Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin həbs edilmiş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Ağaoğlan oğlu Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Nurəddin oğlu Kazımov, Quru qoşunların maliyyə idarəsinin sabiq rəisi, polkovnik Bayram Tahir oğlu Bayramov və Maliyyə idarəsinin zabiti Vüsal Ədalət oğlu Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

"Unikal"ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan məhkəmə prosesində hərbi hissələrin maliyyə xidmət rəisləri və satınalma ilə əlaqədar Müdafiə Nazirliyi ilə müqavilə əsasında işləyən şirkət rəhbərləri ifadə veriblər.     
Hazırda hərbi hissələrin birində maliyyə hissə rəisi işləyən, şahid qimində ifadə verən Ziyadzadə Ülvi Namiq oğlu dövlətin büdcəsindən mənimsəmə elədiyi üçün peşman olduğunu bildirib:

“Səhv yolda olmuşam, peşmanam. 2018-2019-cu illərdə “N” saylı hərbi hissədə yoxlamada iştirak etmişəm. 100814 manat mənimsəmə olub, icazəsiz əlavə pul yazmışam. Böyük məbləğ olmadığı üçün komandirin gözündən yayınıb. Adlarına artıq pul yazdığım adamlar işləyib çıxmış mülki şəxslər olub. 2017-2021-ci illərdə mənim işlədiyim hərbi hissəyə 3  dəfə təftiş gəlib- Azər Məmmədov, Rüfət Quliyev və Nurlan adlı zabit. 18 min manat mənim ayağımda pul qalıb, çətinlik çəkirəm ziyanı qaytarmağa, hələ ödəniş etməmişəm. Ancaq çalışacam ödəyim”. 

Müdafiə Nazirliyinin Hindarx Ərzaq Xidmətində hərbi kənd təsərrüfatı müəssisəsinin rəisi işləmiş Səfərəliyev Əliyar İbrahim oğlu hərbi hissələri tərəvəz və ət məhsulları ilə təmin edib:

“Mən bu işə 2013-cü ildən gəlmişəm, 2021-ci ildə də müəssisə bağlanıb. O zaman məni bu işə Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi Qorxmaz Qarayev təyin eləmişdi. Müqavilələridə elə Maddi-Texniki Təminat Baş İdarəsi ilə bağlayırdıq, Maliyyə Büdcə İdarəsi ilə heç bir müqavilə imzalamırdıq. Maştağa hərbi kənd təsərrüfatı müəssisəsinin rəisi Zahid təklif elədi ki, "faiz ver, pulunu nazirlikdən tez al". Məndə Akif Umudov adlı mühasib ilə işimi görməyə başladım. Ümumi qazancın 3 faizini pul hesabımıza oturandan sonra verirdim adını çəkdiyim şəxsə. Bu pulu verməsək işimiz ləngiyirdi. Akif Umudov bizdən aldığı puldan kimə nə verirdi ondan xəbərimiz yox idi. Mən ondan başqa heç kimi tanımamışam. Müqaviləni hər il yanvarda Müdafiə Nazirliyinin MTT Baş İdarəsinin əməkdaşı Eldəniz Yəhyayevlə bağlayırdıq. 

Müdafiə Nazirliyinin 3 hektar torpağı istifadə üçün mənim müəssisəmə verilmişdi. Həmin torpağı həm əkib-becərirdim, həm də heyvandarlığa istifadə edirdim”. 

Şahidin istintaqda verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət ortaya çıxdığı üçün hakim Əliyar Səfərəliyevin ilkin ifadəsini elan edib:

“1 milyon 148 min manatlıq müqavilənin 2-3 faizini, 750 minlik müqavilənin 2-3 faizini Akif Umudova vermişəm. Ümumilikdə Akif Umudova 108 min manatdan artıq pul vermişəm. O da bildiyim qədər Nizami Məmmədova çatırdı. Qanvoy Cabbarovla müqavilə bağlansada mən işi Akif Umudovla görürdüm”. 

Prosesin bu yerində Əliyar Səfərəliyev istintaqda Nizami Məmmədovun adını çəkmədiyini, ümumiyyətlə onu tanımadığını israrla bildirərək qeyd etdi: “Mən nə bilim Akif Umudov aldığı pulu kimə verirdi, deyirdi yuxarılara çatdırıram”. 
Sonra şahidin ifadəsinə Nizami Məmmədov münasibət bildirib:

“Mənim satınalma epizodu ilə bağlı belə şahidlərlə üzləşdirməm olmayıb. Sadəcə Akif Umudov, Mahir Şirvanov və Məlikməmməd Qurbanovla üzləşmişəm. MN-nin tabeçiliyində Neftçala, Hindarx və Maştağa yardımçı təsərrüfatlar olub. Bu təsərrüfatlar Maddi-Texniki Təminat Baş İdarəsinin tərkibində olub onlarla müqavilə bağlayırdılar. Mən satınalma epizodları ilə bağlı ittihamları ümumiyyətlə qəbul etmirəm. İbtidai istintaqda satınalma ilə bağlı verilən ifadələr hamısı şablondur. Qorxmaz Qarayevlə, Nizam Osmanovla bağlanıb satınalma ilə bağlanıb müqavilələr, Maliyyə Büdcə İdarəsinə heç bir aidiyyatı olmayıb. Əsgərin ərzağını bir dəqiqə belə gecikdirmək olmazdı, 20 milyon manat ərzaq pulunu köçürmə ilə ödəmişəm”. 

