“GSMA M360 2024” konfransı ərəfəsində “m360series” rəsmi saytında  Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən irimiqyaslı “Onlayn Azərbaycan” layihəsi haqqında hesabat dərc olunub. 

"Unikal" xəbər verir ki, məqalədə əhalini yüksəksürətli internetə çıxışla təmin etmək və innovativ həllər tətbiq etməklə rəqəmsal fərqin aradan qaldırılmasına yönəlmiş layihənin ölkədə necə həyata keçirilməsi barədə məlumatlar açıqlanır. Ölkənin ucqar və çətin keçilən regionlarının internetə çıxışla təmin edilməsində irəliləyişlər xüsusilə qeyd olunub. 

Məqalədə “Onlayn Azərbaycan” layihəsinin əhalinin genişzolaqlı internetə çıxış imkanlarının xeyli artmasına təsirindən danışılır. Layihənin rəqəmsal uçurumun aradan qaldırılmasında və ölkə əhalisinin əksər hissəsinin müasir rabitə ilə təmin olunmasında səmərəliliyi qeyd olunur. Belə ki, hazırda genişzolaqlı internetə çıxış imkanı olan ev təsərrüfatı və biznes subyektlərinin payı 2020-ci ilin sonundakı 8 faizə nisbətdə 74,2 faizə yüksəlib. 

Məqalədə, həmçinin “Ookla”nın (İnternet sürəti və bağlantı gecikməsini təhlil etmək imkanı verən internet servisi) mart hesabatına istinad yer alıb. Hesabata görə, son 12 ayda Azərbaycanda genişzolaqlı internet sürəti artaraq orta hesabla 38,32 Mbit/saniyəni üstələyib ki, bu da illik ifadədə 38 faiz artım təşkil edir.  

Belə ki, təkcə bu ilin birinci rübündə 251 mindən çox ev təsərrüfatı və biznes subyekti genişzolaqlı internetə çıxış imkanı əldə edib. Ümumilikdə, layihənin icrası müddətində ölkə üzrə 2,16 milyona yaxın subyektin genişzolaqlı internetə çıxışı təmin edilib. Layihə çərçivəsində kənd yerlərində həyata keçirilən işlər xüsusilə qeyd edilib ki, bunun da sayəsində hazırda paytaxtdan və böyük rayon mərkəzlərindən kənarda 855,9 min ev təsərrüfatı və biznes subyekti yüksəksürətli internetə çıxış imkanına malikdir. 

Layihənin məqsədi yerindən və iqtisadi statusundan asılı olmayaraq texnoloji imkanların hər kəs üçün əlçatan olduğu inklüziv cəmiyyətin yaradılmasıdır. O, onlayn dövlət xidmətlərinə və e-ticarət platformalarına çıxışı genişləndirir, eləcə də ölkənin ucqar və çətin keçilən regionlarının sakinləri üçün təhsil və səhiyyə sahəsində bərabər imkanları təmin edir. 

Qeyd edək ki, “Onlayn Azərbaycan” layihəsi bir neçə telekommunikasiya operatorunun birgə səyi ilə dövlət-özəl tərəfdaşlıq modeli əsasında həyata keçirilir. Layihəyə texniki baxımdan yanaşsaq, GPON (Gigabit Passive Optical Networks) texnologiyasına doğru strateji dəyişikliyin şahidi olarıq. Layihə çərçivəsində təkcə mövcud ADSL avadanlığının müasir IMS platforması ilə işləyən GPON avadanlığı ilə əvəzlənməsi deyil, həm də köhnə mis magistral kabel infrastrukturunun optik kabellərlə əvəz edilməsi, eləcə də optik paylayıcı şəbəkənin qurulması həyata keçirilir. Yeni texnologiya sayəsində internet sürəti 1 Gbit/saniyəyədək yüksələrək bu şəbəkədə göstərilən xidmətlərin keyfiyyətini və sürətini əhəmiyyətli dərəcədə artıracaq.