Şahmar Mövsümov Neft Fondunun əsasnaməsinə qarşı
Şahmar Mövsümov Neft Fondunun əsasnaməsinə qarşı

ARDNF etimadı doğrultmayıb, səbəb isə onun rəhbərliyinin doğru olmayan addımlarıdır

Bir neçə ay sonra Azərbaycanda Dövlət Neft Fondunun (DNF) yaradılmasının 14 ili tamam olacaq. 1999-cu il dekabrın 29-da təsis edilən fondun əsasnaməsinə görə, qarşısında duran əsas vəzifələr ölkənin neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan valyuta vəsaitlərinin və digər gəlirlərin toplanması və səmərəli idarə edilməsi, həmin vəsaitlərin öncül sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etməkdir.

Fondun yaradılması haqda fərmanda qeyd olunur ki, gözlənilən gəlirlərin Azərbaycan Respublikasının sosial-iqtisadi tərəqqisinə istiqamətləndirilməsi dövlət siyasətinin başlıca məqsədidir.
Ümumiyyətlə, dünya təcrübəsində suveren fondlar təyinatına görə üç qrupa - büdcə (rezerv), stabilləşdirmə və gələcək nəsillər fondlarına bölünürlər. DNF-in hansı təyinatı daşımasına gəlincə, fondun icraçı direktoru Şahmar Mövsümov isə açıqlamalarının birində bəyan etmişdi ki, bu qurum həm stabilləşdirici, həm rezerv, həm də gələcək nəsillər fondudur.
Elə ekspertlər də Neft Fondunun ölkəyə gələn neft pullarının səmərəli istifadəsi məqsədilə yaradılan bir qurum olduğunu xatırladırlar. Onların sözlərinə görə, ayrı-ayrı ölkələrdə neft fondlarının təyinatı fərqli olur. “Azərbaycanda Neft Fondunun özünün əsasnaməsində də göstərilib ki, bu qurum neftdən gələn gəlirlərin indiki və gələcək nəsillərin xeyrinə faydalı istifadə edilməsi üçün nəzərdə tutulub. Lakin bizdə həm fonda vəsait toplanması və ondan istifadə edilməsi, həm də fondun idarə edilməsi baxımından xeyli dərəcədə problem var. Bu gün Neft Fonduna daxil olan vəsaitlərin daha çox istifadə olunması diqqəti cəlb edir. Bu istifadədə konkret hüquqi baza, yaxud çərçivə müəyyən edilməyib. Vəsait çox böyük həcmlərlə hər il dövlət büdcəsinə transfer olunur. Eyni zamanda son illər Neft Fonduna daxil olan vəsaitlərin böyük bir hissəsinin istifadəsi həyata keçirilir. Bununla da faktiki olaraq gəlirlərin gələcək nəsillər üçün qorunması məsələsi sual altına düşür. Ayrılan vəsaitlərin necə istifadə olunması da qaranlıqdır” - əksər ekspertlərin fikri belədir.
Bu günlərdə isə məlum oldu ki, Dünya Bankının metodologiyası əsasında aparılan hesablamalar göstərir Dövlət Neft Fondunun hazırda 2018-ci ilin vəsaitini xərclədiyini göstərir. 2013-cü ilin vəsaiti isə 2011-ci ildə xərclənib. Xərclər bu sürətlə davam etsə, neft və qaz gəlirləri 10 ildə tükənə bilər.
Başqa bir ilginc məqam: Dövlət Neft Fondunun ölkədən kənarda daşınmaz əmlak alınmasına həvəsi bu fonddakı korrupsiyanın yeni mərhələsi kimi qəbul olunur. Məsələn, bir neçə ay əvvəl məlumat yayıldı ki, Dövlət Neft Fondu Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16" ünvanında yerləşən və dəyəri 133 milyon ABŞ dolları təşkil edən ”Qalereya Aktyor" ofis-ticarət mərkəzini satın alıb. Rəsmi məlumata görə, “Qalereya Aktyor” Moskva şəhərinin tarixi mərkəzində yerləşir. “Tverskaya” küçəsi məşhur mehmanxana və ofislərin, eləcə də bir çox beynəlxalq ticarət brendlərinin mərkəzləşdiyi ərazidir.
Amma maraqlıdır ki, Colliers International şirkətinin ekspertlərinin qiymətləndirməsinə görə, həmin binanın bazar dəyəri 100 milyon dollardır. Bu barədə Colliers International təşkilatının nümayəndəsi Anna Orlova Rusiyanın “İzvestiya” qəzetinə açıqlama verib. Qəzet yazır ki, həmin obyekt bu ilin təxminən aprel ayından satışa çıxarılıb və Azərbaycandan başqa onun alışında maraqlı olan digər şirkət və ya dövlət olmayıb.Belədə isə sual yaranır: Azərbaycanın neft gəlirləri hesabına diqqəti cəlb etməyən binaya milyonlar xərcləməyin nə mənası? Binanın real qiyməti 100 milyon dollar olduğu halda onun əldə olunmasına 133 milyon dollar sərf olunduğuna dair açıqlamanı necə başa düşək? Bu, korrupsiya deyilsə, bəs nədir?
Ümumiyyətlə, ekspertlər hesab edirlər ki, ARDNF-in hazırki rəhbərliyi ilə bağlı etimad özünü doğrultmayıb, fondun adı ətrafında ciddi ictimai şübhələr, qalın korrupsiya pərdəsi yaranıb, odur ki, Dövlət Neft Fondunda qan dəyişikliyi vacibdir. Şahmar Mövsümovun əvəzlənməsi gərəkliyinə inanan ekspertlərin fikrincə, ARDNF üzərində ictimai nəzarəti həyata keçirən quruma ehtiyac da böyükdür.
Əks halda önəmli hissəsi gələcək nəsillər üçün saxlanılmalı, hifz edilməli olan neft pulları qısa zaman içində buxarlanaraq yoxa çıxacaq.

Ülviyyə Qasımlı