"Mən təkəm, onlar çoxdur"
"Mən təkəm, onlar çoxdur"

Yazıçı Şərif Ağayarın AYB-dən qovulmasına etiraz olaraq bir qrup gənc yazarlar ədəbi qurumadan istefa verdilər. İstefa vermiş şəxslər Elnaz Eyvazlı, Rəbiqə Nazimqızı, Qismət, Ayxan Ayvaz, Mövlud Mövlud, Aysel Əlizadə və Babək Göyüşdür. AYB-ni tərk edənlərin əksəri Rəşad Məcidin yetirmələri, onun himayə etdiyi şəxslərdir. Onların demək olar ki, hamısı AYB xətti ilə təqaüdlər alıblar. Bununla bağlı AYB-nin gənclər üzrə katibi Rəşad Məcid istefaların AYB-də soyuqqanlılıqla qarşılandığını dilə gətirib. O, açıqlamasında deyib:

"Yazıçı sənəti masa arxasında özü-özü ilə baş-başa qalaraq yaranan bir sənətdir. Mən də istəyirəm ki, Azərbaycandan gələcəkdə böyük yazarlar çıxsın. Ən ümid etdiyim gənc yazarlardan biri də Elxan Qaraqan idi. Sonradan onunla incikliyimiz oldu. Amma onun son əsərin oxumuşam. O vaxt ona demişdim ki, sən 30 ilə Nobel mükafatı alacaqsan. Onun iki ili gedib, qalıb 28 ili. Növbəti gənc ədiblərdən Pərvinin də "Balerina" əsəri demək olar ki, MKM-də qalib olub. Mən ona da inanıram. İnanıram ki, o da gələcəkdə uğurlar qazanacaq və Azərbaycan ədəbiyyatının təbliğatçısı olacaq. İstefa verənlərin içində də inandığım gənc yazarlar var. Amma mən onlara deyə bilmərəm ki, siz niyə istefa verirsiniz. Bu onların öz işləridir. 20 ildir ki, həm gənc jurnalistlərə, həm də gənc yazarlara dəstək olmuşam. Seymur Baycanı, Qan Turalını, Əli Əkbəri, bütün modernist yazarları qəzetimdə çap etmişəm. İndi çıxıb gedirlərsə öz qərarlarıdır. Nə edə bilərəm ki? Rəşad Məcid həmişə onların yanında olub! Mən təkəm, onlar çoxdur. Mən onların azadlığına heç bir məhdudiyyət qoya bilmərəm. Ən çox güvəndiyim gənclərdən biri Zərdüşt idi. O ada rəhmətə getdi. Yəni taleyin işidir. Allahın qərarlarını dəyişə bilmərik ki. Amma yenə də yeni gənclər var. Yazıçılar Birliyinin üzvi olub-olmamaq heç nəyi həll etmir. Təki onlar yaxşı əsərlər yaratsınlar".1988-ci ildən AYB üzvü, BDU-nun dosenti, filoloq-alim Məti Osmanoğlu Fikrət Qoca ilə Şərif Ağayar arasında yaşanan konfliktə, ikincinin oradan uzaqlaşdırılmasına kəskin münasibətini bildirib.
O, bir sıra maraqlı məqamlara toxunub. "Axır vaxtlar ictimai fikrin gündəliyində fəallaşan mövzulardan biri də Yazıçılar Birliyi ilə bir qrup gənc yazarlar arasında iplərin qopmasıdır. Qarşılıqlı ittihamlar, təhqirlər yenə ölçülərdən çıxmağa başlayıb... İşin ən əndazəsiz tərəfi isə budur ki, qarşı tərəfi təhqiramiz söz və ifadələr işlətməkdə ittiham edən tərəf də təhqir və söyüş terminologiyasından vaz keçə bilmir. Xüsusilə ağsaqqal nəslin gənclərin ünvanına söyüş, qarşı tərəfi dinləmək əvəzinə, söyüşlə susdurmağa cəhd etməsi çox eybəcər görünür və burada heç kimə haqq qazandırmaq mümkün deyil: KİV-də kiminsə ünvanına təhqiramiz söz işlədilməsi, kiminsə heysiyyətinə toxunacaq ifadələrə yer verilməsi yalnız və yalnız təəssüf doğura bilər. Ancaq bir acı həqiqət var: Azərbaycan mətbuatında söyüş yazmağın, qarşı tərəflə təhqir dilində danışmağın banisi xalq şairi Fikrət Qocadır. Vaxtilə mənim ünvanıma yazdığı və ölkənin parlament qəzetində çap etdirdiyi, əxlaq ölçülərinə sığmayan hərzə-hədyanları onun özünün və Anar müəllim başda olmaqla ona havadar çıxanların yadına salmaq istəyirəm. Fikrət Qoca yazdıqlarını yadına salsın və vicdan əzabı çəksin, özündə ağsaqqallıq və insanlıq gücü tapa bilsə, hələ gec deyil, məndən və övladlarımdan üzr istəsin. Və gənclərin onun haqqında yazdıqlarına, dediklərinə dözümlə yanaşsın - axı hər kəsin elədiyi əməl bir gün qarşısına gəlir..."
Elmin