"Milyarderlər İttifaqı" hansı birliyi istəyir?
"Milyarderlər İttifaqı" hansı birliyi istəyir?

Rəsmi Kremlə görə hələ ki, nə etdiklərini bilmirlər

Bir Müddət öncə Rusiyada "Milyarderlər İttifaqı" yaradıldı və qərara alındı ki, yeni icmalar formalaşdırılsın və Rusiyada azərbaycanlıların fəaliyyəti aktivləşdirilsin. Amma ittifaqın yaradılmasından bir neçə gün sonra təşkilatın sədrliyində təmsil olunan Söyün Sadıqov sərt bəyanatlarla çıxış etməyə başladı və hədəf olaraq Azərbaycan hakimiyyətini seçdi. Hətta iş o yerə çatdı ki, Söyün Sadıqovun nəzarətində olan bəzi şəxslər Azərbaycana gələrək müxalifət düşərgəsində özlərinə dayaq toplamağa çalışdılar.

Bu isə açıq şəkildə sübut etdi ki, onların məqsədi heç də Rusiya daxilində fəaliyyət göstərmək deyil. Qəribə məqamlardan biri də bu oldu ki, yeni ittifaqda son zamanlar müxalifətin əsas tribunasına çevrilən Rüstəm İbrahimbəyovda təmsil olundu və oda açıq şəkildə Azərbaycan hakimiyyətini hədələməyə başladı. Bu proseslərdə nisbətən ortaq mövqe tutan şəxs isə baş nazirin keçmiş birinci müavini Abbas Abbasov idi. O, hakimiyyətlə xoş münasibətlərdə olduğunu bəyan etdi və prezident İlham Əliyevlə görüşə bildi. Bu görüşdən sonra uzun müddət susqunluq nümayiş etdirən Abbas Abbasov bunun qarşılığında Rusiya da aktivləşdi və demək olar ki, artıq bir aydan çoxdur ki, Rusiyanın müxtəlif bölgələrinə səfərlər edib, azərbaycanlılarla görüşlər keçirir. Digər ittifaq üzvü Söyün Sadıqov isə hələ ki, susqunluq nümayiş etdirsə də hazırda o Vladimir Putinin inanılmış kadrı sayılır və o da partiya yaratmaqla məşğuldur. İndi isə başqa maraqlı bir açıqlama gündəmə gəlib. Uzun müddət susan Abbas Abbasov ikibaşlı bir açıqlama ilə çıxış edib. Gəlin öncəliklə açıqlamanın detallarına baxaq və bundan sonra ziddiyətləri gündəmə gətirək. "Sirr deyil ki, bu gün Rusiya ərazisində anti-Azərbaycan siyasəti yürüdən insanlar da var. Onlar kriminal fəaliyyətləri ilə bizim milləti biabır edirlər". Bu sözləri Rusiya-Azərbaycan Təşkilatları İttifaqının rəhbəri və AzerRos Ağsaqqallar Şurasının sədri Abbas Abbasov qurumun rəsmi saytına Rusiyada mövcud Azərbaycan icmalarının qarşılıqlı münasibətlərini şərh edərkən deyib: "Nəyə görə mən güclü Azərbaycan icması, möhkəm qardaşlıq yaratmaq istədim? Ona görə ki, lazım gələndə, ölkə rəhbərimizin çağırışı zamanı tarixi torpaqlarımız uğrunda bir yumruq kimi çıxış edə bilək. Eyni zamanda, Azərbaycan Rusiya arasındakı əlaqələri, Rusiyada məskunlaşan digər xalqlarla bizim xalqın dostluğuna dəstək olmaq üçün. Bax bizim əsl məqsədimiz bundan ibarətdir. AzerRos və RATİ-nin əsas məqsədi həmvətənlərimizi birləşdirməkdir. Buna mane olmağa, qarşı gəlməyə çalışacaqlar, lakin biz istənilən halda öhdəsindən gələcəyik. Biz bir xalqıq və bizi ayırmalarına imkan verməyəcəyik. Biz onsuz da parçalanmışıq. Lakin biz birləşəcəyik, güclüyük çünki heç kim bizim xalqın birləşməyinə mane ola bilməz. O kəslər ki, hazırda bizə qarşı dururlar onlar gedəcəklər, inanın mənə. Onlar gedəcəklər, onlar olmayacaq. Mən onların adını çəkə bilərəm, əgər istəsəniz. Lakin xalq özü də hər şeyi yaxşı bilir və lazımi qiyməti özü verəcək. İmkan verməyəcəyik ki, bizim milləti tapdalasınlar. Biz bütün insanların azad, səs vermə hüququ olan demokratik cəmiyyətdə yaşamaq istəyirik". Bu açıqlamada diqqəti cəlb edən ilk nüans budur ki, Abbas Abbasov bəyanatında iki xalqın birliyindən danışır və bu birliyə qarşı çıxanlarla sərt mübarizə aparacaqlarını bəyanlayır. Məsələyə ümumi yanaşanda isə aydın olur ki, Rusiya və Azərbaycan xalqının bu gün dost xalqlar olmasına istər iqtidar, istərsədə müxalifət normal yanaşır və demək olar ki, bununla bağlı hər hansı bir ziddiyət yoxdur. Amma mənəvi birliklə yanaşı bu gün Vladimir Putin hüquqi bir birlik modelini ortaya atıb ki, buda Ümumgömürük İttifaqı ideyasıdır. Bu ideya isə sovetlər birliyinin bərpasından başqa bir şey deyil. İndi maraqlıdır, Abbas Abbasov hüquqi birliyə qarşı çıxanlara qarşı mübarizə aparacaq, ya mənəvi birliyə qarşı çıxanlara? Ən azından açıqlamada bu ziddiyət açıq olaraq qalır. Bundan başqa Abbas Abbasovun açıqlamasında diqqəti cəlb edən məqamlardan biri də kimlərisə az qala şantaj etməsidir. Belə ki, o açıqlamasında bildirir ki, kimlərsə iki xalqın birliyini istəmir və lazım olarsa adlarını çəkə bilər. Amma ekspertlər hesab edir ki, bu gün hakimiyyət düşərgəsində Rusiya ilə gərginliyin yaranmasına maraqlı olan simalar belə yoxdur və Abbas Abbasovun bu açıqlaması sadəcə olaraq kimlərisə hədələməkdir. Beləliklə ekspertlər hesab edir ki, Abbas Abbasov yenə də açıqlamasında sona qədər səmimi olmadı və bu o deməkdir ki, prosesləri heç də Abbas Abbasov təkbaşına idarə etmir və hazırda rəsmi kremlin hadisələrə yanaşması mübahisəli olduğu üçün ittifaq üzvləri də hansı addımı atacaqlarını sona qədər bilmirlər.
Mehdi Əli