Səhhəti Artur Rəsizadəyə işləmək imkanı vermir
Səhhəti Artur Rəsizadəyə işləmək imkanı vermir

Baş nazirin sağlamlığındakı problemlər ciddiləşib

Nazirlər Kabinetinin sədri Artur Rəsizadənin səhhətindəki problemlər yenidən baş qaldırıb. Hazırda hökumət başçısının sağlamlığında ciddi problemlər var və bu onun fəaliyyətini əngəlləyir.

Bu barədə redaksiyamıza məlumat verən mənbələr hətta onu da bildirirlər ki, səhhətindəki çatışmazlıqlar üzündən baş nazir işə daimi olaraq çıxmağa da çətinlik çəkir. Hökumət rəhbəri ayın xeyli günü işə çıxmır, işə çıxdıqda isə əksərən günün müəyyən hissəsini Nazirlər Kabinetindəki otağında keçirə bilir və işdən tez dönür.
Qeyd edək ki, Artur Rəsizadənin səhhətində problemlərin olması və bu səbəbdən onun işə seyrək çıxması barədə təxminən 2009-cu ildən məlumatlar var. Onun bu müddətdə bir neçə dəfə sağlamlığını əsas göstərərək işdən azad olunmasını istədiyi, bir neçə dəfə isə öz istəyi ilə istefa ərizəsi yazdığı da gələn bilgilər arasındadır.
Amma Nazirlər Kabinetinin rəhbərinin bu istəkləri həmişə mənfi cavablandırılıb. Buna səbəb isə ölkənin ikinci şəxsi postuna təyinat uğrunda hakimiyyət kulislərində illərdən bəridir gərgin mübarizə getməsi və baş nazirlik vəzifəsinə razılaşdırılmış, iqtidariçi bütün güc mərkəzlərinin birmənalı qəbul etdiyi şəxsin tapılmamasıdır. Belədə isə Artur Rəsizadənin istənilən şərtlər altında görəvinə davam etməsi məqsədəuyğun sayılıb və ona bununla bağlı müəyyən "güzəştlər" də edilib. Rəsizadə il ərzində bir neçə gündür ki, işə çıxmır, müalicəsi ilə məşğul olur. Səhhətinin daha kritik dönəmlərində isə Rəsizadənin daha uzun müddətə işə çıxmamaq kimi bir "imtiyaz"ı var.
Gələn məlumatlarda vurğulanır ki, Nazirlər Kabineti rəhbərinin işə çıxmadığı vaxtlarda səlahiyyətlərinin icrası baş nazirin birinci müavini Yaqub Eyyubova həvalə edilir.
Onu da vurğulamaq yerinə düşərdi ki, Artur Rəsizadə şəkər xəstəliyindən əziyyət çəkir, son iki ildə isə xəstəliyin təsiri altında baş nazirin gözləri tam zəifləyib. Hətta bəzi KİV-lərdə artıq illərdən bəridir əziyyət çəkdiyi xəstəlik səbəbindən hökumət başçısının digər orqanlarında da fəsadlar əmələ gəldiyinə dair iddialar səsləndirilir.
Məlumat var ki, ölkə rəhbərliyi Rəsizadə ilə yola 2013-cü ilə qədər davam etmək və həmin il keçiriləcək prezident seçkilərində hakimiyyət namizədinin qələbəsi təmin iediləcəyi təqdirdə yeni formalaşdırılacaq Nazirlər Kabinetinə yeni rəhbər təyinatı gerçəkləşdirmək fikrindədir. Bununla əhəmiyyətli vaxt qazanmaq və həmin vaxt içində Rəsizadənin "varis"ini müəyyənləşdirmək olar.
Amma iş burasındadır ki, hökumət başçısının səhhətindəki fəsadların günbəgün daha qabarıq şəkildə özünü göstərməsi Rəsizadənin 2013-ün payızınadək işinin başında qalmasını, qalarsa belə, öz fəaliyyətini səmərəli həyata keçirməsini şübhə altına alır.
Prezident seçkisi kimi ciddi, taleyüklü siyasi periodda sonuncu xeyli riskli davranış kimi göründüyündən məhz baş nazir təyinatının reallaşması daha doğru adım təsiri bağışlayır.
Ülviyyə Qasımlı