Hazırda hərbi hissələrin birinin maliyyə xidmətində müfəttiş işləyən İbrahimli Ələmdar İbrahim oğlu şahid qismində ifadə verib:

“2017-2022-ci illərdə eyni hərbi hissədə maliyyə hissə rəisi işləmişəm. 74 min manat ümumi yeyinti olub, onun 60 faizini təftişə vermişəm. Mənə qalan 48110 manatı tam olaraq dövlət büdcəsinə ödəmişəm, qəbzi növbəti proseslərin birində gətirib təhvil verərəm. Mülki işçi kimi kartları məndə olan ancaq tərxis olunan işçilərin hesabına pullar köçürmüşəm. Yazdığım artıq pullar elektron qayda da olduğu üçün hərbi hissə komandiri onları görə bilmirdi”.  

Müdafiə Nazirlyinin hərbi hissələrində mətbəxt ləvazimatlarının təmiri ilə məşğul olan MMC rəsmisi Əhmədov Rəşad Nadir oğlu MN ilə il ərzində 300-500 min arası müqavilələr bağladığını qeyd etdi:

“Bizim şirkət sənaye tipli mətbəxt avadanlıqlarının təmiri ilə məşğuldur. Əsasən hərbi hissələrin mətbəxtlərində təmir işləri aparırdıq. Faizi ödənişdə gecikmə olmasın deyənə verirdik. Akif Umudov adlı şəxslə iş görürdük. Müdafiə Nazirliyi ilə başqa şirkətlərdə biz görən işi görürdülər, sadəcə sonda həmin şirkətlərin işindən narazı qaldıqları üçün nazirlik bizə müraciət edirdi. Müqaviləni Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsi ilə bağlayırdıq. 2019-cu ildə iki dəfə müqavilə bağlamışıq, 1-ci 300 minlik, sonra da 150 min manatlıq. Yekunda ümumi məbləğin 10-15 faizi bizə qalırdı, ondan da 3 faiz verirdim Akif Umudova. Ümumilikdə ona 36 min pul vermişəm. Akif deyirdi pulu aparıb yuxarıya verməliyik”. 

Şahid konkret ardıcıl danışmadığı üçün hakim onun istintaqda verdiyi ifadəsini elan etdi: “Həmin vəsaitləri Akif Umudov rəisə verirdi. Mən təkcə Akifi tanımışam. Faizi gecikdirmə olmasın deyə verirdik”.

Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə müvəkkilinin adı çəkilən satınalma ilə bağlı verilən ifadələrin hamısının şablon və faktlara uyğun olmadığını bir daha məhkəmə heyətinin nəzərinə çatdırdı: 

“Satınalmanın Maliyyə və Büdcə İdarəsinə heç bir aidiyyatı olmayıb. Bu işlə Maddi-Texniki Təminat Baş İdarəsi, Satınalmalar və Təchizat İdarəsi məşğul olub. Bir müqavilə göstərin ki, orada Maliyyə Büdcə İdarəsinin adı olsun? Müqavilələrdə həmin idarələrlə bağlanıb”.

Prosesin növbəti mərhələsində hərbi hissələrdən birində maliyyə xidmət rəisi işləyən Rahib Əbdüləzimov dövlətə vurduğu 6 min manat zıyanı tam ödədiyi ilə bağlı ifadə verdi. 
Növbəti şahid, 2000-ci ildən “Bakıxanov Trikotaj” ASC-nin direktoru işləyən Rəsulov İxtiyar İzzət oğlu Müdafiə Nazirliyi ilə uzun illər müqavilə əsasında işlədiyini bildirdi: “Əsasən şarf və köynək istehsal edirik. Nazirlikdən Akif Umudov adlı şəxslə telefonla danışırdım.

O da 2019-cu ildə ödənişdə 6-7 ay gecikdirmə oldu, o zaman onun nömrəsini tapıb danışdım. Sonra gecikmə aradan qalxdı. Müqaviləni tender əsasında udurduq”. 

İbtidai istintaqda İxtiyar Rəsulovun “26 min pul Akif Umudov vasitəsilə rəisə çatacaq” kimi ifadə verdiyi məlum oldu. 

Vəkil Rəşad Mirmehdizadə isə “Bakıxanov Trikotaj” ASC ilə Müdafiə Nazirliyi arasında 2015-2022-ci illərdə ümumilikdə 6 milyon 822 min manatlıq müqavilənin olduğunu məhkəmə iştirakçılarının nəzərinə çatdırdı. 

Sonda şahid məhkəmədə verdiyi ifadəsinin düz olduğunu, ibtidai istintaqda verdiyi ifadəsini isə təsdiq etmədiyini, onun heç zaman Nizami Məmmədovla hər hansı əlaqəsinin olmadığını bildirdi. 

Məhkəmə prosesi aprel ayının 26-na kimi təxirə salındı. 

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusi ilə külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Azər İsrafilov