmizə gələn əcnəbilərin hüquqlarının təmin edilməsinə, həmin şəxslər tərəfindən qanunlara riayət olunmasına və dövlətimizin mənafeyinin qorunmasına yönəlib.Məcəllədə ilk dəfə olaraq əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya uçotu ilə bağlı normalar müəyyən olunub. Burada miqrasiya uçotunun məqsədləri, aparılma qaydası və əsasları öz əksini tapıb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi qaydaları təkmilləşdirilmiş, onların qeydiyyat proseduru sadələşdirilərək, vahid miqrasiya məlumat sistemi vasitəsi ilə olduğu yer üzrə qeydiyyata alınması qaydası müəyyən edilib. Qeyd olunmalıdır ki, olduğu yer üzrə qeydiyyatla bağlı hər hansı bir sənədin alınması, həmçinin dövlət rüsumunun ödənilməsi tələb olunmur və əcnəbilər, habelə onları qəbul edən şəxslər qeydiyyat üçün Dövlət Miqrasiya Xidmətinin internet informasiya ehtiyatı, poçt, elektron poçt vasitəsi ilə və ya şəxsən müraciət edə bilərlər.
Məcəllədə vizaların, habelə Azərbaycan Respublikasının ərazisində olma və ya yaşama icazələrinin alınması üçün elektron qaydada müraciət etmək imkanı nəzərdə tutulub. Yaşama və iş icazələrinin verilməsi sahəsində də müsbət yeniliklər nəzərdə tutulub. Qüvvədə olan qanunvericiliyə əsasən müvəqqəti yaşamaq üçün icazənin, o cümlədən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazənin müddəti dörd dəfədən artıq uzadıla bilməzdi. Məcəllədə bu məhdudiyyət aradan qaldırılıb.
Ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin 1 ilədək müddətə, Azərbaycan Respublikasının iqtisadiyyatına azı 500.000 manat investisiya qoyan şəxslər üçün isə 3 ilədək müddətə verilməsi nəzərdə tutulub. Eyni zamanda 1 il müddətinə verilən icazələrin növbəti dəfə 2 ilədək müddətə uzadılması nəzərdə tutulur.
Bundan sonra ölkəmizdə daimi yaşamaq istəyən əcnəbilərin hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı bilikləri yoxlanılacaq. Bunun üçün artıq cənab Prezident tərəfindən Miqrasiya Xidmətinə, Ədliyyə və Təhsil nazirliklərinə birgə komissiyanın yaradılması, həmin komissiyanın fəaliyyət qaydasının təsdiq edilməsi və tələb olunan qanunlardan çıxarışları əks etdirən nəşrlərin hazırlanması ilə bağlı tapşırıqlar verilib.
Qanunvericilikdə indiyədək mövcud olan "immiqrant", "immiqrant statusu" anlayışları müvafiq olaraq "Azərbaycan Respublikasının ərazisində daimi yaşayan", "daimi yaşamaq üçün icazə" anlayışları ilə əvəz edilib.
Sadalananlardan əlavə müxtəlif beynəlxalq konvensiyaların tələblərindən irəli gələn bir çox mütərəqqi normalar da Məcəllədə öz əksini tapır".
Toğrul Əliyev