Cahangir Əsgərovla Aydın Bəşirovun milyonlarla manatlıq borcu
Cahangir Əsgərovla Aydın Bəşirovun milyonlarla manatlıq borcu

Onların rəhbərlik etdikləri qurumlar maliyyə intizamsızlığından əziyyət çəkir

Dövlətin sahiblik etdiyi iri şirkətlər maliyyə şəffaflığı üçün böyük problemdir. Son illər investisiya layihələrinin dəstəklənməsi məqsədilə dövlət mülkiyyətində olan təsərrüfat hesablı müxtəlif müəssisə və şirkətlərə böyük məbləğdə əvəzsiz büdcə vəsaitləri ayrılır.

Halbuki, məsələn, "Barmek"in dövründə hökumət Abşeron yarımadasının enerji sisteminin saxlanmasına büdcə dəstəyi vermədiyi halda həmin şirkətlə müqavilə pozulandan sonra eyni coğrafiyaya xidmət göstərən əlaqədar dövlət şirkətinə böyük həcmdə maliyyə yardımları verdi. Nəticə isə göz qabağındadır: iri dövlət şirkətlərinin maliyyə intizamsızlığı məhz onların büdcədən aldığı milyonların yaratdığı arxayınçılıqdan qaynaqlanır.
İqtisadçı Rövşən Ağayevin yazdığına görə, 2012-ci ildə AZAL kimi iri dövlət şirkətlərinə əsaslı vəsait qoyuluşu formasında 1,4 milyard manat vəsait ayrılıb. Həmin vəsaitlərdən "Azərenerji"yə 141,7 AZAL-a 232,6 milyon və s. pay çatıb. Amma sadalanan şirkətlərin dövlət büdcəsinə ödənişləri birlikdə 1,7 milyard manatdan azca çoxdur. Bu o deməkdir ki, onlar dövlət büdcəsinə vergi kimi ödədikləri vəsaitin təxminən 82 faizini elə il ərzindəcə geri alıblar.
Ötən il dövlət büdcəsinə "Azərenerji" 140,4 milyon manat (əvvəlki ilə nisbətən 5,6 milyon manat çox), Cahangir Əsgərovun rəhbərlik etdiyi AZAL 22,9 milyon manat (2,7 milyon manat çox), Aydın Bəşirovun rəhbərlik etdiyi Xəzər Dəniz Gəmiçiliyi 249 min manat (300 min manat az) vəsait ödəyib.
Rəsmi məlumatlardan aydın olur ki, iri vergi ödəyicisi hesab olunan dövlət müəssisə və şirkətlərinin dövlət büdcəsi qarşısında vergi öhdəliklərinin icrası ilə bağlı ciddi problemləri var. 2013-cü ilin yanvarın 1-nə olan 2,6 milyard manata yaxın vergi borclarının təxminən yarısı - 1,2 milyard manatı dövlət mülkiyyətində olan müəssisələrin payına düşüb. Bu, iri ödəyicilərin faktiki vergi ödənişlərinin təxminən 80 faizinə bərabərdir. Halbuki, məsələn, xarici və birgə mülkiyyətdə olan müəssisələrin 2012-ci il üzrə faktiki vergi ödənişlərinin (2,3 milyard manat) 8,5%-i həcmində vergi borcu yaranıb.
Hesablama Palatasının məlumatına görə, hesablanmış vergi və ödənişlərin Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Dəmir Yolları isə 10%-dən də az hissəsini büdcəyə ödəyiblər.
Bir sözlə, aydın görünür ki, başda Cahangir Əsgərovla Aydın Bəşirovun rəhbərlik etdiyi dövlət şirkətləri olmaqla, dövlətin iri qurumlarında əməlli-başlı maliyyə intizamsızlığı hökm sürür. Onlar büdcədən külli miqdarda pul alıb onun az bir hissəsini qaytarır, vergi və ödənişlərinin cüzi hissəsini büdcəyə ödəyirlər. Bir sözlə, faktiki olaraq dövlət şirkətləri büdcədən yeyib ziyana işləməklə məşğuldurlar.
Amma burada maraqlı bir təzad yaranır. Məsələn, mətbuat Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin rəisi Aydın Bəşirovun şəxsi sərvətləri haqqında mütəmadi məlumatlar çap edirlər. Buradan məlum olur ki, Bəşirovun həm ölkədə, həm də ondan kənarda dəyəri yetərincə böyük məbləğlərlə ölçülən daşınan və daşınmaz əmlakı var.
Belədə təbii ki, sual ortaya çıxır: necə olur, rəhbərlik etdikləri dövlət şirkətləri büdcədən yüz milyonlarla manatlıq pay alıb əvəzində büdcəyə çox cüzi ödənişlər etdikləri halda, onların özləri yetərincə yüksək komfortlu həyat keçirir, lüks iqamətgahlar, bahalı avtomobillər əldə edir, şəxsi sərvətlərini günbəgün, özü də fantastik sürətlə artırırlar?
Düzdür, ekspertlər bəzi oliqarxların başında dayandıqları dövlət şirkətlərinin maliyyə intizamsızlığını aradan qaldırmaq üçün müxtəlif iqtisadi tədbirlər təklif edir, məsələn deyirlər ki, Hesablama Palatası Milli Məclisə hesabat verən qurum kimi hər il iri dövlət şirkətlərinin büdcə qarşısında öhdəliklərini yerinə yetirmə vəziyyətini qiymətləndirməli, onların xərcləmələrinin səmərəliliyini, təyinatı üzrə istifadəsini qiymətləndirib qanunverici orqana ayrıca rəy təqdim etmək səlahiyyəti qazanmalıdır. Amma bəzi müşahidəçilərin də fikrincə belə səylərin hər hansı ciddi nəticəsinə ümid etmək çətindir.
Bunun üçün ilk növbədə dövlət şirkətlərində ciddi kadr və struktur dəyişiklikləri tələb olunur. Elə bir idarəetmə mexanizmi yaradılmalıdır ki, bu, korrupsiya üçün münbit zəmin hazırlamasın. Yəni əslində haqqında danışılan problemin kökündə dövlət vəsaitləri ilə ehtiyatsız, qeyri-şəffaf rəftar dayanır. Digər tərəfdən, dövlət şirkətləri icrasına milyonların xərcləndiyi layihələrin effektliliyini təmin etməkdə çətinlik çəkir, ya da həmin layihələrin səmərəliliyi əvvəlcədən şübhə doğursa da, onların reallaşmasına külli miqdarda pul ayrılır.
Nəticədə itirən büdcə - yəni dövlətin cibi olur, qazanan isə bəzi oliqarxların cibi.
Elə yuxarıda sadalanan rəqəmlər də bunun birbaşa təsdiqindən başqa bir şey deyil.
Ülviyyə Qasımlı