Siyasilər Milli Şuranın perspektivinə inanmır
Siyasilər Milli Şuranın perspektivinə inanmır

Nəhayət ki, uzun müddət müzakirə mövzusu olan Milli Şuranın yaradıldığı elan olundu. Kütləvi informasiya vasitələrinin də yaydığı xəbərə görə, Milli Şuranın yaradılması barədə keçirilən görüşdə Azərbaycan Xalq Cəbhəsi, Açıq Cəmiyyət, Azərbaycan Liberal, Klassik Xalq Cəbhəsi, Müsavat partiyaları və "EL" Hərəkatının təsisçisi Eldar Namazov iştirak edib.
Sözügedən qurumun ideya müəllifi kimi tanınan Rüstəm İbrahimbəyov isə toplantıya skayp vasitəsilə qatılıb. Yaxın günlərdə Milli Şuranın tərkibinin cəmiyyətə açıqlanacağı da bildirilir. Lakin Milli Şuranın yaradılması ideyası heç də bütün müxalifət düşərgəsi tərəfindən birmənalı olaraq müsbət qarşılanmayıb. Əksəriyyət müxalifət partiyaları bu ideyanın xaricdən gəldiyini əsas götürərək ona öz etirazını bildirib və Milli Şuranın perspektivə inanmadıqlarını vurğulayıblar.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, Milli Şura Azərbaycan xalqının maraqları, dövlət müstəqilliyinin qorunub-saxlanılması istiqamətində mübarizə aparacaqsa demokratlar Milli Şura ilə əməkdaşlıq edəcək: "Yox əgər Milli Şura Azərbaycanın müstəqilliyinə xələl gətirən addım atacaq və Rusiyanın maraqlarına uyğun iş aparacaqsa, o halda biz Azərbaycan Demokrat Partiyası olaraq onun qarşısında olacağıq. İstiqlalçılıq bizim üçün yüksəkdə durur. Çünki istiqlaliyyəti olmayan bir xalqın demokratiyası ola bilməz. Hər şeydən öndə olan istiqlaliyyətdir". Sərdar Cəlaloğlu Milli Şuranın yaradılması ilə bağlı aparılan danışıqlardan kənarda qalmasına da aydınlıq gətirib: "Hamıya məlumdur ki, bu layihə rus layihəsidir. Görünür Milli Şuraya da həmin adamlar Rusiyanın seçimi əsasında daxil edilir. Təşəbbüskarların da verdikləri bəyanatdan aydın görünür ki, burada onların iradəsi o qədər də əsas rol oynamır. Yəni pulu kim verir, musiqini də həmin şəxs sifariş edir. Əgər hansısa bir qrupun tərkibi, onun məqsədləri, eləcə də digər məsələlər xarici dairələrin maraqlarına uyğun həll edilirsə, biz orada təmsil oluna bilmərik. Çünki biz birmənalı olaraq Azərbaycanın Avropaya inteqrasiyasının tərəfdarı olmuşuq və həmişə də həmin mövqeyi birmənalı şəkildə müdafiə etmişik. Bu gün də eyni mövqedə qalırıq. Biz Azərbaycanın xoşbəxt gələcəyini demokratiya, Qərblə inteqrasiya, Türkiyə ilə strateji əməkdaşlıqda görürük".
