Bakıda enerji təhlükəsizliyi ilə bağlı konfransı öz işinə başladı
Bakıda enerji təhlükəsizliyi ilə bağlı konfransı öz işinə başladı

Azərbaycan Diplomatik Akademiyasında "Meydana çıxan təhlükəsizlik çağırışları: XXI əsrdə enerji təhlükəsizliyinin genişləndirilməsi" mövzusunda iki günlük NATO tərəfdaşlıq konfransı öz işinə başlayıb.

Konfrans NATO, Azərbaycan Xarici İşlər Nazirliyi, ABŞ Dövlət Departamenti, ADA-nın Xəzər Enerji və Ətraf Mühit Mərkəzi və Rumıniyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Konfransın məqsədi NATO və Alyansın tərəfdaş dövlətlərdəki ekspertləri, siyasətçiləri və alimlərini bir araya gətirərək enerji təhlükəsizliyinə mümkün risklərin çevik şəkildə qarşısının alınması yollarını müzakirə etmək və təhlükəsizlik sahəsində elmi əməkdaşlığı gücləndirməkdir.
Müzakirələr zamanı Avropa enerji təhlükəsizliyinin genişləndirilməsində Xəzər hövzəsinin rolu, terrorizm və enerji infrasturkturunun təhlükəsizliyinə ondan irəli gələn təhdidlər və kiber risklər, sərhədlərarası əməkdaşlıq kimi mövzular diqqət mərkəzində olacaq.
Tədbiri giriş sözü ilə açan Azərbaycan xarici işlər nazirinin müavini, ADA-nın rektoru, səfir Hafiz Paşayev ADA-nın NATO ilə əməkdaşlığından bəhs edib və konfransın NATO ilə əməkdaşlığın daha da gücləndirilməsində əhəmiyyətini qeyd edib.
Tədbirdə çıxış edən Rumıniyanın Azərbaycandkı səfiri Kristian Çiobanu konfransın mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Səfir deyib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. O qeyd edib ki, Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır: "Rumıniya Azərbaycanın NATO və Avropa İttifaqı ilə əməkdaşlığının genişləndirilməsinə bundan sonra da dəstəyini davam etdirəcək".
Daha sonra NATO-nun Enerji Təhlükəsizliyi Departamentinin rəhbəri Maykl Rule terrorizm və kiber cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb: "Azərbaycan NATO ilə terrorizm və kiber cinayətkarlıqla mübarizə, təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq etməyə böyük maraq göstərir. Azərbaycan NATO-nun fəaliyyətinə böyük töhfə verir, sülhməramlı əməliyyatlarda aktiv iştirak edir".
Daha sonra ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar tədbirdə enerji təhlükəsizliyi üzrə məruzə ilə çıxış edib. O, qlobal enerji sahəsində baş verən dəyişikliklər, enerji təhlükəsizliyi sahəsində ölkələrin rolu və s. məsələlər haqqında danışıb.