Seçki Məcəlləmiz dəyişilməyəcək
Seçki Məcəlləmiz dəyişilməyəcək

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Əli Hüseynli bildirib ki, "Beynəlxalq təşkilatlar, o cümlədən, bizim tərəfdaşlar bilməlidirlər ki, artıq Azərbaycan keçid mərhələsini yaşayan ölkə deyil. Azərbaycan inkişaf etmiş dövlətlərin sırasına qatılmaq niyyətini ifadə edib.
Azərbaycan özünün siyasi, iqtisadi, mədəni, sosial potensialına görə regionda lider dövlətdir: "Azərbaycan keçmiş SSRİ respublikaları ilə də müqayisə olunmaz səviyyədədir. Biz iqtisadi, siyasi baxımdan ən sabit, ən inkişaf edən ölkəyik. Ona görə də, gərək Avropa təsisatları da Azərbaycanla bağlı baxışlarını dəyişməlidirlər. Mənim mövqeyim belədir ki, seçki prosesi ilə bağlı maddi-texniki, təşkilati və bir sözlə, bütün məsələləri Azərbaycan yüksək səviyyədə təşkil edib. Mövcud olan problemlərin araşdırılması mexanizmləri var. Hazırda Seçki Məcəlləsinə yeniliklərin gətirilməsi müzakirə predmeti deyil və olmayacaq da. Seçki prosesi açıqdır, şəffafdır və hesab edirəm ki, biz yenə beynəlxalq təşkilatlarla əməkdaşlıq edəcəyik ki, onlar bu prosesi müşahidə etsinlər. Amma mən bir subyektiv fikrimi söyləmək istəyirəm: Azərbaycanda vətəndaş cəmiyyətinin, ictimai şüurun, demokratiyanın və demokratik təsisatların inkişafı artıq elə səviyyədədir ki, bizi kənardan müşahidə etməyə də ehtiyac yoxdur".
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının "Unikal"a dediyinə görə, "Azərbaycanda mövcud seçki qanunvericiliyi demokratik seçkilərin keçirilməsinə imkan verir. Vaxtaşırı seçki qanunvericiliyinə dəyişiklik etməklə bağlı müxtəlif siyasi qüvvələrin təklifləri olur. Hesab edirəm ki, "Seçki Məcəlləsi"nə bundan sonra da xırda texniki dəyişikliklər etmək olar, lakin iri dəyişikliklərə ehtiyac görmürəm. "Siyasi partiyalar haqqında" Qanun Azərbaycanda 1992-ci ildə qəbul edilib və dövr etibarı ilə ölkəmizdə yeni ictimai-siyasi münasibətlər formalaşıb. Bu qanunda müəyyən müddəalar var ki, Konstitusiyaya və "Seçki Məcəlləsi"nə uyğun gəlmir. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların əsas vəzifəsi seçkilərdə iştirak etməkdir. Bu da "Seçki Məcəlləsi" ilə tənzimlənir. Siyasi partiyalarla bağlı bir sıra məqamlar var ki, onlar "Siyasi partiyalar haqqında" Qanunda öz əksini tapmalıdır".
Millət vəkili Mübariz Qurbanlının "Unikal"a söylədiyinə görə, "Müxalifətin seçki məcəlləsinə iradları növbəti seçkidə öz uğursuzluğunu sığortalamaq xarakteri daşıyır. Bu qanunvericilik əsasında biz azad, ədalətli və demokratik seçkilər keçirməyə nail ola biləcəyik. Odur ki, müxalifəti təmsil edən siyasi partiyaların, təşkilatların seçki qanunvericiliyi ilə əlaqədar iradları və iddiaları əslində həmin təşkilatların növbəti seçkilərdə uğursuzluqlarını indidən sığortalamaq məqsədi daşıyan təbliğat xarakterli addımlardır".
YAP rəsmisinin fikrincə, "Mövcud seçki məcəlləsi hazırlanarkən beynəlxalq qurumların tövsiyələri də nəzərə alındığından bu bütün siyasi partiyaların maraqlarını ifadə edən bir sənəddir. Seçki komissiyaları tam müstəqildir və onlar heç bir siyasi qüvvədən asılı vəziyyətdə deyil. Komissiyalar paritet əsaslarla parlamentdə çoxluq və azlığı təmsil edən partiyaların, eləcə də bitərəflərin nümayəndələrindən təşkil olunur. Eləcə də, dövlət normal seçkilərin keçirilməsi üçün bütün şəraiti yaradıb".
Vaxtaşırı seçki qanunvericiliyinə müvafiq dəyişikliklər edildiyini və gələcəkdə də bu qanunvericiliyin təkmilləşdirilməsi yönündə müəyyən addımlar atıla biləcəyini deyən M. Qurbanlı hesab edir ki, sənədi köklü surətdə dəyişməyə ehtiyac yoxdur.
Məzahir Avşar