Vətəndaş və İnkişaf Partiyası da Milli Şuranın heç bir perspektivi olmayacağı qənaətindədir. Partiyadan bildirilib ki, Milli Şura ideyası xaricdən ortaya atıldığı üçün həmin ideya daxildə heç bir dəstək qazanmayacaq. Vətəndaş və İnkişaf Partiyası hesab edir ki, yalnız bəzi siyasi çevrələr həmin ideyaya dəstək verirlər ki, həmin siyasi dairələrin də müəyyən maraqları var. Vətəndaş və İinkişaf Partiyasının qənaətincə Milli Şura indiyə qədər fəaliyyət göstərən digər müxalifət birlik və bloklarından daha qısaömürlü olacaq: "Avqustun 17-dən sonra Mili Şura daxilində ziddiyətlər artacaq. Çünki həmin dövrə qədər həm müxalifət düşərgəsində, həm də Milli Şuranın daxilində prezidentliyə namizədlərin sayı kifayət qədər artacaq. Nəticə etibarilə Milli Şurada fəaliyyət göstərən partiya və ayrı-ayrı şəxslər arasında yaranan ziddiyyətlər bu qurumun sonunu reallaşdıracaq"
Azərbaycan Yaşıllar Partiyasının sədri Mayis Güləliyev də bildirib ki, Milli Şura ideyası xaricdən verildiyi üçün onun heç bir daxili dəstəyi olmayacaq. Partiya sədri Milli Şuranın perspektivinə inanmadığını da vurğulayıb: "Hesab edirəm ki, Milli Şura ideyası seçki ilində müxalifətin bir araya gəlməməsi üçün və parçalanmasına hesablanıb. Bu səbəbdən onun heç bir perspektivi olmayacaq. Ona görə də partiya olaraq qətiyyən Milli Şura barədə bir şey fikirləşmirik və yalnız prezident seçkilərinə hazırlıqla məşğuluq".
Azərbaycan İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı bildirib ki, hər dəfə Milli Şuranın yaranmasında qaranlıq məqamlar və ciddi narahatçılıqlar ortaya çıxıb: "Hələlik Milli Şuranın kriteryaları və formatı bəlli deyil". Partiya sədri müxalifət düşərgəsində yaradılan birlik və blokların iştirakçılarının hər zaman eyni qüvvələr olmasından da narahatçılığını ifadə edib: "Nə üçün bu ideyanı ancaq bəlli təfəkkürdə və dar çərçivədə özlərinə sərf edən insanlar yaratmalıdılar? Müasir dövrün tələblərinə cavab verməyən, həqiqi demokrat olmayan və ictimai təfəkkürdə tanınmayan yaradıcıların hədəf və məqsədləri şəffaf olmadığı üçün onların Milli Şura məsələsində dalana dirənəcəklərindən xəbər verir. Yenə də eyni ilə İctimai Palata və "El" kimi. Onlar kimlərəsə basqı və görüntü yaratmaqdan başqa heç nəyə nail olmayacaqlar. Onu da bilirik ki, bu cür təfəkkürdə olan "ideoloq"lar ancaq inhisarçılıq və şüarçılıq prinsipi ilə meydandadılar..Həmişə olduğu kimi, yenə də bu prinsiplərə söykənən qurum və təşkilatların sonu uğurlu olmayacaq. Onlar heç vaxt cəmiyyətə xeyir, təkamül gətirməyiblər.
Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu qeyd edib ki, Milli Şuranın perspektivindən danışmaq hələ tezdir: "Milli Şura hələ təzə elan olunub. Orda təmsil olunan simalar da, siyasilər də bir-iki nəfəri çıxmaq şərtilə yeni deyil. Bu baxımdan Milli Şuranın ölkədə köklü islahatlara və dəyişikliklərə nail olacağını əminliklə söyləmək bir qədər çətindir". Əli Oruclu deyib ki, qurumu təkcə elan etməklə hər şey həll olunmur: "Milli Şuranı qarşıda çox ciddi və çətin daxili sınaqlar gözləyir. Oradakı partiyalar sonadək bu yolu qət edə biləcəklərmi? Yaxud oyun qaydalarının müəyyənləşdirilməsində və maraqların toqquşmasından xilas oluna biləcəklərmi? Hələlik bu kimi problemlər mövcuddur. Eyni zamanda qısa müddət ərzində bu qurumu daxili auditoriyaya və beynəlxalq ictimaiyyətə təqdim etmək, inandırmaq kimi vacib problemlər qalmaqdadır".
Süleyman İsmayılbəyli