Aprelin 30-da Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının Seyid Əzim Şirvani 159/2 ünvanı üzrə  ərazi partiya təşkilatında növbəti görüş keçirilib.

"Unikal" xəbər verir ki, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə tədbirin müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Əliyevin doğum günü ərəfəsinə  təsadüf etdiyini önə çəkərək diqqəti dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısında ölçüyəgəlməz xidmətlərinə yönəldib. Bildirib ki, bugünkü Azərbaycan Heydər Əliyev siyasətinin təqdimatıdır. 18 oktyabr 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan ilk illərdə ölkəyə rəhbərlik edənlərin idarəçilik qabiliyyətinin olmaması, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ucbatından müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı. Ölkədə  xaosun, anarxiyanın, iqtisadi böhranın baş alıb getməsi, torpaqlarımızın işğalı  xalqımızın sabaha olan ümidlərinin itməsinə səbəb olmuşdur. Belə çətin  günlərdə xalq öz xilaskarına üz tutdu və Ulu Öndər Heydər Əliyevi Bakıya dəvət etdi. Ümummilli Lider Heydər Əliyevin  xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlanan inkişaf yolu Azərbayanın bugünkü möhtəşəm uğurlara imza atmasını şərtləndirdi. Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini uğurla davam etdrən Prezident İlham Əliyev dahi şəxsiyyətin ən böyük arzusunu gerçəkləşdirdi. Şuşamız, Qarbağımız, Şərqi Zəngəzurumuz azaddır, yenidən qurulur, cənnət məkana çevrilir.

Vüqar Rəhimzadə ölkəmizin həyatında əhəmiyyətli rol oynayan  bu mühüm məqamı da xüsusi qeyd etdi ki, Azərbaycan müstəqilliyinin bərpasının ilk illərində ağır vəziyyətlə üz-üzə qalanda xalqın istəyi, zamanın tələbi ilə yeni bir partiyanın- Yeni Azərbaycan Partiyasının yaradılmasına  böyük zərurət duyuldu. Xalqın böyük əksəriyyətinin istəyini özündə  əks etdirən 91 nəfər ziyalının Ümummilli Lider Heydər Əliyevə belə bir partiyanın yaradılması ilə bağlı  müraciəti, Ulu Öndərin müraciətə müsbət cavabı Azərbaycanın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizin reallıqları əsasında keçirilən   Yeni Azərbayan Partiyasının VII qurultayında bu məqamı xüsusi qeyd etmişdir ki, 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Ulu Öndər  Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident  seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı. Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox. Ölkə Prezidenti belə bir çağırışı da səsləndirmişdir ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, bu gün  Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil, qalib Azərbaycan yeni dövrə qədəm qoyub. Yeni dövrün hədəflərinə zamanında və yüksək səviyyədə nail olmaq üçün hər bir Azərbaycan vətəndaşı, o cümlədən Yeni Azərbaycan Partiyasının hər bir üzvü öz töhfəsini verməlidir. 

Sonra təşkilatı məsələlərə baxılıb.  Vüsalə Kazımova YAP Xətai rayon təşkilatının Seyid Əzim Şirvani 159/2 ünvanı üzrə  ərazi partiya təşkilatının sədri,  Solmaz Hüseynova isə sədr müavini seçiliblər.