Milli Şurada istefa
Milli Şurada istefa

Qruplar bir-birinə savaş açır

Milli Şuradan ilk istefa xəbəri gəldi. Şuradakı mənbədən daxil olan məlumata görə, həbsdə olan islamçı Abgül Süleymanov qurumdan istefa verib. Milli Şuraya məktub ünvanlayan məhbus bu addımının səbəbini açıqlamayıb.Ehtimal edilir ki, Abgül Süleymanovun istefasının səbəbi Milli Şuranın bəyannaməsindəki düzəlişdir. Belə ki, uzun mübahisələrdən sonra sənədə Avropaya inteqrasiya ilə bağlı müddəa əlavə edilib. Abgül Süleymanovu da bu narazı salıb.

Ekspertlər hesab edir ki, bu narazılıqlar hələ çox artacaq və əslində bu kifayət qədər ciddi məsələdir. Milli Şura təsis ediləndən sonra aydın oldu ki, bu qurumda milli qüvvələrlə yanaşı Rusiyaya və İrana meyilli qüvvələrdə daxil edilib və bunun süni şəkildə həyata keçirildiyi aydın oldu. Məhz bu amilə görə Arif Hacılı və Pənah Hüseyn yeni təşkilatda iştirakdan imtina etdilər. Ekspertlər bunu da qeyd edir ki, islamçıların Milli Şuraya daxil edilmələri cəmiyyətdə də birmənalı qarşılanmayıb. Milli bir dövlət quracağını bəyan edən bu qrup Azərbaycanı müstəqil dövlət kimi yox, İranın bir əyaləti kimi görən İslam partiyasını da bura daxil ediblər. Bu isə sözsüz ki, prinsipsizlik kimi qəbul edilir. Bundan başqa Rüstəm İbrahimbəyov açıq şəkildə Avropaya inteqrasiyanın əleyhinə gedir. Dünənə qədər bu siyasəti tənqid edən Müsavat və AXCP indi onunla bir sırada durur. Müşahidəçilər bildirir ki, elə bu məqam sübut edir ki, hazırda müxalifətin yaşadığı ən böyük problem ideologiyasızlıqdır. Gəlin elementar bir misala baxaq. Artıq neçə gündür ki, Türkiyədə siyasi proseslər gərginləşib və demək olar ki, ölkənin hər yerində aksiyalar keçirilir. Amma aksiyalar başlayan günün səhərisi hakimiyyətə qarşı ən radikal şəkildə müxalifətdə olan Milliyətçi Hərəkat Partiyası bu aksiyalardan imtina etdi. Səbəb isə bu idi ki, aksiya iştirakçılarının böyük bir qismi sosialistlər idi və bu ideoloji məsələyə görə MHP hakimiyyətə qarşı çıxmaqdan imtina etdi. Çünki artıq bu partiyalar üçün ideologiya hansısa hakimiyyətdən daha üstündür. Azərbaycanda isə bu gün müxalifət hətta Rusiya şinelinə belə bürünməyə hazırdır və hakimiyyətə gəlmək üçün ideyalarından, prinsiplərindən imtina edirlər. Artıq buda qeyd olunur ki, AXCP və Müsavatda olan Elçibəyçilər açıq şəkildə bu təşkilatdan imtina etməyə başlayıblar. Hesab edirlər ki, bir zamanlar Elçibəyə qarşı çıxan və Rusiyaya bağlılığı olan bu şəxslərlə birgə fəaliyyət göstərmək Elçibəyin ruhuna hörmətsizlikdir. Müşahidəçilər bildirir ki, Müsavat və AXCP-in bu gün belə bir xətt tutması onların nüfuzuna da ciddi təsir edəcək. Ən azından dünənə baxsaq bunun nə demək olduğunu görərik. 1992-ci illərdə Əbülfəz Elçibəy Rusiyanın hakimiyyəti ələ keçirtmək istədiyini görən də Heydər Əliyevi Bakıya dəvət etdi və sonradan da açıq şəkildə bildirdi ki, Heydər Əliyevi dəvət etməsəydilər hakimiyyəti Rusiya kimlərinsə vasitəsi ilə ələ keçirəcəkdi. Bu gün isə AXCP və Müsavat belə qüvvələrlə bir araya gələrək Elçibəy prinsiplərindən imtina edirlər. Ekspertlər hesab edir ki, artıq Milli Şuradan parçalanmaların başlamasıda bunun təsdiqidir və yaxın vaxtlarda islamçılarla yanaşı, milli qüvvələrində proseslərdən kənarlaşacağı qaçılmaz olacaq. Hazırda bu istiqamətdə ciddi işlər görülür və qarşıdurma get-gedə dərinləşir. Məsələn, Milli Şurada olan Rusiyaya yaxınlığı ilə seçilən qüvvələr bu gün açıq şəkildə Arif Hacılıya qarşı bir kompaniyaya start veriblər. Amma Arif Hacılının da kifayət qədər tərəfdarları var və hesab etmək olar ki, ilk toqquşmada məhz bu qüvvələr arasında olacaq.
Toğrul Əliyev