Con Kerri Azərbaycana gələcək
Con Kerri Azərbaycana gələcək

“ABŞ Azərbaycan və Ermənistana Dağlıq Qarabağ münaqişəsinin həllində yardım etməkdə maraqlıdır”

Artıq bir neçə gündür ki, Azərbaycanın xarici işlər naziri ABŞ-da səfərdədir və yəhüdi lobbisinin təşkil etdiyi toplantıda iştirak edib. Ekspertlər hesab edirdi ki, Elmar Məmmədyarovun belə bir toplantıya dəvət alması kifayət qədər ciddi məsələdir və bunun bir sıra effektləri olacaq. İlk növbədə yəhüdi lobbisi Azərbaycana dəstək ola bilər və ABŞ-Azərbaycan münasibətləri daha da istiləşə bilər.
Düzdür öncələr ABŞ-la Azərbaycan arasında müəyyən problemlər yaşanmışdı. Amma sonradan müəyyən razılaşmalar əldə edildi və bu gün terrora qarşı mübarizədə iki ölkə arasında ciddi əlaqələr formalaşıb. Bu dəfə isə Xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtona səfəri çərçivəsində ABŞ Dövlət katibi Con Kerri ilə görüşərək bir sıra mühüm məqamları müzakirə ediblər. Görüş zamanı Con Kerri Azərbaycanın ABŞ-ın önəmli tərəfdaşı olduğunu vurğulayaraq, ölkəmizin Əfqanıstanda NATO-nun Beynəlxalq Sülhə Dəstək Qüvvələrinə yardımını, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni və ABŞ üçün önəmli olan digər məsələlərdə böyük rol oynadığını qeyd edib. C. Kerri Ermənistan-Azərbaycan münaqişəsinin regionun sabitliyinə təhdid olduğunu bildirərək, ABŞ-ın Minsk Qrupunun həmsədr ölkəsi qismində tərəflərə münaqişənin həllini tapmağa kömək etməyə davam edəcəyini qeyd edib, ABŞ-ın bu münaqişənin həllində çox maraqlı olduğunu vurğulayıb.
Öz növbəsində, E. Məmmədyarov Azərbaycanın ABŞ-la ikitərəfli əlaqələrə önəm verdiyini, iqtisadi, investisiya və enerji sahələrində, habelə beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən uğurlu əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə əminlik bildirib. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar barədə danışan nazir “status-kvo”nun dəyişməli olduğunu qeyd edib, danışıqlarda irəliləyişə nail olmaq üçün ilk növbədə Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasının gərəkliyini vurğulayıb.
Görüş zamanı E. Məmmədyarov C. Kerrini Bakıya rəsmi səfər etməyə dəvət edib. C. Kerri öz növbəsində belə səfərin həyata keçirilməsində çox maraqlı olduğunu qeyd edərək dəvəti məmnuniyyətlə qəbul edib. Elmar Məmmədyarov həmçinin ABŞ prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasında Avropa Məsələləri üzrə direktor Karen Donfrid ilə görüşüb.
Bu görüş zamanı da ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlər, həmçinin BMT və NATO kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barədə müzakirələr aparılıb. Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verərək, münaqişənin həlli üçün ilk növbədə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini və bu tələbin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin müddəalarında əks olunduğunu bildirib. Karen Donfrid ABŞ administrasiyasının münaqişənin sülh yolu ilə ədalətli həllinin tərəfdarı olduğunu bildirib və bunun regionun inkişafı baxımından önəmli olacağını qeyd edib. Azərbaycanın regionun enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rolunu qeyd edərək, bu sahədə də uğurlu əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.
Ekspertlər hesab edir ki, bu görüşlər bir başlanğıc ola bilər və bundan sonra daha yüksək ranqlı görüşlərdə planlaşdırıla bilinər. O cümlədən prezidentlərin görüşüdə gündəmə gələ bilər. Bunun üçün isə bir sıra mühüm səbəblər var. İlk növbədə prezidentlərin görüşündə qərbin enerji təhlükəsizliyi, NATO qoşunlarının Əfqanıstandan çıxarılması üçün Azərbaycanın imkanlarından yararlanmaq və Dağlıq Qarabağ probleminin həlli kimi məsələlər müzakirə oluna bilər. Bunu da qeyd edək ki, artıq əksər ABŞ analitiki hesab edir ki, ABŞ Dağlıq Qarabağ probleminin həllinə bir başa qoşulmalı və bunun üçün lazım olarsa xüsusi nümayəndə də ayırmalıdır.
Mehdi Əli