Oqtay Şirəliyevdən səhiyyədə yeni həmlə
Oqtay Şirəliyevdən səhiyyədə yeni həmlə

Azərbaycanda tibbi xidmətlərin və dərmanların reklamı qaydaları niyə sərtləşdirilir?

Azərbaycanda tibbi xidmətlərin və dərman preparatlarının reklamı çətinləşəcək. Bundan sonra ölkə ərazisində yalnız həkim resepti olmadan buraxılan dərmanların reklamına icazə veriləcək, tibbi xidmətlərin reklamını isə yalnız bu sahədə ixtisaslaşmış mütəxəssislər həyata keçirə biləcək.

Belə ki, Oqtay Şirəliyevin rəhbərlik etdiyi Səhiyyə Nazirliyinin qəbul etdiyi "Özəl tibb fəaliyyəti subyektləri tərəfindən göstərilən tibbi xidmətlərin və həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamına rəy verilməsi qaydası barədə" Qaydalar "Reklam haqqında" qanuna 2013-cü ilin fevralında edilmiş dəyişikliklərə əsasən hazırlanıb.
Qaydalara əsasən, tibbi xidmətlərin və dərmanların reklamına rəy almaq istəyən şəxs Nazirliyə ərizə ilə müraciət etməlidir. Ərizəçi qismində tibbi xidmətlərə münasibətdə özəl tibb fəaliyyətinin subyektləri, dərmanlara münasibətdə isə dərman vasitələrinin istehsalı ilə məşğul olan hüquqi şəxslər çıxış edə bilərlər.
Ərizəyə digər sənədlərlə yanaşı, tibbi xidmətlərin reklamında iştirak edən mütəxəssislərin müvafiq təhsilə və ixtisasa malik olmalarını təsdiq edən sənədlərin notariat qaydasında təsdiqlənmiş surəti də əlavə olunmalıdır.
Qaydalara əsasən, reklam olunacaq xidmətlər xüsusi razılıq (lisenziya) ilə müəyyən edilmiş fəaliyyət növlərinə uyğun olmalıdır. Bundan başqa, reklam olunacaq xidmətləri göstərən tibb mütəxəssisləri qanunvericiliyə uyğun olaraq müvafiq ixtisasa malik olmalıdırlar. Başqa sözlə, hər hansı tibbi xidmətin reklamı zamanı həm xidməti göstərəcək mütəxəssislərin, həm də bilavasitə reklamın özündə iştirak edən mütəxəssislər bu sahədə müvafiq ixtisasa malik olmalıdırlar. Reklam ediləcək dərman vasitəsi isə dövlət qeydiyyatına alınmış və həkim resepti olmadan buraxılan olmalıdır, başqa sözlə, bundan sonra ölkə ərazisində yalnız həkim resepti olmadan buraxılan dərmanlar reklam edilə bilər.
Səhiyyə Nazirliyi tibbi xidmətlərin və dərmanların reklamı ilə bağlı ərizəyə daxil olduğu gündən başlayaraq ən geci 30 gün müddətində rəy verilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Ərizəyə baxılması ilə əlaqədar əlavə ekspert (mütəxəssis) rəyinin və digər məlumatların alınmasına zərurət yarandıqda həmin müddət əlavə 30 gün uzadıla bilər və bu barədə ərizəçiyə məlumat verilir.
Reklam bu qaydaların tələblərinə cavab vermədikdə ərizəçiyə rəy verilməsindən imtina edilir və bu barədə ona imtinanın səbəbləri göstərilməklə yazılı məlumat verilir. Qəbul olunmuş qərardan məhkəmə qaydasında və inzibati qaydada şikayət verilə bilər.
Sənan Mirzə