20-21 aprel 2024-cü il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən “Robotex Türkiyə” Milli Cempionatında çıxış edən Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrdən ibarət komandaları-“ROBOXIDE” və “A-MAZE” birinci yerin qalibi olub. 

"Unikal" xəbər verir ki, dünyanın ən böyük robototexnika yarışması olan “Robotex”in yarımfinal mərhələsində böyük uğura imza atan “ROBOXIDE” “1 Kg-Lego Sumo” kateqoriyası, “A-MAZE” isə “Maze solving” (“Labirint həlli”) kateqoriyası üzrə ilk yeri tutub. Komandalara “Robotex Türkiyə” Milli Cempionatının sertifikatları təqdim olunub.

“Robotex Türkiyə”yə dünyanın müxtəlif ölkələrindən 19 fərqli kateqoriya üzrə 400-dən çox komanda, 2500-dən artıq iştirakçı qatılıb. Qalib komandalar cari ilin noyabr ayında Estoniyada təşkil ediləcək dünya çempionatında - “Robotex International” festivalında iştirak hüququ qazanıblar. Estoniyanın eyniadlı təşkilatı tərəfindən  əsası qoyulan festival texnologiya sənayesinin liderlərini bir araya gətirməklə yanaşı, bu sahədə püxtələşmək, inkişaf etmək istəyən gənc mühəndislərə, tələbə və şagirdlərə geniş imkanlar, böyük fürsətlər verir. Qlobal miqyaslı festival elmə marağın artırılması, gənclərin mühəndislik ixtisasları üzrə təhsil almağa istiqamətləndirilməsinə xidmət edir.